Keçid linkləri

-
Moldovanın və Gürcüstanın Assosiasiya Sazişini imzalaması, Ukraynada baş verən son proseslər sözsüz ki, bütün MBD məkanında siyasətə yeni nəfəs vermək iqtidarında olan hadisələrdir.

...bu gün Azərbaycan müxalifətinin də davranışında bir ümid ovqatı hiss olunur
Təsadüfi deyil ki, bu gün Azərbaycan müxalifətinin də davranışında bir ümid ovqatı hiss olunur. Bunu ən azı onların son vaxtlar verdikləri müsahibələrdən, yazdıqları bloqlardan hiss etmək olar.

RƏNGLİ İNQİLABLAR VAXTI DA ÜMİDLƏR VARDI…

Amma cəmi bir neçə il bundan əvvəl də MDB məkanında çox ciddi proseslər olmuşdu-bir neçə ölkədə rəngli inqilablar baş vermişdi və bu hadisələr böyük beynəlxalq dəstək qazanmışdı.

O vaxt Azərbaycan müxalifəti həmin proseslərdən zərrə qədər belə olsun yararlana bilmədi-müxalifət cəmiyyəti qınadı, cəmiyyət isə müxalifəti, axırda da heç nə baş vermədi.

Ola bilsin, Ukraynanın yenidən Assosiasiya Sazişinə qayıtması Azərbaycanın da iqtidarını...
Ona görə də bu gün üçün də ciddi bir proqnoz vermək olduqca çətindir. Daha çox ehtimal olunan budur ki, ola bilsin, Ukraynanın yenidən Assosiasiya Sazişinə qayıtması Azərbaycanın da iqtidarını öz siyasi qərarına yenidən baxmağa sövq etsin.

Ona görə ki, Ukrayna faktiki olaraq MDB-dən uzaqlaşır. Baxmayaraq ki, bu ölkədə müxalifət hələ də V.Yanukoviçin Gömrük Birliyi haqda sazişi imzalaya biləcəyindən ehtiyat edir.

Amma düşünürük ki, bu, bir qədər izafi ehtiyatkarlıqdır. Müxalifətin etirazlarından və Avropa Birliyinin təmsilçiləri ilə görüşlərdən sonra V.Yanukoviç yenidən öz tərəfdarlarını meydana çıxarsa da, daha çox ehtimal olunan budur ki, o, real güc nisbətini özü üçün dəqiqləşdirə bildi və bundan sonra çətin ki, bir daha öz siyasi kursuna dəyişiklik etmiş olsun.

Cəmi iki ay bundan əvvəl bir yerdə olan, prezident seçkisində birgə iştirak edən iki əsas müxalifət partiyası...
Bu isə siyasətdə yeni səhifə deməkdir-bu səhifədə Rusiya xofuna yer yoxdur.
Üstəlik, bu yaxınlarda Avropa Parlamenti Birliklə inteqrasiyaya getdiyinə görə Rusiya tərəfindən təzyiqlərə məruz qalan ölkələri bir daha müdafiə edən sənəd qəbul etdi və Rusiyanın hərəkətlərini pislədi.

Maraqlıdır ki, bu sənəddə Azərbaycanın da adı yer almışdı. Halbuki sadələşdirilmiş viza rejimi haqda sazişi imzalamaqla İ. Əliyev heç nə ilə risk etməmişdi, ona görə ki, viza məsələsi heç də siyasi məsələ deyil, ən azı ona görə ki, Rusiya özü Avropa ölkələri ilə vizasız rejim tətbiq etmək əzmindədir.

«VƏZİFƏ» BÖLÜŞDÜRMƏKDƏN MACAL TAPSALAR…

Qayıdaq müxalifətə. Bütün proseslərin ərəfəsində Azərbaycan müxalifətinin bir qayğısı var - bu da yeni birlik formulu tapmaq, bir daha üzücü birləşmə mexanizmini işə salmaqdır.

Budur, cəmi iki ay bundan əvvəl bir yerdə olan, prezident seçkisində birgə iştirak edən iki əsas müxalifət partiyası yenidən əməkdaşlıq haqda saziş imzalamaq əzmindədir.

Bunu bəlkə də müxalifət düşərgəsində ciddi qəbul edirlər. Amma kənardakıların hamısı bir sual verir: bunlar nə edir?

Daha məntiqli cavab da budur ki, bunlar əslində heç özləri də bilmir ki, nə edirlər. İndi dövriyyəyə yeni bir siyasi tezis atılıb və müxalifət özünü həmin tezisə inandırıb. Deyirlər ki, Ukraynaya verilən dəstəyin ondan birini bizə versəydilər çox şey edərdik.

Müxalifətin işi daha çox psevdo-vəzifələri bölüşdürməkdir
Amma Ukraynaya dəstək birdən-birə verilmədi. Baxmayaraq ki, Rusiya qəzetləri Avropanı təmsil edən müxtəlif insanların V. Yanukoviçlə iyirmiyə yaxın görüşündən bəhs edirlər.

Orada da Avropa əvvəlcə daha real siyasi qüvvə ilə-hakimiyyətlə işləməyə çalışdı. Üstəlik, müxalifəti müdafiə edən ilk bəyanatlar minlərlə insan bu soyuq havalarda meydanda gecələyəndən sonra verildi. Dəstək asan qazanılmadı.

Azərbaycan müxalifəti buna bənzər bir şey edibmi? Son 20 ildə belə bir şey olmayıb-müxalifətin işi daha çox psevdo-vəzifələri bölüşdürməkdir.

ƏZİYYƏT ÇƏKMƏSƏN…

Bu son günlərdə Ukrayna müxalifətindən nə keçid dövrü hakimiyyəti haqda, nə bu mifik hakimiyyətdəki yerlər haqda, nə də birinci şəxsin kim olacağı barədə bir söz eşitdik.

İnsanlar çox səmimi şəkildə öz etirazlarını etdilər. Etiraz da bir neçə gündən sonra zəruri dəstəyini tapdı.

Niyə belə olur? Səbəb bir deyil, iki deyil. Hansını yazasan? Əvvəl cəmiyyətin özündən başlamaq lazımdır. Dəyişikliklər göydən nazil olmur, bunun üçün tər tökmək lazımdır.

Müxalifət o vaxt tanınacaq ki...
Müxalifətə gəldikdə isə, vəzifə bölgüsünə bir qədər ara versəydilər, daha yaxşı olardı. Ölkə müxalifəti yalnız seçki ərəfəsində harasa çıxır, başqa vaxt çox nadir hallarda ölkədən kənara çıxırlar.

Hər dəfə də düşünürlər ki, xaricdə bunları təmtəraqla qarşılayacaqlar. Amma qarşılamırlar. Ona görə ki, tanımırlar və müxalifət haqqında ən yaxşı halda öz səfirlərinin təlimatlarından öyrənirlər.

Müxalifət o vaxt tanınacaq ki, regional və beynəlxalq demokratik prosesə cəlb olunacaq, daha fəal olacaq.

İndi isə bunların heç biri yoxdur. Nə fəal cəmiyyət var, nə də təşkilatlandırıcı, cəmiyyətin içində olan müxalifət. Ona görə də hər şey durğunluq aşılayır, hər şey ümidsizliyə sürükləyir…

Şərhləri göstər

XS
SM
MD
LG