Keçid linkləri

Türkiyə polisi internet senzurasına etiraz aksiyasını dağıdır


18 yanvar 2014. İstanbulda İnternet senzurasına ilk etiraz aksiyalarından biri

18 yanvar 2014. İstanbulda İnternet senzurasına ilk etiraz aksiyalarından biri

Fevralın 8-də internet senzurasına yol açan qanuna etiraz edən yüzlərlə adam İstanbulun Taksim meydanına toplaşıb. Aksiyasının qarşısını almağa can atan polis su sırnaqlarından, qaz bombası və plastik mərmilərdən istifadə edib.

Etirazçılar arasında yaralananlar olub.

Aksiyadan əvvəl Taksim meydanı polis blokadasına alınıb. Yaxınlıqdakı Gezi parkı yenidən bağlanıb.

Aksiya iştirakçılarının etirazına səbəb olan yeni qanuna görə Türkiyədə telekommunikasiya nəzarət edən qurum məhkəmə qərarını gözləmədən saytları bağlaya bilər.

Bundan başqa, qanun internet provayderlərinə istifadəçilərin fəaliyyəti barədə məlumat saxlmaq və ehtiyac yaranasrsa hakimiyyət orqanlarına təqdim etmək hüququnu verir.

Baş nazir Recep Tayyip Erdoğan fevralın 8-də açıqlamasında bildirib ki, “İndi internetlə əlaqədar işlər aparırıq. Bu iftiralar, əxlaqsız yayımlar olmasın deyə bunu edirik. İnterneti kəsmirik, tam əksinə, nəzarət altına alırıq”. O, Twitter şəbəkəsini "bəla", sosial medianı isə "cəmiyyətin baş bəlası" adlandırıb.

Baş nazirin müavini Bülent Arınc isə o fikirdədir ki, Türkiyədə internet senzurası qətiyyən yoxdur:

“Dünyanın bir çox ölkəsindən daha azad və mətbuat azadlığına sahib bir ölkəyik”.

Müxalifətin fikrincə, yeni qanun hökumətin korrupsiya qalmaqalından yayınmaq cəhdididr.

İstanbul Bilgi Universitetinin kommunikasiya üzrə professoru Özgür Uçkanın fikrincə, yeni qanun Türkiyə üçün fəlakətdir:

“Bununla da Türkiyədə senzura və nəzarət qanuniləşir. Bu isə bizim konstitusiyamıza və Türkiyənin tərəf olduğu beynəlxalq konvensiyalara ziddir”.


İstanbul İnformasiya Hüququ Mərkəzinin rəhbəri Mete Tevetoğlu yerli mediaya bildirib ki, Türkiyədə həyata keçirilən senzura metodu Qərbdə heç bir ölkədə yoxdur:

“Dünyada ən sərt internet senzurası tətbiq edən ölkə Küveytdir, artıq bu məsələdə Türkiyə Küveytdən də aşağı yer tutacaq”.

Sözügedən qanunu Türkiyə parlamenti keçən həftə qəbul edib.

Ölkə prezidenti Abdullah Gül təsdiqləyərsə, qanun qüvvəyə minəcək. Beynəlxalq insan haqları təşkilatları da Türkiyədəki senzura tendensiyası ilə bağlı narahatlıqlarını bölüşürlər.

Türkiyə 2007-ci ildən bəri minlərlə internet səhifəsinə girişi əngəlləyib.

Şərhləri göstər

XS
SM
MD
LG