Keçid linkləri

-
Döyüş bölgələrində atəşkəs rejiminin intensiv şəkildə pozulması diqqət çəkməyə və düşündürməyə bilməz. Son bir neçə gündə iki Azərbaycan zabiti həlak olub. Ermənistan tərəfinin də itkilər verdiyi haqda məlumatlar səslənir.

Hər iki ölkədə müharibə həyəcanı yaşandı. Həmsədrlərdən biri-ABŞ bir neçə dəfə yaranmış vəziyyətdən narahatlığını ifadə etdi. Vəziyyəti şərh edən dövlət rəsmiləri də irimiqyaslı hərbi əməliyyatların başlana bilməsini istisna etmədilər. Azərbaycanda hökumət öz iclaslarından birini müdafiə nazirliyində keçirdi...

...baxmayaraq ki, 20 il ərzində hər iki tərəfdən onlarla hərbçi həlak olub
Əslində atəşkəsin bərqərar olduğu bu 20 il ərzində o, çox kövrək halda saxlanılıb. Təbii ki, bölgədə ayırıcı sülhməramlı qüvvələr olmadan onun bu şəkildə də olsa qorunub saxlanması müəyyən bir üstünlük hesab edilə bilərdi, baxmayaraq ki, 20 il ərzində hər iki tərəfdən onlarla hərbçi həlak olub və yaxud da ki, yaralanıb.

İndi də atəşkəsin pozulması müəyyən mənada sistematik şəkildə baş verən bir hadisənin epizodu hesab oluna bilər. Ümumiyyətlə, səhv etmiriksə, həmişə fevral və mart ayları yaxınlaşanda atəşkəsin Ermənistan tərəfindən pozulması halları daha da intensivləşir.

Bunu onunla izah edirlər ki, münaqişə tərəflərindən birinin-Ermənistanın özünün mübahisəli “tarixlər”ini qeyd etmək və yada salmaq ənənələri var.

Prinsipcə, atəşkəsin pozulması Ermənistanın hansısa xırda taktiki məqsədlərinə də xidmət edə bilər. Ola bilsin, prezidentlərin görüşü ərəfəsində onlar belə fikir yaratmağa çalışırlar ki, belə görüşlər müəyyən mənada tənzimləyici xarakter daşıyır, onlar olmayanda atəşkəsin kövrək tarazlığı pozulur. Amma nə qədər qəribə olsa da, atəşkəsin pozulmasının pik anı xarıci işlər nazirlərinin görüşdüyü vaxta təsadüf etdi.

MDB ÇÖKÜR?

Maraqlısı budur ki, bütövlükdə MDB məkanında maraqlı proseslər cərəyan etməkdədir. Bir neçə ciddi hadisə var ki, onlar müəyyən mənada Qarabağdakı vəziyyətə, ümumiyyətlə, iki ölkə -Azərbaycan və Ermənistan arasındakı vəziyyətə təsir etmək iqtidarındadır.

Hazırda MDB ciddi şəkildə laxlama prosesini yaşayır. Gürcüstanın və Moldovanın bu qurumdan böyük distansiya götürdüyü artıq heç kimdə şübhə doğurmur.

Ukraynada vəziyyət gərgin olaraq qalır. Bu ölkə MDB-nin onurğa sütunu hesab edilir. Ruslar indi Ukraynadakı proseslərə baxaraq sözün əsl mənasında qovrulurlar, özlərinə yer tapa bilmirlər- nə aktiv şəkildə müdaxilə edə bilir, nə də ki, etinasız qala bilirlər.

Ola bilsin, Rusiya Ukraynadakı proseslərin Azərbaycana təsir etməsindən, onun da geosiyasi orientasiyasında müəyyən dəyişikliklər yarada bilməsindən ehtiyat edir.

İ.Əliyev də bəzi geosiyasi ismarışlar etdi
Ən azı ona görə ki, Ukraynada baş verən hadisələri bəzi müşahidəçilər 21-ci əsrin birinci geosiyasi inqilabı adlandırırlar.

Məsələ bundadır ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları, heç olmasa regional güc mərkəzi olmaq istəyi bir heçdir, puçdur.

DAVOSDAN YAZIRLAR...

Davos forumunda İ.Əliyev də bəzi geosiyasi ismarışlar etdi. Bunlardan əsası Mərkəzi Asiyanı da Avropa ilə bağlayacaq enerji layihəsi və kommunikasiya xətləri haqdakı ismarışlar idi. Rusiyadan yan keçməklə böyük qaz layihəsi və infrastruktur şəbəkəsi işə düşə bilər.

Bu, Rusiyanı narahat etməyə bilməz. Elə Ermənistanın özünün də Azərbaycanın iştirakı ilə gerçəkləşən böyük layihələrə bir növ allergiyası var, ona görə də bəzən Rusiyadan da qabağa düşməyə və həmin layihələrə əngəl yaratmağa çalışır.

Bütün bunları nəzərə alaraq demək olar ki, indi çox həssas dövrdür. Məsələ ondadır ki, ruslar gedənin ardınca sakit baxmaq niyyətində deyillər. Onlar belə hesab edirlər ki, Gürcüstandan qopara bildiklərini artıq qoparıblar.

Nə qədər neytral qalmağa çalışsa da, Azərbaycan Mərkəzi Asiyaya qapıdır
Azərbaycana gəldikdə isə, ona da etibar etmirlər. Səbəbi də odur ki, Moldova ilə Gürcüstan MDB-dən, necə deyər, “papağını götürüb” gedirlər.

Azərbaycan isə Avropanı Mərkəzi Asiyaya bağlayan “ilgək”dir. Bəli, Azərbaycan Rusiyanın maraqlarını müəyyən mənada nəzərə almağa çalışır.

Hətta onu da nəzərə alır ki, Mərkəzi Asiya ölkələrinin bəzisi onun enerji ehtiyatları sahəsində rəqibi hesab oluna bilər.

Amma Azərbaycan Avropanın da istəklərini unutmur. Nə qədər neytral qalmağa çalışsa da, Azərbaycan Mərkəzi Asiyaya qapıdır.

Avropa da bu qapını itirmək istəmir, hətta Azərbaycanda insan haqlarının və demokratiyanın ümumi vəziyyətinin nəinki Ermənistandan, hətta Dağlıq Qarabağdan geri qaldığını iddia etsə belə.

Ona görə də vəziyyət bir qədər mürəkkəbdir. Proseslər hər an nəzarətdən çıxa bilər. Əsas da odur ki, bunun marağında olan ölkələr var və bunlar təbii ki, ilk növbədə Rusiya ilə Ermənistandır.

Ermənistana ayrılan rol, onun geosiyasi missiyası Azərbaycanı təzyiq altında saxlamaqdır. Bu rol Ermənistanın “geosiyasi bazarda” qiymətini müəyyən edir, onun Rusiyanın gözündəki siyasi çəkisini təyin edir.

Rusiyalı analitiklər bu yaxında yazmışdı ki, Ukraynadakı proseslər ölkənin “süniliyinin” və onun istiqlal ideyasının “uğursuzluğunun” nəticəsidi. Halbuki bu yanaşma Ermənistana daha çox uyğun gəlirdi, onlar gərək əvvəlcə öz “forpost”larını gözləri önünə gətirəydilər.

Ona görə ki, bu ölkənin müstəqil mövcudluğu üçün daxili resurslar çox məhduddur- əhali bütün vasitələrlə ölkəni tərk edir, iqtisadiyyat iflic haldadır. Nə vaxta qədər diasporun və Rusiyanın ianələri hesabına yaşamaq olar?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG