Keçid linkləri

Təcili xəbərlər

İnsanları intihara sövq edən səbəblər


arxiv foto
arxiv foto
-
Bəlkə də son vaxtlar daha çox diqqət yetirildiyindən, ya da başqa bir səbəbdən, hər halda axır zamanlar özünə qəsdin ən ağır formasını-özünü yandırmaq yolunu tutmuş adamların sayı artır.

Bunların hamısını siyasətlə əlaqələndirməzdik, ona görə ki, sırf ailə-məişət məsələləri ucbatından da belə hadisələr baş verir. Amma burada maraqlı detal var. Özünü yandıranlar bunu tənha bir yerə, gözdən-qulaqdan uzağa çəkilərək etmirlər.

Bütün bu proseslərdə bir nümayişkəranəlik var, insanlar istəyir ku, onları görsünlər, diqqət yetirsinlər. Ona görə də istəsək də, istəməsək də, bu hadisələrin hamısı son nəticədə etirazdır.

İnsanlar etiraz edir. Kiməsə hakimiyyət strukturları diqqət yetirmir, kimsə cəmiyyət tərəfindən anlaşılmır. Ümumi olaraq belə demək olar ki, bu adamlar özlərinin başa düşülməsini istəyirlər.

İntihar hadisələrindən böyük sosioloji nəticələr çıxarmaq olar. Vaxtilə M.Weber belə hadisəsləri tədqiq edərək bəzi ciddi nəticələr əldə etmişdi. Elə A.Camus-un ekzistensial axtarışlarında da intihar məsələsi mühüm yer tuturdu. İlk dəfə fəlsəfədə “Həyat onu yaşamağa dəyərmi?” sualını da bəlkə də A.Camus qoymuşdu.

Təbii ki, biz sosiloji-fəlsəfi təhlilin o səviyyəsində deyilik. Amma bunu da bir cəhd hesab etmək olar, kiçik bir cəhd.

DOĞRUDANMI ETİRAZ YOXDUR?

Deyirlər ki, ölkədə etiraz yoxdur, insanların demək olar, əksəriyyəti hakimiyyətlə həmrəydir və həyatından razıdır.

Amma Quba hadisələri, İsmayıllı hadisələri, əsgər ölümlərilə bağlı keçirilmiş silsilə aksiyalar etiraz deyildimi? Özünü yandıran adamların bəzisi (son vaxtlar iki belə hadisə baş verib!) etiraz etmirmi? Etiraz var.

Əslində yaxşı hakimiyyətin hər ciddi hadisə üzrə konsepsiyası olmalıdır. Əgər intihar hadisələri də çoxalırsa hakimiyyət bu haqda da düşünməlidir. Məsələ bundadır ki, burada da bəzi ümumi məqamlar tapmaq mümkündür.

MÜHARİBƏNİ UDUZMUŞ ÖLKƏDƏ...

Müharibəni uduzmuş (hətta onun birinci mərhələsini olsa belə...) ölkədə mənəvi atmosfer həmişə ağır olur. Kişilər özlərini bir növ sınmış hesab edir və bundan çıxış yolunu cəmiyyətdən təcrid olunmaqda, apatiyada, ən axırıncısı da, intihar da görürlər.

Bu xüsusda böyük sayda intihar hadisələri qeydə alınmasa da nə qədər insan məhz qaçqınlıq həyatının məşəqqətlərinə dözə bilmədi və həyatla vaxtından xeyli əvvəl vidalaşmalı oldu?! Nə qədər insan müharibədə qazandığı əlillik ucbatından ciddi sosial-psixoloji problemlər yaşayır? Bunları kimsə sayıbmı?

YENƏ DƏ BU KEÇİD DÖVRÜ...

Keçid dövrü yaşayan, iqtisadi kataklizmlərin şahidi olan insanlar da nikbin həyat tərzi keçirmir. Düzdür, ölkə artıq keçid dövrünü başa vurub. Prinsipcə, ən ağır günlər artıq arxadadır.

Amma keçid dövrünün sosial nəticələri də var. Onlar arasında çox kəskin bərabərsizlik xüsusi yer tutur. İnsanlar buna çətin alışır.

Xüsusən də sovetlərin bərabərlik və sosial ədalət çağırışlarını eşitmiş adamlar bunu çətin qəbul edirlər.

Bəzən düşünürük ki, bu, təkcə bir nəslin problemidir. Amma belə deyil. Hər yerdə insanlar korrupsiyadan və sosial bərabərsizlikdən şikayətlənirlər. Hətta Roma papası Davos forumuna bununla bağlı xüsusi müraciət də ünvanlamışdı.

CƏMİYYƏT VƏ KORRUPSİYA

Azərbaycanda da korrupsiya dəhşətli vəziyyətdədir. Qorxulusu odur ki, bu, norma halını alır, ona qarşı ictimai qınaq formalaşmır. Məsələ bundadır ki, insanlar həmişə davranışı proqnozlaşdırıla bilinən hakimiyyətlərə üstünlük verirlər.

Bir halda hakimiyyətin davranışını qanunlar müəyyən edir. İnsanlar qanunun əsasında bu və ya başqa bir məsələyə məmurların münasibətini müəyyənləşdirə bilirlər.

Azərbaycanda vəziyyət fərqlidir. Məmurların davranışı, nəyəsə reaksiyası daha çox rüşvət əsasında müəyyən edilir. Hamı bilir ki, filan işin qiyməti filan qədərdir, rüşvətini verib o yolla problemini həll edir və bəziləri hətta razılıq da edir.

Burada bir nüans da var. Bu ölkədə insanlara qanundan yan keçmək, onu aşmaq qanuna əməl etməkdən sərfəlidirr. İstəyirsinizmi ki, insanlar qanunlara əməl etsin?

Onda onları elə yazın ki, qanuna əməl etmək daha sərfəli olsun. İndi tamam tərsinədir. Yeri gəlmişkən, bu məsələnin bir naqis tərəfi də var: qanundan yan keçəndə o da səndən yan keçir, heç nəyin təminatı olmur. Təsadüfi deyil ki, Azərbaycanda indi çox az adam nəyəsə öz təməl haqqını təsdiq edə bilir, hətta insanlaırn ilkin mülkiyyət hüquqları ilə bağlı çox ciddi problemlər yaşanır.

HANSI DÖVLƏT DAHA YAXŞIDIR?

Bəzi yeni dövlətlərdə dövlətlərin özləri anlaşılmaz istiqamət tutub, bəzən onların hansı funksiyanı yerinə yetirməsi belə mübahisə doğurur.Yeni dövlətlərdə həm də dəyərlər problemi olur. Bu məsələ Azərbaycanda daha dolaşıq vəziyyətdədir, hakimiyyət sovetlər dövrünün təbliğat ştamplarını təkrar etməyə cəhd edir. Nəticədə də çox eybəcər bir şey alınır...

Bir kiçik detal da az qala yaddan çıxmışdı. Totalitar dövlətin süqutundan sonra böyük bir boşluq yaranır, bu, boşluğu heç nə doldura bilmir.

Belə vəziyyətə düşmüş insan heç cür barışa bilmir ki, onun hansısa problemilə heç kim maraqlanmır! Ona görə ki, cəmi 20 il bundan əvvəl o, hər şeylə maraqlanan və hər şeyə müdaxilə edən dövlət modeli görüb. İndisə ona yalnız adamları güdməklə məşğul olan dövlət modeli təklif edirlər.

Əgər hakimiyyət insanları yalnız onları qorumaq üçün güdsəydi yenə də dərd yarıydı, amma onlar adamları daha çox öz imtiyazlarını, mövcud siyasi sistemi qorumaq üçün güdürlər...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG