Keçid linkləri

-
Nə qədər qəribə olsa da, bu soyuq yanvar günlərində azərbaycanlıların ölüm xəbəri təkcə Qarabağdan gəlmədi, uzaq Suriyadan da belə məlumatlar daxil oldu.

Xəbərlər narahat edəcək qədər ciddidir. Belə olmasaydı, ruhani idarəsi xüsusi fətva verməzdi, telekanallar bu mövzunu özlərinin baş xəbərlərinə və müzakirə mövzusuna çevirməzdilər, uşaqları Suriyaya getmiş və yaxud da ora gedənlərin təsiri altına düşmüş valideynlər dərdlərini cəmiyyətlə bölüşmək qərarına gəlməzdilər.

Azərbaycanın özündə hər hansı dini qarşıdurma müşahidə olunmasa da, radikal təriqətlərə meyl edənlərin artması gələcəkdə belə bir perspektivi heç də istisna etmir.

Çox maraqlıdır ki, Suriyaya yollananlar arasında daha çox Azərbaycanın şimal bölgələrinin sakinlərinin adı hallanır. Ola bilsin, kimin üçünsə bu qəribə görünür. Amma bizə bu, daha çox qanunauyğunluq təsiri bağışlayır.

ÇEÇENİSTANDAN SONRA...

Azərbaycanın şimalı Rusiyanın cənubu deməkdir. Rusiyanın cənubu isə həm də «Şimali Qafqaz» adlanır. Bu bölgə Çeçenistan savaşı başlanandan radikal dini cərəyanların təsiri altındadır.

Çeçenistanda onlar nələr etdi, bu, hamıya çox yaxşı məlumdur. Onlar çeçenlərin haqlı istiqlal savaşını məzhəb, din savaşına çevirdilər. Bununla da hətta çeçenlərin mübarizəsinə böyük simpatiya ilə yanaşanları belə bu prosesdən üz döndərməyə məcbur etdilər. Üstəlik, Rusiyanın Çeçenistanda apardığı işğalçı müharibəyə haqq qazandırdılar.

Təbii ki, bu, Şimali Qafqaz xalqlarının öz problemləridir. Amma dünya o qədər birləşib, çulğalaşıb ki, artıq özününkü və özgə söhbəti yoxdur.

Azərbaycan dini baxımdan həqiqətən tolerant ölkə olub. Bunu demək olar ki, hamı etiraf edir. İnsanlar özləri getdikcə daha çox gözə dəyən vəhhabilərə belə çox sakit yanaşır. Amma bu, sakitlik əbədi olmaya da bilər. Məsələ onda deyil ki, bu gün çoxluq təşkil edən dindarlar dini azlıqları sıxışdırmağa başlayacaq.
Qroznıda yaraqlılara qarşı əməliyyat, 2010

Qroznıda yaraqlılara qarşı əməliyyat, 2010


Elə ola bilər ki, dini azlıqlar özləri aqressiv davranış nümayiş etdirə bilərlər.
O vaxt elə bir qarşıdurma yarana bilər ki, o, uzunmüddətli ədavətin əsasını qoya bilər. Qafqaz - fərqi yoxdur, Şimali, yoxsa Cənubi - çox incə məsələdir.

Rusların ən böyük səhvi odur ki, onlar 200 ildir Qafqazı basa düşə bilmir və başa düşməyərək də idarə etməyə çalışırlar.

ŞAMİL VAXTINDA VƏ İNDİ

Qafqazın dini baxımdan radikallaşmasında Türkiyənin dini mərkəz kimi rolunun azalmasının, bu rolun monarxist ərəb rejimlərinin əlinə keçməsinin də təsiri oldu. Şamil vaxtında Qafqaz daha çox Türkiyə ilə bağlı idi. İndi bu, bağlılıq yoxdur. Daha çox ərəb ölkələri ilə əlaqələr var. Orada isə elə bir qazan qaynayır ki, yaxşısı ondan mümkün qədər uzaq durmaqdır. Müharibə Çeçenistanı çox sarsıtdı. Bir ara elə təsəvvür yarandı ki, onlar nədə səhv etdiklərinin fərqindədirlər. Burada seminarların birində tanış olduğumuz bir çeçenin etirafı yadımıza düşür. O, deyirdi ki, biz uzun müddət təhsilə diqqət yetirməmişik. Amma bizim üçün hələ də qaranlıq qalıb: o, nəyi nəzərdə tuturdu? Dini təsili, yoxsa dünyəvi təhsili?..

QONŞULUQDA İRAN DA VAR...

Maraqlıdır ki, problem təkcə Azərbaycanın şimalında deyil. Ölkənin cənub bölgəsi də həssas dini nöqtədir. Burada İranın təsiri hiss olunur. Elə Şimal tərəfdə olduğu kimi bu, təkcə dini təsir deyil, etnik təsir də var.
Tehranda Cümə namazı - 2010

Tehranda Cümə namazı - 2010


Bədbəxtlikdən İran da adi müsəlman ölkəsi deyil, dini radikallığı dövlət dini səviyyəsinə qaldıran ölkədir. İş o yerə çatıb ki, onların əlindən yas mərasimlərində oturmaq mümkün deyil, molla ağzını açıb bir söz deyən kimi dərhal İran təbliğatını hiss edirsən...

Bəlkə də bunun nəticəsidir ki, ruhani idarəsi artıq moizələrə də diqqət yetirməyə başlayıb. Mümkündür ki, bu bir sıra din adamlarının aşkar İranpərəst mövqeyini bir az mülayimləşdirmiş olsun.

Sonda bir detalı da qeyd etmək istərdik. Faktı konstatasiya etməklə ölkə tolerant olmur, bunun üçün daim iş görmək lazımdır. Açığını etiraf edək ki, indi Azərbaycanda xristianların, yəhudilərin sayı çox azdır.

Ona görə də ola bilər ki, islamın özünün ayrı-ayrı təriqətləri arasında anlaşılmazlıq yaransın.

Bu gün üçün real olanı budur-radikal təriqətlərə meyl edənlərin sayı artır. Bəlkə də kiməsə bu, bir ekzotika kimi görünür. Amma Şərqdə azmı ekzotik ssenarilər gerçək olub?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG