Keçid linkləri

İctimai Palata - Milli Şura dolanbacı


Arxiv foto - AXCP və Musvat partiyasının lidelrəri Əli Kərimli (solda) və İsa Qəmbər (sağda), 21 iyun 2012

Arxiv foto - AXCP və Musvat partiyasının lidelrəri Əli Kərimli (solda) və İsa Qəmbər (sağda), 21 iyun 2012

-


SİYASƏTƏ OXŞAYIR DA, OXŞAMIR DA…

Getdikcə bu ölkədə baş verənləri siyasət adlandırmaq da çətinləşir-hakimiyyətdəkilər üçün az qala hər saatın maddi ekvivalenti var, müxalifət isə həm özünün ağır maliyyə durumunu yüngülləşdirməyi arzulayır, həm də gündə bir yeni birlik formulu düşünməklə siyasi gündəmdə qalmağa cəhd edir.

Əslində bu ölkədə «Müxalifət niyə belədir?» sualı üzərində baş sındırmağa dəyməz. O, ona görə belədir ki, bu ölkədə belə bir hakimiyyət var. Elə bir hakimiyyət ki, onun iddialarını sözlə ifadə etmək olduqca çətindir, hətta özləri də buna cəhd edəndə təvazökar bir şey alınmır…

Müxalifətin vəziyyətini isə bir cümlə ilə ifadə etməyə çalışsaq, çox sadə siyasi formul alınar – müxalifət yenə də fəaliyyət böhranı keçirir…

Məğlubiyyətdən sonra həmişə böhran gəlir. Buna seçki məğlubiyyəti deməzdik, ona görə ki, müxalifət özünün iddia etdiyi kimi, seçkini uduzmur, o, sadəcə, növbəti seçki saxtakarlığının qarşısını ala bilmir.

MƏĞLUBİYYƏTİN BAŞQA ADI OLMUR…

Məsələ də bundadır. Onların fikrincə, seçkidə məğlub olmaq bir şeydir, onun saxtalaşdırılmasının qarşısını ala bilməmək başqa şey. Ona görə də «Müxalifət ölkədəki vəziyyəti dəyişə bilmir» - desək, onları da qane etmək iqtidarında olan daha dürüst, daha doğru ifadə forması tapmış olarıq.

Seçkidən məğlub çıxan partiyalar adətən özlərini, strukturlarını, rəhbər orqanlarını bir daha təftiş edirlər.

Müxalifət bu mərhələyə gəlib çıxa bilmir. Ona görə ki, «Uduzduq!» deməyə heç kimin dili gəlmir.

Amma siyasi oyun bütün hallarda uduzulub. Ona görə ki, bir az əvvəldə deyildiyi kimi, ən azı müxalifət ölkədəki siyasi vəziyyəti dəyişə, seçkilərə onların həqiqi mahiyyətini qaytara bilmir. Elə bu səbəbdən də istər seçkini uduz, istərsə də onun saxtalaşdırılmasının qarşısını ala bilmə-bunun hamısı siyasi məğlubiyyətdir.

Düzdür, ortalıqda bir «mənəvi qələbə» söhbəti var. Amma kim onun fərqindədir? Getdikcə o, müxalifətçilərin özlərini də qane etmir.

DÖYÜŞDƏN QALALAR, SEÇKİDƏN BİRLİKLƏR QALIR…

İndi müxalifətin bir il ərzində ərsəyə gətirdiyi iki böyük təşkilat - İctimai Palata və bir də Milli Şura problem kimi gündəmi zəbt edib.
bu ölkədə «Müxalifət niyə belədir?» sualı üzərində baş sındırmağa dəyməz. O, ona görə belədir ki, bu ölkədə belə bir hakimiyyət var. Elə bir hakimiyyət ki, onun iddialarını sözlə ifadə etmək olduqca çətindir, hətta özləri də buna cəhd edəndə təvazökar bir şey alınmır…

Siyasi yazarlar nə qədər çalışsalar da, onlardan yan keçə bilmirlər. O mənada yox ki, bu təşkilatlar müstəsna əhəmiyyətli qurumlardır. Yox. Daha çox o mənada ki, söz ehtiyatı da tükənmək üzrədir, müxalifət özünün bir müddətdən sonra ərsəyə gələ biləcək növbəti təşkilatına artıq yeni ad, abreviatura fikirləşməkdə də acizdir.

Əslində birlik formulunu İctimai Palatada da dayandırmaq olardı.
Bu struktur həm vahid namizəd müəyyən etmək, həm də fəaliyyət üçün yetərli idi.

Seçki vaxtı adətən qurumlar yaradır, sonra da onların namizədini müəyyən edirlər. Amma bu dəfə tərsinə etmək olardı - əvvəlcə namizəd müəyyən edilərdi, sonra da həmin namizəd özü üçün seçki bloku yaradardı və hamı da görərdi ki, kim öz ətrafında daha çox adam və partiya birləşdirə bilir?

HƏRƏNİN BİR PARTİYASI OLSAYDI…

Əslində Milli Şura R. İbrahimbəyovla birləşmək üçün yaradılmışdı. Hələ o vaxt yazmışdıq ki, bir nəfərə görə hazır birlik formulu olduğu halda, müxalifət yeni formul fikirləşmək məcburiyyətində qalıb.

Halbuki R. İbrahimbəyov öz ziyalı qurumu ilə o vaxt İctimai Palata ilə də birləşə bilərdi. Təzə ad fikirləşməyə də ehtiyac qalmazdı.

Nə isə. Yeni birlik zəruri oldu. Amma nə R. İbrahimbəyov namizəd ola bildi, nə də müxalifət onun qurumundan müsbət impuls aldı. Hər şey yenə də öz dövrəsinə qayıtdı.

İndi də İctimai Palata ən azı ona görə qala bilərdi ki, parlament seçkisi ərəfəsində onsuz da yenə birləşmək lazım gələcək.

Buna ona görə əminik ki, birləşmək-ayrılmaq məsələlərini gündəmdən çıxarsan müxalifətin fəaliyyət planı ağ səhifəyə çevrilər. Elə bu səbəbdən hazır strukturu dağıtmağın mənası varmı?

Həm də etiraf etmək lazımdır ki, hansısa müxalif birlikdən söz düşəndə hamı dərhal Müsavatla AXCP-ni xatırlayır.
Cəmiyyətlə canlı təmaslar, özünü hiss etdirmək üçün daha çox dinc siyasi aksiyalar, proseslərə operativ münasibət –yalnız bunlar müxalifətin marginallaşma prosesinin qarşısını ala bilər.

Faktiki olaraq bu qurumlar bütün müxalifət birliklərinin nüvəsini təşkil edir.
Əgər hazırda belə nüvə varsa, onu bir daha dağıdıb yenidən bərpa etməyə lüzum varmı?

O ki qaldı Milli Şuraya, elə o da indi faktiki olaraq İctimai Palatadan ibarət deyilmi?

Yox, əgər bu, da alınmırsa, onda onun da üzərində israr etməyə dəyməz. Vaxtı sərf etmək üçün daha səmərəli işlər tapmaq olardı.

Müxalifət indi demək olar ki, marginal siyasi qrupa çevrilib. Bunu etiraf etmək zorundayıq.

Hətta ən populist şüarlar belə onların getdikcə sönükləşən aksiyalarını canlandırmaq iqtidarında deyil.

Cəmiyyətlə canlı təmaslar, özünü hiss etdirmək üçün daha çox dinc siyasi aksiyalar, proseslərə operativ münasibət –yalnız bunlar müxalifətin marginallaşma prosesinin qarşısını ala bilər. Amma onlar bunun fərqindədirmi?..

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
Aşağıdakı foruma sən də fikirlərini yaza bilərsən.

Şərhləri göstər

XS
SM
MD
LG