Keçid linkləri

-
Tarixin elə anları olur ki, adam hətta o anda olmayanları belə ora aid edir ki, həmin an daha möhtəşəm olsun. Bu mənada 20 Yanvar da istisna deyil. Bizim üçün iki Yanvar olub: gördüyümüz və eşitdiyimiz 20 Yanvar.
Bir Yanvar vardı ki, o, bir yol idi. Biz hamımız ona doğru gedirdik, ürəyimizdə fatal, pessimist duyğuları boğmağa çalışsaq da bilirdik ki, bu qısa yolun sonunda nəsə olacaq.

Cavab vermək üçün vacib deyil ki, sən özün də nəsə edəsən. Bəzən hamını fatal sonluğa çəkib aparanlar da olur.

Eşitdiyimiz Yanvar günahsız idi, məsum idi. Az qala belə təsəvvür yaranırdı ki, sovet tankları bizi evimizdə, çarpayımızın yanında haqlamışdı. Amma belə idimi?

O MÜDHİŞ GECƏ...

O Yanvar günlərində hər gün mitinqlərə gedirdim. Mən bilirdim, hiss edirdim ki, bu günlər bizi bir məchulluğa doğru sürükləyir. Amma maraq da məni rahat buraxmırdı.
İndi yazacaqlarımı heç vaxt, heç yerdə yazmamışam. 19 Yanvarda bizi aeroport yoluna göndərmişdilər. Adam çox idi. Çoxu da gənclər idi. Bizim yataqxana ora yaxın idi. Ona görə də çoxunu gəlib evdən çağırıb aparmışdılar.
Kiçik bir «barrikada» da qurulmuşdu - bir neçə maşın yolu kəsmişdi.

Əvvəl bir ruh yüksəkliyi vardı. Hamı deyirdi ki, bu yoldan gəlsələr şəhərə buraxmayacağıq, lazım gəlsə, yolun üstünə uzanacağıq.
Haradan idi belə nikbinlik? Birincisi, bir neçə gün idi ki, mitinqlər gedirdi. Bu mitinqlərdə çox pafoslu sözlər deyirdilər, hamı da bunlara inanırdı.

İkincisi, bundan əvvəl Vilnüs, Tbilisi hadisələri olmuşdu. Adamlar düşünürdü ki, sovet hakimiyyəti bir daha həmin hadisələri təkrar etməz, silahsız adamlara güllə atmaz...
Qərəz, hamı kimi biz də gözləyirdik. Bir az keçdi, gördük heç bir xəbər-ətər yoxdur. Bir-iki nəfər mərkəzə yollandı. Yaman intizardaydıq. O vaxt da indiki kimi mobil telefon-filan yox idi. Əlaqə yalnız adamlarla idi.

Bir-iki saatdan sonra mərkəzə gedənlər qayıtdı. Çox həyəcanlı idilər-qoşun şəhərə girmişdi, artıq tələfat vardı... Bunu eşidəndə adamlar arasına çaxnaşma düşdü. Birinci maşınla gələnlər tez aradan çıxdılar. Sonra adamlar bir-bir dağılışmağa başladılar.

Axırda vur-tur bir neçə gənc qaldı. Biz evə getmək istəmirdik. Heç indi özüm də bilmirəm ki, o vaxt nəyi gözləyirdik? Deməli, səhərə qədər gözlədik. Bizim durduğumuz yerdən xoşbəxtlikdən qoşun keçmədi...

Bunları niyə xatırlayıram? Biz indi qəhrəmanlıqdan danışırıq... Amma 20 Yanvarda ölənlər daha çox günahsız qurbanlar idi. Bu, onların şücaətini və statusunu qətiyyən azaltmır. Mən biləni o vaxt heç bir müqavimət-filan da olmamışdı.

Müqavimət məsələsi belə idi ki, silahsız adamlar yolları kəsmişdi və hamı düşünürdü ki, sovet ordusu öz silahsız vətəndaşlarına atəş açmaz. Bizə sovet əsgərini xilaskar, odun-alovun içindən öz həyatı ilə risk edərək alman uşağını xilas edən bir əsgər kimi tanıtmışdılar.

ÖZÜNÜNKÜLƏR VƏ ÖZGƏLƏR

Həm də sovet ordusu nə idi? Bizim özümüzün, qardaşlarımızın, qohumlarımızın xidmət etdiyi bir ordu. Mümkün idimi ki, bu ordu silahsız insanlara güllə atsın? Amma atdılar - ona görə ki, bundan əvvəl Macarıstan, Çexoslovakiya, Əfqanıstan, Vilnüs, Tbilisi olmuşdu. Bu siyahıya daha bir şəhərin adının artırılması sovet rəhbərləri üçün heç bir problem deyildi - onlar çox asanlıqla, sakitcə Bakıda qırğın törətdilər...

İllər keçəcəkdi və bundan sonra hələ Çeçenistan, bir daha Gürcüstan olacaqdı.
Biz o vaxt başa düşəcəkdik ki, ordu, xüsusən də sovet ordusu həm də öldürmək üçündür, təkcə müdafiə etmək üçün deyil. Daha doğrusu, müdafiə etmək üçündür, amma özününküləri. Üstəlik, özününkülər də şərti məna kəsb edirdi - o vaxt bir anın içində ögeyə çevrilmək elə də çətin məsələ deyildi...

O VAXT VƏ İNDİ DEYİLƏNLƏR...

O vaxtdan 24 il keçib. Bu illər ərzində o dövrün qəhrəmanları, «liderləri» çox danışıblar. Amma biz onların o vaxt danışdıqlarını da eşitmişdik. İndi elə danışırlar ki, sanki insanları o günlərdə heç kim idarə etmirdi, onlar spontan şəkildə şəhərin küçələrinə səpələnmişdilər. Belə idimi?..

O günlərin üzərinə zərrə qədər olsun belə kölgə salmaq istəməzdik. O vaxt adama elə gəlirdi ki, şəhərdə bir kabus dolaşırdı. Bəli, ölüm kabusuna bənzər bir kabus.
Hamı bilirdi ki, bu yol harasa məchulluğa aparır. Amma hamı da gedirdi...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG