Keçid linkləri

-
“Dilmanc” tərcümə proqramının mobil versiyası istifadəyə verilib. Bu barədə “Dilmanc”-ın rəsmi səhifəsində məlumat verilir.

Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə və əksinə tərcümə edən proqram istifadəyə verilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Dilmanc” layihəsi çərçivəsində yaradılmış “Dilmanc” mobil tərcüməçi vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilmişdir. Tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. Dilmanc Conversation - Söhbət rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir.

Proqram tamamilə ödənişsiz yayılır və Google Play Store-da “Dilmanc Translator” axtarmaqla Android bazasında işləyən smartfonlara yüklənə bilər. Layihə rəhbəri Əbülfət Fətullayev gələcəkdə proqramın digər mobil platformalar üçün də hazırlanacağını qeyd edib. Bundan əlavə, layihədə böyük mətnləri Azərbaycan dilindən rus və ingilis dillərinə və əksinə əvvəlkindən daha yüksək keyfiyyətlə tərcümə edən internet saytının yaradılması üzərində işlər getdiyini bildirib.

Qeyd edək ki, bir neçə ay əvvəl layihə çərçivəsində şifahi nitqi mətnə çevirən sistem istifadəyə verilmişdi. “Dilmanc imla” adlanan bu sistemlə keyfiyyətli mikrofondan istifadə edildikdə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli mətn daxil etmək mümkündür. Bu proqram da pulsuz olaraq layihə saytından yüklənə bilər.

Şərhləri göstər

XS
SM
MD
LG