Keçid linkləri

-
Bir-iki ay bundan əvvəl “Rusiya müharibəyə yerikləyir” yazanda doğrusu güman etmirdik ki, belə tezliklə müharibə öz soyuq nəfəsi ilə onsuz da soyuq qış günlərini bir az da soyudacaq.

Bəli, V.Putin müharibəyə cəhd etdi. Amma çox güman ki, dünya birliyinin təzyiqini hiss edəndən sonra əvvəlki fikrindən daşınmalı oldu. Artıq martın 4-də belə xəbərlər yayıldı ki, Rusiya qoşunlarına geri çəkilmək əmri verilib.

Ölkə mətbuatı bunu da çox özünəməxsus tərzdə yozdu. Elə yazdılar ki, sanki heç bir neçə həftə bundan əvvəl V.Putini Ukraynaya hərbi müdaxiləyə səsləyən onlar deyildi.

UKRAYNA HAQQINDA DÜŞÜNÜRDÜLƏR, AMMA...

Rusiya hərbçilərinin məsələyə münasibəti isə lap orijinal oldu. Onlar dedilər ki, Ukrayna haqqında fikirləşirdik, amma Mərkəzi Asiya haqqında qərarlıyıq. Yəqin güman edirlər ki, nə vaxtsa Mərkəzi Asiyada möhkəmlənmək fikrində olsalar dünya birliyi bu ölkələri Ukrayna kimi müdafiə etməyəcək.

Burada birmənalı fikir yürütmək çox çətindir. Təbii ki, Mərkəzi Asiyada elə siyasi rejimlər bərqərar olub ki, demokratik dövlətlərin onların müdafiəsinə qalxması o qədər də inandırıcı görünmür. Amma bir ölkənin içindəki siyasi sistem heç də onun ərazi bütövlüyünü dəyişmək, suverenliyinə müdaxilə etmək üçün əsas vermir.

Qırğızıstanı çıxmaq şərtilə Mərkəzi Asiyadakı rejimlər despotik rejimlərdir. Amma bu regionun Avropaya çox ciddi təklifi var; söhbət karbohidrogen ehtiyatlarından gedir. Mərkəzi Asiya regionu qədər heç bir bölgə Avropanı Rusiyanın enerji aslılığından qurtarmağa iddialı görünmür. Bunu ylanız bu region gerçəkləşdirmək iqtidarındadır.
Əslində Rusiyanı ən böyük təhlükə məhz Mərkəzi Asiyadan gözləyir. Rusiya bu regionun hesabına özünün valyuta ehtiyatlarını artırmaqda davam edir və bu valyuta axını dayansa Rusiyanın üçüncü dövlətə çevrilməsi labüddür.

Elə indi də böyük güclər Rusiyanı bu statusda görür. Amma sərəncamındakı bir neçə yüz milyard dollarlıq valyuta ehtiyatı Rusiyanı həqiqətən də oynadır.

GÜNƏŞ ŞƏRQDƏN ÇIXIR...

Amma Mərkəzi Asiya məsələsi Rusiya siyasətində daha dərin məzmuna malikdir. Bəzi Rusiya strateqləri çoxdan təklif edirdi ki, gəlin Rusiyanı Qazaxıstanla əvəz edək. Qazaxıstan da bu rola iddialı görünüb. Amma bu, Rusiyanı birdəfəlik Asiya dövlətinə çevirərdi. Digər strateqləri də qorxudan elə budur.

Doğrusu, bu perspektiv bizə bir o qədər də ayıdn deyil. Məsələ bundadır ki, artıq Asiya sözü özünün əvvəlki mənasını itirib, daha o, gerilik mənasını da vermir. Asiya indi Yaponiya, Çin, cənub-şərqi Asiya ölkələri deməkdir ki, dünyanın bir çox dövlətləri onların yerində olmaq istərdi. Amma Ruisyanı bu perspektiv nədənsə çox narahat edir. Halbuki Rusiya slavyanistləri ölkələrini məhz bu statusda görmək istəyirdilər. Məhz onlar deyirdi ki, Qərblə Şərq heç vaxt qovuşa bilməz, çünki Günəş Şərqdən çıxır, Qərbdə isə batır...

Məsələyə real gözlə baxanda görürsən ki, Rusiyanın heç Asiyaya da təklif etməyə bir şeyi yoxdur. Rusiya texnokratik dövlət olan Yaponiyaya, Çinə nə təklif edəcək? Yalnız öz bazarlarınımı?

Hansı səmtə baxırsan, Rusiyanı yalnız bir perspektiv gözləyir: kimin üçünsə resurs mənbəyi və bazar olmaq. Bu ölkə özünün hərbi və geosiyasi iddialarından əl götürsəydi ortabab bir Avropa ölkəsi ola bilərdi. Özünə bir qədər əziyyət versəydi Asiyanın “ikinci eşelon” dövlətlərindən biri olardı və cəmiyyəti də iztirablardan qurtulardı.

Amma onlar böyüklük iddiasındadırlar. Bu, bəlkə də psixologiya məsələsidir.
Cəmiyyət də bu mərəzə tutulub. Bu bir neçə gündə Ukrayna və ukraynalıların haqqında nələr yazmadılar, ilahi?

Nə etmişdi Ukrayna? Öz istiqlal haqqını dilə gətirmişdi. Bu ölkənin insanları Rusiyadan fərqli olaraq böyüklük iddiasında deyillər, onlar normal yaşamaq və normal dövlət qurmaq iddiasındadırlar. Onların “suçu” budur. Doğrudanmı buna görə onlara müharibə elan etmək lazımdır?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG