Keçid linkləri

-
Ukraynanın Ali Radasında ölkənin NATO-ya inteqrasiyasını dəstəkləyən qanun layihəsi qeydə alınıb. Bəlkə də bu, Ukraynanın öz ətrafında baş verən hadisələrə ən yaxşı cavabıdır- ölkə Rusiyanın təzyiqlərinə baxmayaraq tutduğu yoldan dönmək fikrində deyil.

V.PUTİNİN İKİ PLANI

İndi Rusiya qoşunlarının Ukraynanın içərilərinə doğru hərəkəti dayandırılsa da bu ölkə de-fakto olaraq Krıma nəzarət edir.

Əslində Rusiya prezidenti V.Putinin 2 planı vardı: minimum və maksimum planlar.

Minimum plan Krımın “müstəqilliyi”ni artırmaq və onu ikinci Dnestryanı Respublikaya çevirmək idi.

Maksimum plana görə isə Ukrayna bir neçə hissəyə parçalanmalı idi. Maksimum planın qarşısı dərhal alındı. Bunu ABŞ-ın və aparıcı Avropa ölkələrinin uğuru hesab etmək olar.

Amma V.Putin münaqişəni iki mərhələyə çevirə bildi. Faktiki olaraq, Ukrayna ərazisinin digər hissələrinin işğalının dayandırılması müqabilində Krım məsələsi bir qədər arxa plana keçdi. Düzdür, səylər davam edir, danışıqlar aparılır, məsələ bir an belə unudulmur. V.Putin Rusiya qoşunlarının hətta Krımda belə mövcudluğunu inkar etsə də bu bölgəyə mərkəzi Ukrayna hakimiyyəti nəzarət edə bilmir.

Krımla bağlı münqişənin ən böyük təhlükəsi nədədir?

ON İLLƏRİN BOYUNDURUĞU

Rusiya qoşunları Krıma doğru irəliləyərkən yazmışdıq ki, Rusiyaya Krımın Ukraynadan qopması deyil, onun daxilində qaynar nöqtəyə çevrilməsi daha çox sərf edir.

Əgər Krım Dnestryanı Respublika, Qarabağ kimi problemə çevrilsə o, Ukrayna dövlətinin boyunduruğu olacaq. Rusiya bundan istifadə edərək Ukraynanın siyasətini daim tənzimləməyə, idarə etməyə çalışacaq.

Rusiya siyasətçiləri düz 26 ildir ki, Qarabağ probleminin açarının onlarda olduğunu deyirlər. Azərbaycan da 26 ildir ki, bu açarın işə salınmasını gözləyir, amma açar işə salınmır, salınmayacaq da. Amma Azərbaycan ümid və gözlənti içindədir, daim Rusiyaya xoş gəlməyən bir hərəkət etməkdən ehtiyat edir, ona görə ki, kələfin ucu Rusiyanın əlindədir.

İndi Ukrayna da Krıma qaynar nöqtə olmağa imkan versə eyni vəziyyətə düşəcək. Rusiyanın ondan birinci tələbi nə olacaq? Təbii, NATO ilə əlaqələrin minimuma endirilməsi! Avropa ilə bağlı siyasətin Rusiya ilə razılaşdırılması!

Bunlar azad olmaq istəyən Ukraynaya sərf edəcəkmi? Güman etmirik. Bəli, Rusiya Ukraynanı MDB-də saxlamaq üçün “rıçaq” tapdığını zənn edir. Təbii ki, indi Ukraynada mövcud olan hakimiyyət buna getməyəcək. Ona görə də onların bir yolu qalır: Krımın qaynar nöqtəyə çevrilməsinin qarşısnı almaq! Amma artıq geç deyilmi? Əslinə qalsa, bu situasiyada Ukraynadan asılı olan çox az şey var. Daha çox məsələ ABŞ-dan və Avropa ölkələrindən asılıdır. Yuqoslaviya hadisələrini yada salmaq lazımdır. Avropa öz qoynunda ikinci müharibə oacağının yaranmasını istəyirmi?

NATO BABA, NATO CAN...

Yuqoslaviyada Rusiya siyasəti tam fiaskoya uğradı. Hər şey dözülməz həddə çatmışdı və birdən NATO təyyarələri havaya qalxdı, necə illərin müharibə və etnik münaqişələr ocağı söndü.

Artıq Moldovo da öz təhlükəsizliyinin təmin olunması üçün NATO-ya müraciət edir. Qeyd etdiyimiz kimi, Ukrayna da bu bloka ümidlə baxır. Daha yaxşı olardı ki, NATO uzaq Əfqanıstanla bahəm Avropanın kandarında da sahman yaratmağa başlasın.

Ola bilsin, kiçik bir ərazinin Ukraynadan qopa bilməsi Qərb dövlətlərini bir o qədər də əndişələndirmir. Ona görə ki, hətta bu halda da Ukrayna ərazi baxımından Avropanın ən böyük dövlətlərindən biri kimi qalacaq. Amma itki itkidir. Üstəlik, bu hadisə presedentə çevrilə bilər, Rusiyanın ekspansiv siyasətini bir az da artırar, ona daha böyük temp verər. Əslində Gürcüstandan sonra presedent yarandı. İndi hətta ən nüfuzlu Qərb siyasətçiləri də etiraf edir ki, Rusiya Ukraynada Gürcüstan ssenarisini həyata keçirir.

Bir daha düşünmək olar ki, Krım kiçik ərazidir, üstəlik Ukraynanın tərkibinə 1954-cü ildə verilib. Amma zəmanət varmı ki, Krım da presedentə çevrilməyəcək? Sabah təcavüz siyasəti Mərkəzi Asiyaya, məsələn, Qazaxıstanın şimal ərazilərinə doğru istiqamət götürməyəcək? Hər şey ola bilər. Amma 21-ci əsrdə dünyada hər şey olmamalıdır, o şeylər olmalıdır ki, onlar hamının maraqlarını nəzərə alır...

Şərhləri göstər

XS
SM
MD
LG