Keçid linkləri

-
Bu ilin sənaye ili olacağını irəlicədən bilsəydik yeni il ərəfəsində dostlara və tanışlara yeni iliniz yox, yeni sənaye iliniz mübarək deyərdik.

Bəli, İ.Əliyevin heç bir təşəbbüsü bu qədər ironiya doğurmamışdı. Ona görə ki, Azərbaycanın əsasən aqrar və xammal ölkəsi olması faktı ilə demək olar ki, artıq hamı barışıb.

Sənaye az-çox neft sektorunda mövcuddur, bu sektorda da yaxın vaxtlarda on minlərlə işçinin ixtisar olunacağı gözlənir. Təbii ki, bu adamların hamısı başqa bir istiqamətə deyil, məhz ticarət və aqrar sektoruna üz tutacaq.

Hökumət bu yaxınlara qədər sənaye sektorundan ən çox müdafiə sənayesini və bir də informasiya texnologiyaları sənayesini inkişaf etdirməyə çalışıb. Bu cəhdin nəticələri də iqtisadi tədqiqatlarda bir o qədər də təqdir olunmur.

Ona görə ki, hər iki sahə özünün inkişafı üçün yüksək texnologiya və yüksək əmək vərdişləri tələb edir.

Təbii ki, sənayeyə istiqamət götürüləndə hamı öncə bunun müsbət tərəflərinin görməyə çalışdı.

Sənaye nədir? Bu, elmi tutumlu iqtisadiyyat sektorudur. Deməli, bu, həm də ölkə elminin inkişafı deməkdir.

Sənaye həm də texniki sahə, peşə deməkdir. Sovetlərin süqutundan sonra ən çox ziyan çəkən mühəndis-texnik korpusu olmuşdu-zavodlar dayandı, minlərlə mühəndis ya işsiz qaldı, ya da ki, öz profilini dəyişdi. Ona görə də sənayenin inkişafı haqda söhbətlər bu adamların yenidən öz profilinə uyğun sahələrə qayıtması ümidini yaratdı.

Amma bu vaxta qədər bununla bağlı hansısa sanballı bir proqram yoxdur və irimiqyaslı siyasət müşahidə olunmur.

Ona görə də sənaye ilində daha çox qaz ixracı infrastrukturunun inkişaf etdiriləcəyi və qurulacağı güman edilir, çünki ötən il Azərbaycan qazının Avropaya ixracı ilə bağlı layihənin ikinci mərhələsinə aid sənədlər imzalandı.

UÇDU GÖYLƏRƏ BİZİM PEYKİMİZ...

Başqa bir sahə informasiya texnologiyaları sahəsidir. Azərbaycan peyki az qala bir nömrəli dövlət siyasətinə çevrilmişdi. Bu da baş tutdu. Amma əvəzində nə baş verdi?
Azərbaycan peyki az qala bir nömrəli dövlət siyasətinə çevrilmişdi.

Azərbaycan peyki az qala bir nömrəli dövlət siyasətinə çevrilmişdi.

Əvvəllər deyirdilər ki, peykin orbitə qaldırılmasından sonra daha evlərdə quraşdırılan kabel televiziyasına və peyk antenalarına ehtiyac qalmayacaq. Amma indi bütün xarici kanallar bağlanıb.

Deyirlər ki, xarici kanallara baxmaq üçün ayda 9 manat ödəmək və təxminən 40-50 manata xüsusi qurğu almaq lazım gələcək.

Bəzi məlumatlara görə, hökumətin bu xidməti həyata keçirəcək xüsusi özəl struktur yaradacağı və onu yüksək hakimiyyət eşelonunun təmsilçilərindən birinə həvalə edəcəyi gözlənir.

Ən maraqlısı nədir? Azərbaycanın ABŞ-dakı səfirinin bu yaxınlarda dərc olunmuş yazısında deyilir ki, «ölkə gəlhagəl yaşayır, neftdən gələn gəlirlər ölkənin ən kasıb əhalisinin ehtiyaclarına yönəlir».

Budur, kasıb əhalinin də peykdən müəyyən umacaqları vardı. Amma hakim siyasi elita onu da özünün biznesinə çevirmək istəyir. Bu ölkədə hələ ki əmtəə kimi formalaşmayan bir şey qalıb - o da havadır...

Üstəlik, hər il qəbul edilən büdcəni də sosialyönümlü büdcə adlandırırlar. Faktiki olaraq «sosial» sözü də bir modaya çevrilib, necə ki, oliqarxların idarə etdiyi Rusiyanı V.Putin «solçu ölkə» adlandırır.

ÇÖRƏK VƏ İŞ OLACAQMI?

Bir də insanlar daha çox iş arzusundadırlar. Təbii ki, böyük qaz layihəsi işə düşərsə əyalətlərdə yaşayan insanların bir hissəsi elə Bakı-Ceyhan layihəsində olduğu kimi müvəqqəti işlə təmin olunacaqlar.

Elə hakimiyyətin də bu ili sənaye ili elan etməsində əsas siyasət bununla bağlıdır. Bir qədər əvvəl qeyd etdiyimiz kimi, başqa bir böyük layihə nəzərə çarpmır.
Sənaye mövsümü xarakterli sahə deyil. Amma neft və qaz layihələri daha çox mövsümi xarakterlidir.

Hər halda hamı, xüsusən də iş arzusunda olan insanlar istərdi ki, İ.Əliyevin yeni təşəbbüsü təkcə ironiya üçün predmet olmasın. Amma tək Azərbaycan üçün deyil, əksər keçmiş sovet ölkələri üçün sənaye bir uzaq xatirə kimi qalıb.

Keçmiş xatirələr şirin olur, amma onlar bir qayda olaraq qayıtmır...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG