Keçid linkləri

-
Hər gün adamın beyninə bir söz, bir cümlə düşür və ha vuruş, ha çalış –yaxandan əl çəkmir. Bu «Sevgililər Günü»ndə də beyniməmi-diliməmi bircə cümlə ilişib:

Yuyucu toz qəlb təmizləməz!..

...Amma nə yaxşı olardı, nə gözəl olardı min cür tozlar-duzlar-buzlar qəlbi də təmizləsəydi. Hətta kampaniya da aparmaq olardı: «Fevralın 14-də iməcilik keçirib, qəlbləri təmizləyək!». Tanrım, nə yaxşı olardı: imkanlı prezidentdən imkansız bələdiyyə sədrinə, evlidən subayadək əlimizə gərəkli toz-duz-buz alıb bir-birimizi, türkün sözü, kisələyəydik!.. Elə günü bu gün – fevralın 14-də!..

...Vallahi-billahi, mən keşişdən-molladan uzaq adamam, amma-ancaq və lakin təmizkarlığı sevənəm. İllah ki insan içinin-içalatının da deyil, ruhunun arı və duru olmasından söhbət gedərsə...

...Amma çifayda: Yuyucu toz qəlb təmizləməz!..

Amma bir əmma da var: heç olmasa, sevgilinə, yəni xanımına, yəni dünyada ən doğma, ən yaxın, ən «olmazsa olmaz» adamına – yarına üz tutub ona bir hindu məsəlini xatırladasan:

«Arxamca gəlmə, mən öndə gedənlərdən olmaya bilərəm. Önümdə getmə, arxanca gələnlərdən olmaya bilərəm. Yanımda yeri, beləcə, hər ikimiz bərabərhüquqlu olarıq!»..

...Yarıbayarıyıqmı?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG