Keçid linkləri

Təcili xəbərlər

Rusların ikinci olimpiya cəhdi


-
O vaxtdan düz 34 il keçib. Adam inana da bilmir. O vaxt idmanla maraqlanmaq dəb idi. Hətta məktəbli yoldaşlarının sevmədiyi əlaçılar da çalışırdı ki, idman yeniliklərinin kursunda olsunlar ki, danışmağa, ümumi söhbətlərə qoşulmağa şansları olsun.

Üç idman növü elit idman növü hesab edilirdi: xokkey, futbol və bir də basketbol. Amma indi rusların keçirdiyi ilk olimpiadadan-Moskva yay oyunları olimpiadasından uzaq təəssüratımı bölüşmək istəyirəm.

1980-ci il yay olimpiadasını 50 dövlət boykot etmişdi. Səbəb SSRİ-dəki siyasi vəziyyət, daha çox da SSRİ-nin Əfqanıstana müdaxiləsi idi. Biz bunların təfərrüatlarını bilmirdik. Amma o vaxt ilk dəfə dumanlı şəkildə təsəvvür etməyə başladım ki, böyük idman həm də böyük siyasətdir...

Ruslar olimpiadanı birtəhər keçirdilər. Üzlərinin ağ olması üçün çalışırdılar ki, olimpiya və dünya rekordlarının sayı çox olsun. Rekordlar vardı.

Növbəti dəfə də SSRİ öz siyasi peyklərilə olimpiadanı boykot etdi. Əvəzində
«xoş məramlı iradə» oyunları keçirildi. İndi o vaxtlara qayıdaraq o günləri öz əqli süzgəcimdən keçirməyə çalışıram.

Beləliklə, Əfqanıstan...

QARLI AŞIRIM

İndi çox şey yazırlar. Amma o vaxt kimisə Əfqanıstana göndərəndə deyirdilər ki, yazığı filan yerə göndərdilər. Sonradan mahnılar yazıldı, təşkilatlar meydana çıxdı. Amma Əfqanıstan heç vaxt sevilmədi. Ona görə ki, bu yad bir ölkə idi. Bəlkə də SSRİ rəhbərliyi ora müdaxiləyə əmr verərkən insanlarda vətənpərvərlik hislərinin baş qaldıracağını, insanların dövlət ətrafında daha sıx birləşəcəyini güman edirdilər.
Sovet qoşunları Əfqanıstanı tərk edir - 1988
Sovet qoşunları Əfqanıstanı tərk edir - 1988
​Amma belə olmadı. Əfqanıstan SSRİ-nin onurğa sütununu qırdı. O vaxt hərbçilər deyirdi ki, biz on illərlə kommunizmdən və ateizmdən danışmışdıq, di gəl, güllə səsi gələn kimi müsəlman əsgərlər dua etməyə, xristianlar isə xaç çəkməyə başladılar.

İndi çox adam bir sualı təkrar-təkrar verir: nəyə lazım idi Əfqanıstan? Amma mən bu sualı indiki situasiyaya tətbiqən də soruşuram: NATO əsgərləri bu gün Əfqanıstanda niyə ölür? O vaxt SSRİ-də başa düşdülər ki, bu müharibəni udmaq mümkün deyil. Bunu yəqin NATO strateqləri də başa düşüb. SSRİ hətta bir əfqanı kosmosa da göndərdi. Yenidənqurmadan sonra bir süjet verdilər. Məlum oldu ki, ilk əfqan kosmonavtı indi Almaniyada tipoqrafiyada çalışır, kosmosu da unudub, Əfqanıstanı da...

Onu qınamıram. O vaxt rusların məşhur bir lətifəsi vardı. Vyetnam kosmonavtından kosmos haqqındakı təəssüratını soruşurlar. Qayıdır ki, bəs əllərim ağrıyır. Soruşurlar ki, əlin niyə ağrıyır? Deyir ki, nəyə toxunurdumsa əlimdən vururdular...

İdman kimi kosmos da o vaxt böyük siyasət idi. Xüsusən də SSRİ bu siyasətin xəstəsi idi. Hətta amerikalılarla da müştərək bir layihə də yapmışdılar. Adı da «Soyuz-Appolon» idi...

SSRİ SONUNCU QALA OLDUMU?

SSRİ dağıldı. Azadlığa çıxan xalqlar oldu. Amma ruslar özləri azad ola bilmədilər. İndi Soçi olimpiadasına 50 milyard dollardan çox xərcləyiblər.
Soçidə olimpiya stadionunun tikintisi - 2013
Soçidə olimpiya stadionunun tikintisi - 2013
Bu qədər vəsaitin hara xərclənməsi kiməsə təəccüblü görünə bilər, amma bizim üçün təəccüblü deyil, ona görə ki, o pullardan da neft qoxusu gəlir...

V.Putin deyir ki, kimdə korrupsiya ilə bağlı fakt varsa, bizə təqdim etsin, minnətdar olarıq. İ.Əliyev də deyir ki, məmurlar xalqın xidmətçisidir, mən isə xalqın birinci xidmətçisiyəm. Amma bu, ona özü üçün dünyanın ən bahalı təyyarəsini sifariş etməyə mane olmur. Elə V.Putin də Soçidə xərclənən pullar haqda əsaslı, arqumentli açıqlama verə bilmir.

Bəli, neftdən gələn pullar indi idmana xərclənir. Azərbaycan da 2015-ci ildə ilk Avropa olimpiadasına sahiblik etməyə hazırlaşır.

Bir vaxt olimpiadalara azadlığın bayramı, simvolu kimi baxırdılar. V.Putin olimpiada ərəfəsində iki-üç siyasi məhbusu azad etdi.

İ.Əliyev isə ölkəsində siyasi məhbusların olduğunu, ümumiyyətlə, inkar edir. Bəlkə onlar həqiqətən də yoxdur? İ.Əliyev builki prezident seçkisini müxalifət üçün «rəzalətin zirvəsi» adlandırdı. Bəlkə də o, haqlıdır. Ona görə ki, qalibləri mühakimə etmirlər, onlar həmişə haqlı sayılır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG