Keçid linkləri

Təcili xəbərlər

R.T.Erdoğan-ın sayılı günləri


Recep Tayyip Erdoğan
Recep Tayyip Erdoğan
-
Türkiyədə elə proseslər baş verir ki, onların cazibəsindən sovuşmaq olmur. Bu proseslər hələ də təəccübləndirməkdə, bir az da narahat etməkdədir. Bəlkə də 11 illik siyasi triumf dövründə R.T. Erdoğan belə halla qarşılaşmamışdı. Bunun yanında bu il «Gəzi parkı»nda baş verənlər də bir heçdir.

Doğrudan da möhtəşəm hadisədir. Bizim üçün bu hadisələr tamam başqa aspektdən maraqlı oldu. Bir daha əmin olduq ki, siyasətçilərə inanmaq olmaz, onları daim ictimai nəzarətin fokusunda saxlamaq lazımdır.

Demokratik ölkədə, daim medianın və müxalifətin nəzarəti altında olan bir dövlətdə siyasət və işadamları bu qədər korrupsiyaya qurşana bilirsə, onda avtoritar ölkələrin vəziyyətini təsəvvür etmək olduqca çətindir. Etiraf edirik ki, bunu təsəvvür edə də bilmirik.

Çox güman ki, bu vaxta qədər elə Azərbaycanda da «ataların gül balaları» haqqında, onların işi-peşəsi və «hobbi»si haqqında deyilənlər, yazılanlar bir heçdir, dəryadan bir damladır. Burada adam bir daha özü üçün yəqinləşdirir ki, həqiqətən də korrupsiya aysberqinin görünməyən hissəsi onun görünən hissəsindən qat-qat böyükdür.

İndi Türkiyədə siyasətə ən təmiz adla gələnlər hətta öz sələflərinin ağlına gəlməyən biabırçılıqla siyasətdən getmək ərəfəsindədirlər.

Onlar da əvvəlki siyasətçiləri çox şeydə ittiham etdilər. Amma doğru-dürüst bir dəlil qoya bilmədilər ortalığa. Adam fikirləşir ki, məsələn, nə vaxtsa Azərbaycanda belə bir qalmaqal yaşana bilərmi?

SİYASİ PARODİYA, YOXSA…

Böyük ehtimalla azərbaycanlı siyasətçilər nəinki Türkiyə siyasətçilərindən geridə deyillər, hətta bəlkə də onları bir neçə dəfə üstələyirlər.

Azərbaycanda da «böyük siyasi qalmaqal»lar yaratmağa cəhd ediblər. Hətta böyük mənimsəmələr, böyük məsrəflər üzə çıxardıqlarını da iddia ediblər.

Recep Tayyip Erdoğan-ın oğlu Bilal Erdoğan-ın toy mərasimi. İtaliya baş naziri Silvio Berlusconi məclisdə şəxsən iştirak edir – 10 avqust 2003.
Recep Tayyip Erdoğan-ın oğlu Bilal Erdoğan-ın toy mərasimi. İtaliya baş naziri Silvio Berlusconi məclisdə şəxsən iştirak edir – 10 avqust 2003.
Amma belə tamaşalar arzu edilən effekti verməyib. Ona görə ki, bu, sadəcə, oyun olub. Kimisə cəzalandırmaq üçün digər korrupsionerlər bütün problemləri bir-iki aşağı ranqlı korrupsionerin adına yazmağa cəhd ediblər.

Burada adamın yadına bir əsərdən kiçik bir epizod düşür. Balıqçı tilovuna düşən xırda balıqları geri atır və onlara «Get, valideynin gəlsin!»-deyir.

Korrupsiyanı da bir sənətə, peşəyə və elmə bənzətsək, bu peşənin, bu elmin sözün əsl mənasında ataları var. Ümid edirik ki, ədalət, hüquq və qanun bir gün onların da qapısını döyəcək.

Bəli, ümid edirik. Ona görə ki, Azərbaycandakı böyük həqiqətləri yalnız bu ölkədə hakimiyyətdə olanların siyasi qürubundan sonra bilmək mümkün ola bilər.

Fikriniz Türkiyəyə getməsin. Hər şey bir tərəfə. Azərbaycan məmurlarının kürsüyə görə başçılarına minnətdarlıq hissi çox böyükdür. O qədər böyükdür ki, onların öz şeflərinə qarşı baş qaldıracağını və yaxud da buna azacıq cəhd edənlərin başlarının yerində qalacağını düşünmək fantastika kimi bir şey olar.

Burada yalnız epizodik siyasi intriqalar ola bilər. Hansısa yüksəkçinli məmuru «vururlarsa» düşünməyin ki, bu, böyük bir siyasi və ictimai prosesin ərəfəsidir. Yox, bu, sadəcə, adi siyasi intriqadır…

FEMİDA R.T. ERDOĞAN-A DOĞRU İRƏLİLƏYİR?

Qayıdaq Türkiyəyə. Bu proseslərin başqa cəhətinə də diqqəti yönəltmək istərdik. Şərq ölkələrinin çoxunda dini-mənəvi siyasi örtüklər altında hakimiyyətə gəlmək, dinlə pərdələnmək istəyi çox güclüdür.
AKP-nin qurultayı
AKP-nin qurultayı

Bir çox siyasi qüvvələr belə örtükdən yararlanmağa cəhd edirlər. Adamlar da bir ara elə düşünürdülər ki, onlara ən yaxın olan məhz bu siyasi qüvvələrdir.

AKP də belə siyasi qüvvə idi. Amma adı elə qalmaqalda hallandı ki, əvvəlki qərbçi, liberal qüvvələrin bu, heç yuxularına da girməzdi.

Ona görə də siyasətçilərin göz yaşlarına inanmaq olmaz. Necə ki, indi Ankara onların göz yaşlarına inanmır…

Burada uzağa gedən siyasi nəticə çıxarmaq istəməzdik. Mümkündür ki, R.T. Erdoğan bu həmləni də özündən uzaqlaşdıracaq.

Amma baş nazir çox ciddi zərbə aldı. İnanmırıq ki, seçkilərə qədər o, zərbədən özünə gələ bilsin.

Artıq onun iki oğluna qarşı da ittiham irəli sürülüb. Bu, o deməkdir ki, Femida R.T. Erdoğan-ın özünə doğru addımlayır. Bu ittihamlar təsdiqlənsə, R.T. Erdoğan öz nazirləri kimi istefa vermək məcburiyyətində qalmayacaqmı?

Partiya nizamnaməsi ona növbəti dəfə baş nazir olmağa imkan vermirdi. Onun yolu prezidentliyə doğru gedirdi. Amma bu yol artıq qırılıb. Əgər R.T.Erdoğan belə qalmaqaldan sonra prezident ola bilsə, onda bir çıxış yolu qalır: etiraf etmək lazım gələcək ki, timsahlar həqiqətən də uçur. Elə bir lətifədə deyildiyi kimi, onlar uçurlar, amma bir az aşağıdan uçurlar…

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG