Keçid linkləri

-
NƏ TƏMİZ MÜHAFİZƏKARLIQ, NƏ DƏ...

O düzdür ki, hər şey o qədər qəlizləşib, o qədər mürəkkəbləşib ki, siyasi ideologiyaların özlərinin qarışdığı, çulğalaşdığı dünyadan baş açmağın özü bir müşkülə çevrilib. İndi heç yerdə təmiz mühafizəkarlıq, təmiz liberallizm qalmayıb.

Məsələn, ABŞ mühafizəkarları iqtisadi məsələlərdə özlərini liberal adlandırırlar. Ona görə ki, dövlətin iqtisadiyyata minimum müdaxiləsinin tərəfdarıdırlar.

Amma sosial-etik məsələlərdə özlərini mühafizəkar hesab edir, möhkəm ailəni, cəmiyyətdə dinin rolunun artmasını təqdir edirlər.

Müxalifət də kiminlə gəldi birləşir, necə gəldi, ayrılır...
ABŞ-da liberallar adlanan demokratlar isə, əksinə sosial-etik məsələlərdə özlərinə liberal deyir, di gəl, dövlət və iqtisadiyyat münasibətlərində dövlətin daha fəal rolunu arzulayırlar.

HƏR HALDA AYIRMAQ DA MÜMKÜNDÜR...

Bunları niyə xatırladıram? Qarşılıqlı sintez əlamətləri müşahidə olunsa da dünyada siyasi cərəyanları hər halda çətinliklə olsa da biri-birindən ayırmaq, fərqləndirmək mümkündür.

Azərbaycanda bir partiya artıq 21 ildir ki, ölkəni şəriksiz idarə edir. Müxalifət də kiminlə gəldi birləşir, necə gəldi, ayrılır...

Müxalifəti, prinsipcə başa düşmək çətin deyil. Ölkədə “iki cüt, bir tək” əsl, həqiqi demokrat qalıb. İndi onların ideoloji təsnifatını aparmaq həqiqətən də gülünc olardı.
Amma hakimiyyət düşünməyə vadar edir. Bu 21 ildə onların iqtisadi və sosial-etik siyasətindən bir şey anlamamışıq. Güman etmirik ki, başqa kimsə bu siyasətdən nəsə başa düşür.

BİR GƏMİDƏ, AMMA ƏKS İSTİQAMƏTLƏRƏ...

Normal ölkələrdə partiyaların münasibətlərini, onların yaxınlığını həm də ideologiyalar şərtləndirir. Məsələn, çox nadir hallarda təsadüf edərsən ki, iki böyük sağ-mərkəzçi cinah biri-birilə amansız siyasi mücadilə aparsın.

Bəs onda münasibətlər niyə belə kəskindi?
İndi baxırsan, əsas müxalifət özünü sağ-mərkəzçi müxalifət adlandırır. Elə hakimiyyət də belə adlardan istifadə etməsə də özünü hər halda solçu kimi də təqdim etmir. Deməli, şərti ideoloji yaxınlıq var.

Bəs onda münasibətlər niyə belə kəskindi? Müxalifəti qınamayacağıq. Onların sağ-mərkəzçi cinahı təmsil etməsi illərin sınağından keçib. Ola bilsin, nə vaxtsa bu seçimə də siyasi moda təsir edib, ona görə ki, 70 il solçuluq tarixi olan bir ölkədə sağçı olmaq bir o qədər də asan siyasi seçim deyil. Amma hər halda, qəbul etmək olar ki, müxalifət öz seçiminə həm də ideyaca bağlıdır.

Deməli, problem müəyyən mənada hakimiyyətlə bağlıdır. O, ideoloji baxımdan mütəhərrikdir. Onlar özlərinə sərf edən qədər liberal, özlərinə sərf edən qədər mühafizəkar, özlərinə sərf edən qədər də demokratdırlar, hər şeyin başında daha çox öz maraqları dayanır...

Bir neçə il bundan əvvəl Azərbaycandakı siyasi partiyalar haqqında böyük bir yazı hazırlamışdıq. O vaxt da YAP-ı təhlil edəndə çətinlik çəkdik. Onda da bu partiyanın ideoloji mahiyyətini dəqiq müəyyən edə bilmədik.

Uzun təhlillərdən sonra belə qərara gəldik ki, qarşımızda faktiki olaraq siyasi partiyadan daha çox ortaq siyasi və iqtisadi maraqları olan bir qrup dayanıb.

...müxalifətin hakimiyyətdən bir fərqi də var
Bəli, deyə bilərsiniz ki, bu, da partiyadır. Düzdür, ona qalsa, qədim Misirdə, qədim Yananıstanda, qədim Romada, hətta qədim akkard-şumer dövlətində də partiyalar vardı. Partiyanın ən primitiv tərifi budur ki, bu, hakimiyyətə iddiası olan bir qrupdur.
Amma hətta qədim Şumer dövlətində belə qəbul olunurdu ki, bu qrupun siyasətə, hakimiyyətə özəl baxışı olmalıdır. Bu aspektdən yanaşanda, bəli, mövcud hakimiyyət partiyasının da “özəl” baxışı var- onlar hər şeyin başında daha çox öz özəl qrup maraqlarını görürlər.

MARGİNALLAŞMAQ TƏHLÜKƏSİ KİMİ GÖZLƏYİR?

Deməli, bu, faktiki olaraq siyasi hakimiyyətə yiyələnmiş, üzvlərini fəaliyyət ortaqlığı birləşdirən bir qrupdur. Onların özəl maraqları bütün ideologiyaların fövqündədir...
İndi gələk müxalifətin üstünə. Müxalifətin də getdikcə belə qrupa çevrilməsi, “dolanışığı siyasətdən çıxan” bir qrupa transformasiya etməsi (bəlkə də artıq çevrilib...) təhlükəsi var. Ona görə ki, bu sferadakı proseslər getdikcə daha çox adam üçün anlaşılmaz xarakter alır.

Üstəlik, müxalifətin hakimiyyətdən bir fərqi də var. Hakimiyyəti marginallaşmaq təhlükəsi gözləmir, ona görə ki, onlar hakimiyyətdirlər və bu cəmiyyətə həm də “etik-mənəvi dəyərlər” ünvanlayırlar. Müasir politologiyada dövlətin əsas funksiyalarından biri kimi ortaq milli dəyərlərin formalaşdırılması da nəzərdə tutulur.

Təminat varmı ki, zaman keçdikcə o anlaşılmazlıq artmayacaq?
Bu, “dəyərlər”in nə qədər uzun müddətli olub-olmaması bir ayrı söhbətin mövzusudur. Bircə onu deyə bilərik ki, onlar heç də uzun müddətli olmayacaq, ona görə ki, hakimiyyətdəkilər bu dəyərlərə ümummilli məzmun vermək üçün özlərini əziyyətə salmırlar, amma həmin “dəyərlər” bir neçə il davam gətirə bilər.

Fəqət, müxalifət marginallaşa bilər. Artıq bunun əlamətləri var. Məsələn, bu düşərgədəki münasibətlər sistemi cəmiyyətin böyük əksəriyyəti üçün tamam anlaşılmazdır. Təminat varmı ki, zaman keçdikcə o anlaşılmazlıq artmayacaq?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG