Keçid linkləri

-
Uşaqlıqdan getməyi arzuladığım şəhərin mərkəzindəyəm. «Ucaboy» binalar baş gicəlləndirir. Bütün dəbdəbə və sayrışan işıqlara baxanda, elə təsəvvür yaranır ki, sanki bu şəhər hansısa özəl bayrama hazırlaşır. Amma bu Hollivudun (Hollywood) adi halıdır...

Los-Ancelesə müəllimimlə görüşməyə gəlmişəm. Don Ray-i Jurnalistlər üçün Beynəlxalq Mərkəzdən (ICFJ) tanıyıram. O, jurnalist araşdırmalarına dair vaxtilə Bakıda keçirilən dördaylıq kursun təlimçilərindən biri idi. Don Ray ABŞ araşdırmaçı jurnalistlərinin veteranlarından sayılır, üstəlik, itmə təhlükəsiylə üzləşən tarixi abidələrlə bağlı layihənin icraçı direktorudur (Executive Director/CEO at The Endangered History Project, Inc.).

Sonuncu dəfə 6 il öncə gördüyüm müəllimimlə, necə deyərlər, dərdləşməyə və eyni zamanda getməyi arzuladığım şəhərdən birini görməyə elə çox vaxtım qalmayıb. Bir gün öncə San-Fransiskodan Los-Ancelesə avtobusla 7 saatlıq yol gəlmişəm. Bu gün də səhər tezdən oyanmışam. Los-Ancelesin turist xəritəsi də, bura gələcəyimi bilən dostlarımın göndərdiyi «görməli yerlər siyahısı» da əlimdə Don Ray-i gözləyirəm. Bir azdan Los-Ancelesdə gəzinti turu başlayacaq...

Don Ray Los-Ancelesin turist xəritəsinə baxandan sonra fikirli-fikirli xəritəni qatlayıb özümə qaytarır. Bir az sükutdan sonra üzünü mənə çevirərək soruşur: «Sən kinolardakı Hollivudu, yoxsa gerçək Hollivudu görmək istəyirsən?».

KİNOLARDAKI, YOXSA GERÇƏK HOLLİVUD?

Los-Anceles Kaliforniyanın susuzluqdan ən çox əziyyət çəkən bölgəsidir. Los-Ancelesdə göydələnlər

Los-Ancelesdə göydələnlər

Bu şəhər salınarkən, yalnız susuzluq deyil, yolsuzluq, enerji qaynaqlarından uzaqlıq, eləcə də pulsuzluq problemləri də yaşanıb.

Turist xəritəmi çantama qoyuram. Gerçək Hollivuda səyahətim Los-Ancelesin tarixindən başlayır...

Don Ray ətrafdakı dağları, dağların arasından görünən hündür binaları işarə edib deyir ki, illər öncə bu yerlər bütünlüklə dağlıq ərazilər idi. Burada şəhər salmaq üçün 5 ehtiyac ödənməliydi.

Ödənməli olan birinci ehtiyac su problemi idi. Bundan ötrü yüzlərcə kilometr uzunluğunda su kanalı çəkilir.

Dağlarla dövrələnən Los-Ancelesin başqa şəhərlərlə bağlantısı yox kimiydi. Şəhər salmaq üçün ikinci ehtiyac ödənilir – Los-Ancelesdə liman inşa olunur.

Üçüncü ehtiyac – enerji qaynağıydı. 1900-cü illərdə Los-Ancelesdə neft tapılır. Bununla da 3-cü ehtiyac ödənir. Amma təbii resurs da yaddan çıxarılmır – oduncaq üçün meşəlik salınır, kömür və s. axtarılır.
Los-Anceles - 1869

Los-Anceles - 1869


Yalnız dəniz nəqliyyatı yetmirdi. İnsanlar inkişaf üçün yaxınlıqda bazar yaratmaq zərurətini anlayırdılar. Məhsulu satışa çıxarmaq, əlaqələr qurmaq, gediş-gəlişi tezləşdirməkdən ötrü dəniz nəqliyyatı nə yetərli, nə də elə uğurlu idi. Bu problemi çözməkdən ötrü hava yoluna əl atdılar. O vaxt çıxış yolu kimi hazırlanan təyyarələrə görə, indi Los-Anceles dünyada təyyarə istehsalçısı kimi də ad qazanıb.

Və... 5-ci sonuncu ehtiyac ödənməli – iş yerləri açılmalı, insanların çalışıb qazanmasına imkan yaradılmalıydı. Məhz bu sonuncu ehtiyac Hollivudu dünyanın film istehsalı mərkəzinə çevirdi!..

YÜZ İL SONRA... 2000-Cİ İLLƏRİN LOS-ANCELESİ...

Los-Ancelesin küçələrində addımbaşı iri maşınlar görürsən. Bir-birinin ardınca 5-6 belə maşın düzülübsə, demək, yaxınlıqda film çəkilir. Belə maşınlardan birinin yanında dayanıb nə çəkdiklərini soruşuruq. Öyrənirik ki, çəkilişlər NBC-də yayımlanan «Growing Up Fisher» üçündür. Aktyorlar çəkilişə hazırlaşırlar, amma qrimlənmə azı yarım saat aparacaq deyə, onlarla sağollaşıb yolumuza davam edirik...
Los-Ancelesdə çəkilişlər

Los-Ancelesdə çəkilişlər


Yerli insanlar film çəkilişi mənzərəsinə alışıblar. Dünyaya yayılan filmlərin bir çoxu onların qonşuluğundakı studiyalarda hazırlanır. Los-Ancelesdə balaca, azı, bir balaca kinostudiyası olmayan küçə yoxdur. Bir vaxtlar təyyarə buraxan bir çox zavod indi kinostudiyaya çevrilib. Həmin studiyaların bəzisində pornofilmlər çəkilir. Belə kinolara çəkilən əsas qəhrəmanlarının çoxu Hollivud ünlüsü olmaq arzusuyla gələnlərdir.

Don Ray deyir ki, Los-Ancelesdə işi barədə suala «aktyoram» cavabı verən hər kəs, bilin ki, ya xörəkpaylayan, ya barmen, ya da satıcı olduğunu söyləmək istəyib. Dünyanın fərqli yerlərindən Hollivuda ulduz olmaq arzusuyla gələnlərin heç də hamısının yüyrək bəxti yoxdur. Onlar ən yaxşı halda geri dönür, ya da ofisiant, yaxud satıcı işi tapırlar. Ən pis halda isə... pornofilm istehsalçılarının caynağına keçirlər. Belə filmlərdə çəkilməyə razılıq verənlərin çoxu viza problemi olanlar, yaxud geri dönmək üçün pulu çatmayanlar, ya da, sadəcə, dünyanın ən bahalı şəhərlərindən sayılan Los-Ancelesdə keçinə bilməyənlərdir.

«LAND OF SECOND CHANGES»

Los-Anceles dünyanın ən müxtəlif millətlərinin daha çox yaşadığı yerlərdəndir. Bura yalnız ün qazanmaq istəyənlərin deyil, bir dəfə uduzsa da, yenidən udmaq arzusuyla gələnlərin şəhəridir. Buna görə də Los-Anceles «ikinci şans torpağı» da adlanır.
Ford Station Wagon

Ford Station Wagon


Burada xeyli erməni yaşayır. Don Ray deyir ki, taksi sürücülərinin əksəriyyəti ermənilərdir. Düzdür, Mərkəzi Amerikadan, ərəb ölkələrindən, Çin və Hindistandan gələnlər daha çoxdur...

Los-Ancelesdə cürbəcür modelli müxtəlif avtomobillər də diqqətimi çəkdi. Don Ray avtomobillərə olan marağımı görüb məni Freddy Chaparro ilə tanış edir. Freddy-nin qədim maşınlar və təyyarələr haqda kitab mağazası var. Bu adamın özü ilə bağlı, həm də bir-birindən maraqlı hekayələri bitmək bilmir. Sıra avtomobillərə çatınca, ən xoşladığı modellərdən maraqlı hekayətlər danışır. Söhbətini 1966-cı ildə aldığı və 46-cı ildir sürdüyü «Ford station wagon»la davam etdirir.

LOS-FELİZ RƏVAYƏTİ...

Los-Feliz Los-Ancelesin ən bahalı tarixi evləri və məşhur sakinləri olan hissəsidir. Los-Felizi həm də xoşbəxtlik, uğur torpağı kimi tanıdırlar. Los-Feliz parkında böyük yanğın - 2007

Los-Feliz parkında böyük yanğın - 2007

Don Ray-dan bunun səbəbini soruşanda lap əvvəldən başlayır – bu torpaqların sahibi Pedro Fages Feliz-dən başlayır. İspaniya əsilli Pedro 1700-cü illərdə yaşayıb və tanınmış hərbçi olub. O, sevdiyi qızla yox, başqası ilə evlənib və bu üzdən sevdiyi qız onu qarğışlayıb. Bu lənətdən sonra Pedro ard-arda uğursuzluqlar yaşayıb. O, uğursuzluqların həmin qızın lənətindən qaynaqlandığını düşünərək İspaniyaya köçüb. 1800-cü ilin sonlarında bu torpaqları Griffith Jenkins alır. Rəvayətə görə, bu yerlərin lənətləndiyini xatırladaraq hər kəs Griffith Jenkins-i fikrindən daşındırmaq istəyib. Amma Griffith Jenkins öz bildiyini edib. Daha sonra qısqanc arvadına dözə bilməyən Jenkins onu öldürüb həbsə düşür. O, həbsdən çıxandan sonra bu torpaqlarda böyük park saldırır və ölümündən sonra həmin yerlərin dövlət mülkiyyətinə keçirilməsini vəsiyyət edir.

Lənəti qovmaq üçün bu yerlərə «xoşbəxtlik və uğur torpağı» adı versələr də, insanlar hələ də bu torpaqlarda lənətin olduğuna inanırlar. Onları haqlı çıxaran olaylar da az deyil: 1933-cü ildə parkdakı yanğında 28 nəfər ölüb, 150 nəfər yaralanıb...​1961-ci ildə parkın cənubunda 330 hektarlıq ərazidə törənən yanğında xeyli ev yanıb-külə çevrilib... Sonuncu böyük yanğın 2007-ci ildə baş verib...

Los Ancelesdə Çin şəhərciyi

Los Ancelesdə Çin şəhərciyi

ƏSL LOS-ANCELESLİLƏR...

Los-Ancelesin hündür və dəbdəbəli binalarının yanından keçib, ara yollarla yolumuza davam edirik. Don Ray bir-iki mərtəbəli sadə evləri göstərib deyir ki, bax, əsl Los-Anceles buradır. Hündür binalarda, bahalı villalarda yaşayanların çoxu sonradan Hollivuda gələn məşhurlardır...

Don Ray-in özü Burbankda – ən çox kino çəkilən yerdə yaşayır. Küçədə gəzən, restoranda oturan, ya da avtobusda gedən – bir sözlə, arxa plan çəkilişlərinin qeydiyyat mərkəzi – «Central Casting» Burbankda yerləşir. Önündə xeyli növbə var. Cavanlarla yanaşı, yaşlılar da növbə tutublar. Qeydiyyata düşmək üçün sıra gözləyirlər. Arxa plan çəkilişləri məşhurlaşmaq istəyənlər, özlərini və istedadlarını film istehsalçılarına göstərmək fikrinə düşənlərdən ötrü ilk və ən yaxşı fürsətdir...

Şərhləri göstər

XS
SM
MD
LG