Keçid linkləri

-
Gürcüstan prezidentinin Azərbaycana gözlənilən səfəri nəhayət ki, baş tutdu. Hələ ötən ilin sonlarında bu səfər planlaşdırılırdı. Amma hansısa səbəblərdənsə onu yalnız indi reallaşdırmaq mümkün oldu. Səfər ciddi, bir az da mübahisəli bəyanatlarla müşayiət olunmadı. Bu da daha çox siyasi üslub, siyasi stil məsələsidir.

G.Margvelashvili çox güman ki, heç vaxt M.Saakashvili-nin siyasi ritorikasını, onun mübahisə doğuran bəyanatlarını təkrar etməyəcək. O, özünün mülayim, təmkinli siyasi ritorikası ilə seçiləcək.

Amma dəyişiklik siyasətin yalnız ifadə formalarında olacaq, yoxsa onun məzmununda da ciddi dəyişikliklər gözləmək lazım gələcək? Bax, bu sual elə həqiqətən də tək Bakını deyil, Rusiyanı da düşündürür.

Amma burada çox incə məsələ var. Bakı o qədər də narahat deyil. Səbəbini bir az sonra deyəcəyik. Rusiyaya gəldikdə isə bu, ölkənin gözləntiləri var. Bir məsələni yada salaq ki, Rusiya siyasətçiləri G.Margvelashvili-nin inauqurasiya mərasiminə dəvət almamışdı. O vaxt bunu iki ölkə arasında diplomatik əlaqələrin olmaması ilə izah etdilər. Üstəlik, M.Saakashvili hakimiyyətdən gedəndən bir az sonra Gürcüstan Avropa Birliyi ilə assosiasiya sazişi imzaladı.

Amma ruslar hələ də ümidlidirlər, hələ də gözləyirlər.

RUSİYANIN ÇİN OLMAMIŞ ARZULARI...

B.Ivanishvili M.Saakashvili-nin hakimiyyətinə son qoydu. Amma o, Rusiyaya yol açdımı? Bax, burada birmənalı cavab verməyə çətinlik çəkirik.

Vəziyyət o qədər də sadə deyil. Burada eks-siyasətçilərin dediklərindən yapışmaq lazımdır. M.Saakashvili bu yaxınlarda ABŞ-ın siyasi dərgilərindən birinə müsahibə vermişdi. G.Margvelashvili

G.Margvelashvili

O, demişdi ki, biz də güman edirdik ki, yeni hakimiyyət elə ilk gündən siyasətdə kardinal dəyişikliklər edəcək, amma belə olmadı. Həm daxili siyasətdə, həm də xarici siyasətdə əvvəlki kursa bağlılıq hiss olunur.

Bəs fərq nədə olacaq? Biz onu bir az əvvəldə qeyd etdik. G.Margvelashvili BMT-də açıq mətnlə Rusiyanın əleyhinə bəyanatlar verməyəcək, Bakıda da Rusiyanın İ.Əliyevi devirməklə bağlı «planlar»ından danışmayacaq, gürcü siyasətinə bir az təmkinli ton gələcək. Hər halda, bunu ehtimal edirik.

Gürcülər, ümumiyyətlə, bütün qafqazlılar bir qədər emosional, temperamentli olurlar. Amma bu, siyasətdir, burada hislərə yer yoxdur.

İndi Gürcüstanla Rusiya arasında danışıqlar gedir. Amma siyasətdə rusofil notlar hiss olunmur. Böyük ehtimalla Gürcüstan bir daha MDB-yə qayıtmaq fikrinə düşməyəcək. Təbii ki, Gürcüstanda Rusiya ilə bir qonşu kimi münasibət qurmaq meylləri var. Bu, təbiidir, amma bundan uzağa gedən və macəra dolu nəticələr çıxarmağa dəyməz.

«Gürcü arzusu» da Rusiyada düşünüləndən fərqlidir. Böyük ehtimalla insanlar götür-qoy edə, müqayisə apara bilirlər. B.Ivanishvili keçmiş sənaye rayonlarını gəzərək insanlara buradakı müəssisələri işə salacağını deyirdi. Gəl, bunların heç biri olmadı.

Mikheil Saakashvili və İlham Əliyev - 2010

Mikheil Saakashvili və İlham Əliyev - 2010

Amma tamam bədbinliyə qapılmaq üçün də əsas yoxdur. Əminik ki, bu torpağa sülh və əmin-amanlıq qayıdacaq. Burada yenə də nağıllar səslənəcək-çariça Tamara haqqındakı gözəl nağıllar...

AZƏRBAYCAN ARXAYINDIR...

Azərbaycanda Gürcüstan sarıdan bir arxayınlıq var. Bəli, Gürcüstana Azərbaycan lazımdır. Azərbaycanın sayəsində Gürcüstan böyük layihələrdə iştirak edir.
Üstəlik, M.Saakashvili kimi radikal demokratın və qərbçinin dövründə iki ölkə arasında çox sıx münasibətlər bərqərar olmuşdusa, bunların G.Margvelashvili-nin dövründə təkrarlanması üçün heç bir problem yoxdur. Bu hakimiyyət nə qədər demokrat olsa da, M.Saakashvili-dən artıq demokrat olmayacaq, ondan artıq qərbçi olmayacaq. Əksinə, öz kürsüsü ucbatından xarici siyasətdə hər addımını ölçüb-biçən Azərbaycan hakimiyyəti üçün daha anlaşıqlı olacaq.

Ona görə də Bakıda arxayınçılıqdır. Gürcülər zarafatla deyir ki, Azərbaycandan Gürcüstana neft axırsa, Gürcüstandan da Azərbaycana Kür axır. Amma elə Kür də iki türk dövlətinin birindən o birisinə axır, sadəcə, həm də Gürcüstandan keçir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG