Keçid linkləri

Təcili xəbərlər

«Şahdəniz-2» nədən diqqət çəkir? İlham Şabanın şərhi


İlham Şaban
İlham Şaban
-
Beləliklə, illərlə şirkətlərin və Avropanın gözlədiyi «Şahdəniz» qaz-kondensat yatağının işlənməsi üzrə «Mərhələ -2» layihəsi dekabrın 17-də sanksiyalaşdırıldı. Bu layihəyə niyə belə maraq vardı və nədən o, Qərbin maraq dairəsinə bu səviyyədə daxil ola bilmişdi?

Əvvəla ondan başlayaq ki, bu heç də ayrıca bir müqavilə deyil. «Mərhələ-2» - «Şahdəniz» qaz-kondensat yatağının tammiqyaslı işlənməsinin sadəcə növbəti mərhələsidir. Necə ki, vaxtilə «Azəri-Çıraq-Günəşli» yataqları işlənərkən «ilkin neft» layihəsindən başlanıldı və sonra tammiqyaslı işlənmə mərhələsində daha 3 faza həyata keçirildi. Bu, Hasilatın Pay Bölgüsü sazişinin müddəaları çərçivəsində davam etdirilən bir layihədən başqa bir şey deyil.

Özünün ehtiyatlarına görəmi? Əlbəttə ki, yox! Azərbaycan tərəfinin hesablamalarına görə, «Şahdəniz»in qaz ehtiyatları 1.2 trln. kubmetrdir. Elə 1 trln. kubmetr qaz ehtiyatına Xəzərdə «Kaşağan» yatağı malikdir. O həcmdə və ondan da çox qaz Qazaxıstanın və Türkmənistanın qurudakı yataqlarında da var. «Mərhələ-2» layihəsi çərçivəsində isə heç 400 milyard kubmetr qazın hasil edilməsi də gözlənilmir.

Bəlkə gözlənilən kapital qoyuluşuna görə? Düzdür, «Mərhələ-2» layihəsinə 28 milyard dollar əsaslı capital qoyuluşu gözlənilir. Ancaq Xəzərdəki digər meqalayihə - «Kaşağan» yatağının ilkin fazasına artıq 43 milyard yatırım qoyulub. Orada ilk neftin hasil edilməsi mərasimi Qərb tərəfindən bu cür maraqla qarşılanmadı...

TANAP ÇOX ŞEYİ DƏYİŞDİ

Onda məntiqi sual yaranır, bəs nədən belə bir ajiotaj yaranıb Azərbaycanın bu layihəsi ətrafında?

Məsələ bundadır ki, Avropa XXI əsr başlayandan enerji təhlükəsizliyi məsələsi çərçivəsində çoxşahələndirilmiş enerjidaşıyıcılar konsepsiyasını irəli sürmüşdü. Bunun əsas məğzi öz bazarlarına alternativ mənbələrdən təhlükəsiz, uzunmüddətli və daha sərfəli qiymətlərlə enerjinin daşınmasını təmin etmək idi. O zaman, daha dəqiq desək, 2002-ci ildə «Nabucco» qaz kəməri layihəsi gündəmə gəldi. Sonradan ona paralel və alternativ olan müxtəlif layihələr də ortaya çıxdı. Ancaq bunların reallaşmasını əngəlləyən bir şey vardı – yaxın və orta perspektivdə real qaz resurslarının olmaması. «Mərhələ-2» layihəsi hazırda Avropa üçün, demək olar ki, alternativ bazardan yeganə enerji mənbəyinə çevrilmiş bir resursdur.

İkincisi, Avropa siyasətçilərinin Rusiyanın «Qazprom» şirkətinin «köpünü» almaq üçün məharətlə gündəmə gətirdikləri «Cənubi qaz dəhlizi»nin reallaşması yönümündə «Mərhələ-2» və SOCAR-ın rolu hazırda danılmazdır. Təkcə TANAP layihəsi ilə bu çox şeyi dəyişmiş oldu.

TAP Cənubi Avropaya tuşlanıb. Ancaq Azərbaycan qazının Avropaya nəqlinin elə ilk mərhələsində Şərqi Avropa ölkəsi olan Bolqarıstan ondan yaralana biləcək, hansı ki, bu gün tam Rusiya qazından asılıdır. İkinci mərhələdə isə Azərbaycan qazı Balkan ölkələrini fəth etməlidir. Heç təsadüfi deyil ki, bugünkü tədbirlərdə Balkan ölkələrindən bu qədər nümayəndə heyəti vardı. Onların əksəriyyəti isə uzun illərdi «Qazprom»dan başqa bir qaz satanla biznes qurmamışlar.

Ona görə də bu gün Bakıda belə bir təmtəraqlı mərasimə ehtiyac duyulmuşdu və Avropanın da diqqəti Azərbaycana yönəlmişdi... Xəzər deyəndə, artıq Qərbdə fikrə həqiqətən Odlar Diyarı gəlir, çünki Xəzərin enerji siyasəti buradan qaynaqlanır.

Bunlar müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG