Keçid linkləri

«Statoil» Azərbaycanda qaz layihələrindən niyə kənar qalır?


Arxiv foto. Norveçin enerji nəhəngi Statoil-un bayrağı.

Arxiv foto. Norveçin enerji nəhəngi Statoil-un bayrağı.

-
Dekabrın 18-də “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin sanksiyalaşdırılması günü Norveçin Statoil şirkətinin Oslodakı mənzil-qərargahından yaydığı rəsmi açıqlama Xəzər regionunda çalışan şirkətlər üçün əsil sürpriz oldu. Bakıda regionun yeni qaz “ƏSRİNƏ” start verildiyi gün BP-dən sonra aktivliyinə görə ikinci hesab edilən şirkət birdən birə qaz sektorunu tərk etməsi haqda məlumat yayır.

Bəli, təəccüblənməyin… bu, faktiki olaraq Statoil şirkətinin Azərbaycandakı qaz layihələrini yaxın və orta dövrdə tərk etməsinə hazırlıqdan başqa bir şey deyildir! Əgər belə olmasaydı, onda Statoil kimi onillikllər boyu gələcəyi proqnoz edən bir şirkət əvvəlcə TANAP layihəsinə qoşulmaqdan imtina edərdimi, sonradan isə ehmalca bəyan edərdimi ki, Transadriatik boru xəttində (TAP) bundan sonra investor (sərmayəçi) qismində iştirak etməyəcək. “Şahdəniz” və Cənubi Qafqaz Boru kəmərlərindəki payını isə 25,5%-dən 15,5%-dək azaldır.

Bəlkə Statoil TANAP layihəsinin qiymətinin artımına görə belə qərar qəbul edib? Belə ki, əvvəllər bu kəmərin 7-8 milyar dollara başa gələcəyi söylənilirdi. İndi isə real qiymətin 10 milyard dolları ötəcəyi bildirilir.

Ancaq bu, ağlabatan səbəb deyil. Əgər bu məntiqlə yanaşsaq, onda Statoil nədən TAP-ı tərk etmək qərarına gəldı? Axı TAP konsorsiumu yaranandan onun aktiv iştirakçısı məhz Norveç şirkəti idi və onun burada aktivləri kifayət qədər böyük idi. Məgər Statoil bilmirdi ki, boru kəməri, özü də dənizin dibi ilə çəkilən boru xətti nə qədər sərmayə tələb edir? Təbii ki, bilirdi.

İkincisi, “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsinin ilkin qiyməti 2008-ci ildən bəlli idi. Artıq 2011-ci ildə onun 25 milyard olması gündəmdə idi. Yəni Statoil üçün son 6 ay ərzində xərcləmələrlə bağlı layihələrdə heç bir qeyri-adi hadisə baş verməyib.

Bəs onda nə vadar edib ki, Statoil Xəzərdə ən miqyaslı, Xəzərin 1 nömrəli qaz yatağındakı payını 40% azaltsın və 2 perspektivli infrastruktur layihədən isə imtina etsin?

Rəsmi açıqlamada bir məqam var: Statoil şirkətinin icraçı direktoru Helge Lunda bunu şirkətin sərmayə portfelinin optimallaşdırılması kimi qoymətləndirir.
Mərhələ-2 layihəsinin imzalanma mərasimi, Bakı 17 dekabr 2013

Mərhələ-2 layihəsinin imzalanma mərasimi, Bakı 17 dekabr 2013


Ancaq reallıq tam başqa şeyləri deyir.

Həqiqət bundadır ki, “Şahdəniz” yatağının işlənməsi üzrə əməliyyat şirkəti yaranarkən (BP Exploration Shahdeniz Ltd.), burada BP və Statoil şirkətlərinin hər ikisinin (25.5%) eyni paya malik olduqlarını nəzərə alıb, BP şirkəti texniki operator Statoil isə kommersiya operatoru oldu. (Əslində heç BP-nin də qaz hasilatı ilə bağlı o zamana qədər böyük təcrübəsi yox idi və sınaq elə “Şahdəniz”dən başladı. İlk mərhələdə - 2006-2007-ci illərdə - stabil qaz hasilatına çıxmaq heç də asan olmadı - Caspian Barrel.)

BP qazı çıxarmalı və nəql etməli, Statoil isə onun satışı ilə məşğul olmalı idi.

Sonrakı dövr göstərdi ki, Statoil kommersiya operatoru kimi öz vəzifəsinin öhdəsindən heç də lazımi səviyyədə gələ bilmir. Onun Azərbaycan qazının Türkiyə bazarında satış həcmlərinin və qiymətin artırılması ilə bağlı butun cəhdləri uğursuz oldu. Bu şirkət özünü elə aparırdı ki, sanki təkcə bağlanılan müqavilə şərtlərinə görə qaz biznesini inkişaf etdirmək olar.

Ona görə də artıq 2008-ci ildən - “Mərhələ-2” layihəsinin danışıqları başlayarkən bütün təşəbbüs Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) əlinə keçdi və... sonda “Şahdəniz”in “Mərhələ-2” layihəsinin sanksiyalaşdırılma sənədləri hazırlaşarkən artıq SOCAR-ın kommersiya operatorluğunun hüquqi təsdiqi ortaya gəlmişdi.

Bəli, SOCAR artıq bu cür nəhəng layihənin – Azerbaijan Gas Supply Company-nin (Şahdəniz qazının satışını həyata keçirən şirkət) kommersiya operatorudur. Onda Statoil fikirləşdi ki, artıq kapitalyönümlü layihələrdə qalmağın mənası nədir....

Bununla da Statoil-in Xəzərdəki passiv qaz əməliyyatları yavaş-yavaş sona çatır.

İlham Şaban
Neft Araşdırmaları Mərkəzi Caspian Barrel-in rəhbəri


Bunlar müəllifin şəxsi mülahizələridir.
Mövzu ilə bağlı sən də fikirlərini aşağıdakı forumda bölüş.

Şərhləri göstər

XS
SM
MD
LG