Keçid linkləri

-
RUSLAR MÜHARİBƏ İSTƏYİRMİ?

Bir rusiyalı publisistin bu xüsusda yazısı olmasaydı da bu mövzuya müraciət edəcəkdik. Hətta biz etməsəydik belə, çox güman ki, başqaları bu haqda nəsə yazacaqdı...

Həqiqətən də adamı təəccübləndirəcək dərəcədə mülayim keçən bu yanvar günlərində Rusiyanı necə xatırlamayasan?..

Yaxşı yadımdadır, 1990-cı ildə 20 Yanvardan sonra, beynimdən elə hey bir rus mahnısının sözləri keçirdi: “Ruslar müharibə istəyirmi?..”

...unuda bilmərəm, di gəl, bağışlaya bilərəm...
Sonradan 20 Yanvarla bağlı qısameterajlı sənədli film çəkdilər, bütün filmi bu mahnı müşayiət edirdi və onu çox yaxşı da tamamlayırdı.

İndi o vaxtdan 24 il keçir. Unudulan şeylər də var, unudulmayanlar da. Burada adamın yadına N.Mandelanın bir fikri düşür.

O, deyirdi ki, unuda bilmərəm, di gəl, bağışlaya bilərəm... Biz də unuda bilmədik, amma bağışladıq. Çətin ki, bu gün kimsə ürəyində Rusiyaya qarşı bir kin bəsləsin. Amma sevirlərmi?

Bax, bunu bilmirik. Bəzən ifrata varmaq insanlara xoş gəlir. Bu yaxınlarda çox kateqorik bir fikir eşitdik: ”Ruslar Azərbaycana heç bir mədəniyyət-filan gətirməyiblər!”. Düz deyilibmi? Güman etmirik.

Gətirdilər. Söhbət ondan getmir ki, onlar bizim məişətimizi dəyişdilər, bizi ağaclardan düşürüb ayaqları üstə yeriməyi öyrətdilər. Yox. Amma məişətdə də onların izi qalır. Hələ də “Simovara od salmışam, istəkana qənd salmışam...” –deyə oxuyan bizlər deyilikmi?

Dövlət adamlarının arzusu rus əsgərini Hind okeanı sahilində görmək olub...
Amma burada söhbət müharibə haqda başlamışdı, əvvəl gərək o, fikri tamamlayaq. Bəli, ruslar müharibə istəmirdi. Amma təkcə bir əsrdə onların sorağı haradan gəlməyib? Yaponiyadan, Monqolustan düzlərindən, Fin torpağından, Macarıstandan, Çexoslovakiyadan, Əfqanıstandan, Pribaltikadan, Gürcüstandan...

Müharibə istəyirdilərmi? Bəlkə də ruslar istəmirdi, amma onların siyasət və dövlət adamlarının arzusu rus əsgərini Hind okeanı sahilində görmək olub...

Bəli, Rusiyanın idarəşlik formaları ilə bağlı bu ölkədə müxtəlif cür düşünən var. Amma “böyük Rusiya” məsəsləsində fərqli fikirlə rastlaşmaq, fərqli bir fikir oxumaq bizə qismət olmadı...

RUS ƏSGƏRİ OLMAYAN YERDƏ...

Doğrudanmı, bu ölkəni heç sevən yoxdur? Nə qədər qəribə olsa da, bir-iki post-sosialist ölkəsində olandan sonra gördük ki, bütün baş verənlərə rəğmən onlar Rusiyanı daha az sevirlər.

Mədəniyyət tək siyasətlə məhdudlaşmır
Ona görə də qətiyyətlə demək olar ki, bu ölkəni o yerlərdə sevirlər ki, orada rus əsgəri olmayıb. O, rus əsgəri ki, on illərlə bizə xilaskar kimi təqdim edilmişdi, o rus əsgəri ki, guya öz həyatı ilə risk edərək alman uşağını odun-alovun içindən çıxarmışdı...

Amma mədəniyyət tək siyasətlə məhdudlaşmır. Bəli, Tolstoy olub, Dostoyevski olub, Chekhov olub... Onlar deyə bilmərəm ki, sevilir, amma çox böyük maraqla qarşılanır.

Rus mədəniyətini maqarlı edən nədir? Onun ekzotikası. Bu mədəniyyətdə instinktlərə daha çox meydan verilir. Bu mədəniyyət instinktlərin, hisslərin sərbəstləşdiyi, ibtidai bir mədəniyyətdir...

Məsələn, həmişə fikirləşmişəm ki, “Lolita”nı yalnız rus yaza bilərdi. Bəlkə də “babasının qarnına kəllə vurmasından” (M.Gorky), oğulun atanı öldürməsindən (F.Dostoyevski) belə asanlıqla yalnız rus yazıçısı yaza bilərdi.

Latın Amerikası ədəbiyyatı da bu qədər maraqlıdır. Bəlkə də latın Amerikası ölkələrinin özlərinin rəngarəngliyinin nəticəsidir bu?

QONŞU QONŞUNUN YAXŞI GÜNÜNÜ İSTƏYİRMİ?

Ruslar öz ətraflarına “yaxın xaric” deyirlər. Bu arealın siyasətində belə deyil. Buna yüz faiz əminəm- Rusiya öz qonşularının, qonşuları da Rusiyanın yaxşı gününü arzulamır...

Rusiya qonşularına ona görə yaxşı gün arzulamır ki, bulanıq suda balıq tutmaq daha asandır...

Qonşuları da Rusiyanın yaxşı gününü ona görə istəmir ki, bu ölkənin başı özünə qarışanda hamının işi daha yaxşı gedir...

Ruslar hələ də özləri bir suala cavab verə bilməyiblər
Səmimi şəkildə desək, neçə illərdir ki, Rusiyanın başının özünə qarışmasını gözləyirik ki, bəlkə Qarabağ problemində bir qədər irəliləyiş ola. Demirik ki, Rusiyanın başı qarışan kimi Qarabağa hücum edəcəyik. Yox. Düşünürük ki, belə vəziyyətdə digər ölkələr daha obyektiv ola bilərlər.

Əminik ki, Gürcüstanda da belə düşünürlər. Öz ərazisində Çeçenistanı od və alov içində susduran (?) Rusiya başqa yerlərdə özünü kiçik xalqların xilaskarı kimi təqdim edir. Amma kimi kimdən xilas edirlər?

Bax, elə buna görə də qonşuları Rusiyanı sevmir. Ona görə ki, ruslar hələ də özləri bir suala cavab verə bilməyiblər: “Ruslar müharibə istəyirmi?”.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG