Keçid linkləri

-
ÖYÜNMƏYƏ MACAL OLACAQMI?

Ölkədə maliyyə amnistiyasının tətbiq edilə bilməsi haqda xəbər ölkə iqtisadiyyatını kölgədən çıxarmamışdan öncə bütün digər xəbərləri kölgədə qoydu. Maraq aydındır. 23 il bundan əvvəl müstəqil olmasına, digər post-sovet ölkələrinə nisbətən daha çevik inkişaf etməsinə baxmayaraq ölkə hələ də özünün rəsmi milyonçuları və milyardçıları ilə öyünə bilmir.

Amma maliyyə amnistiyası tətbiq olunacağı təqdirdə, mülkiyyət və iqtisadiyyat kölgədən çıxacağı halda ölkə öyünəcək, yoxsa dərin bir şok yaşayacaq? Bax, bunu demək çətindir. Ona görə ki, şok yaşanması ehtimalı daha böyükdür.

Bəli, bir gün aydın ola bilər ki, bu vaxta qədər oliqarxlar deyilən maliyyə və biznes nəhəngləri elə bu ölkənin məmurlarının özləridir. İndi bu yalnız fəhm edilir. Amma maliyyə amnistiyası tətbiq olunacağı təqdirdə bu, təsdiq oluna bilər.

BİR TƏRƏFDƏN GİZLƏNİR, O BİRİ TƏRƏFDƏN...

Amma əvvəlcə bir sualdan başlayaq. Cəmi bir neçə ay bundan əvvəl mülkiyyətin kimə məxsus olması haqda məlumatın biznes sirlərinə aid edildiyi ölkədə bu qədər aşkarlıq ola bilərmi? Böyük mülkiyyətə malik olduğu güman edilən dövlət başçısının idarə etdiyi ölkədə belə şey ola bilərmi?
Ola bilər. Birincisi, hakimiyyət o qədər güclənib ki, cəmiyyətin yaşayacağı şokdan və onun mümkün nəticələrindən artıq ehtiyat etmir.

İkincisi, hakimiyyət bəzi hallarda öz milkiyyətilə “şantaj” edilir. Bir də görürsən ki, hansısa xarici dərgi yüksək çinli məmurların sərvətindən yazır. Hər dəfə bunun baş verməməsi üçün hakimiyyət dairələri dollar və kürü dipolomatiyasını işə salırlar. Sərvətin leqallaşacağı təqdirdə siyasi təzyiqin bu üsulu sıradan çıxacaq və hakimiyyət özünü daha inamlı və rahat hiss edəcək.

MƏMUR KAPİTALİZMİ ÜZƏ ÇIXANDA...

Bu iş bu gün olmasa da, nə vaxtsa da baş verməlidir. Amma bunun siyasi nəticələri də var. Təsdiq olunanda ki, ölkədə məmur kapitalizminin ən eybəcər bir forması bərqərar olub, ölkə iqtisadiyyatı məmurların əlində cəmləşib, onda hakimiyyət bu vəziyyətdən necəsə çıxmalıdır- siyasi hakimiyyətlə iqtisadi hakimiyyət biri-birindən ayrılmalıdır.

İndi siyasi və iqtisadi elita eynidir. Belə mənzərəyə dünya praktikasında çox az təsadüf olunur, daha çox avtoritar ölkələrdə belə şeylər baş verir.

Azərbaycan da öz siyasi sisteminin özəlliklərindən imtina etmək niyyətində deyil, amma özünü rəsmən avtoritar ölkələrin sırasına yazmağı da sevmir. Bəs belə olan təqdirdə problem necə həll ediləcək?

Məsələn, ərəb şeyxləri təkcə siyasi hakimiyyətə malik deyillər, onların böyük sərvəti var. Amma Azərbaycanda rəsmi monarxiya yoxdur ki, tutaq ki, dövlət başçısının böyük mülkiyyətə sahib olması təbii qarşılansın.

Ona görə də daha çox belə ehtimallar səslənir ki, oliqarxların leqallaşacağı təqdirdə məmurların bir qismi siyasi hakimiyyətlə vidalaşmalı olacaq. Əslində belə bir hal, iqtisadi amnistiya müstəqilliyin ilk illərində nəzərdə tutulurdu.
O vaxt da deyilirdi ki, ümumi maliyyə amnistiyası olsun və heç kim sovetlər vaxtında malik olduğu sərvətə görə təqib edilməsin.

Amma o vaxt vəziyyət tamam başqa idi. Bəzi insanların əlində bu qədər sərvət cəmləşməmişdi. Həm də bunu özəlləşdirmə ərəfəsində etmək nəzərdə tutulurdu.

İndi isə özəlləşdirmə çoxdan başa çatıb və ondan imkanlılar, fərasətlilər deyil, məmurlar udub və indi hansısa formada, bizə tam şəkildə aydın olmayan bir tərzdə məmur-oliqarxlar leqallaşmaq istəyirlər.

Bir sözlə, bu vaxta qədər haqqında ehtimallar söylənilən oliqarxiya leqallaşmağın yolunu axtarır. O, bunu hələ tapmayıb. Əgər tapsaydı gəlir bəyyannaməsi haqda bir neçə il bundan əvvəl verilən sərəncam kağız üstündə qalmazdı.

OLİQARXİYA İLƏ İLK QİYABİ TANIŞLIQ...

Oliqarxiya haqqında oxuduğumuz ilk ciddi yazı C.Londonun “Dəmir daban” romanı olub. Onu iki dəfə, bir uşaqlıqda, bir də tələbəlik vaxtı oxumuşduq və imkan olsaydı bəlkə bir dəfə də oxuyardıq.

Ümumiyyətlə, Amerika ədəbiyyatında kapitalizm mövzusu olduqca maraqlıdı. T.Drayzerin bu haqda nə qədər maraqlı yazıları var?

Amma bunu nə vaxtsa öz həyatımızda yaşayacağımızı güman etməzdik. Ona görə də ehtiyatlı olun: dəmir daban kölgədən çıxmağa hazırlaşır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG