Keçid linkləri

-
UKRAYNA KRIMI İTİRDİMİ?

Dövri Rusiya mətbuatı ABŞ-ın və Avropanın ölkənin sərhədlərinə yaxınlaşmasından elə bir təlaşla yazır ki, adamın o ölkələrlə həqiqi həmsərhəd olan dövlətlərə lap yazığı gəlir.

Düzdür, təlaş üçün müəyyən qədər əsas var. Bu günlərdə ABŞ hərbi gəmisinin də Ukrayna sahillərinə yan aldığı xəbər verildi. Amma insanları ehtiyatlandıran və dünya mətbuatını qayğılandıran Ukraynanın Avropaya yaxınlaşması və bunun nəticəsi kimi Avropanın Rusiyaya “bir köynək” yaxın olması deyil, Rusiyanın Ukrayna ətrafında açdığı siyasi oyundur.

Bu oyun isə heç də adi uşaq oyunu deyil. Dünya birliyi Ukraynanın suverenlyini və ərazi bütövlüyünü qorumaqda qərarlıdır. Amma bu, o vaxt baş verə bilərdi ki, Rusiya ordusu Ukraynanın içərilərinə doğru hərəkətini davam etdirərdi.

İndi isə, Rusiyanın bu hərəkəti dayandırılandan sonra, bir daha böyük hərbi əməliyyatların başlanacağını güman etmək elə də əsaslı görünmür. Daha çox o perspektiv fərz edilir ki, Qərb ölkələri Rusiyanı diplomatik yolla Ukrayna ərazisindən kənarlaşdırmağa cəhd edəcək.

Amma ən mahir diplomatiyanın da aciz qaldığı vaxtlar olur. Bu halda daha kəsərli yol bəlkə də Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsi ola bilərdi. Etiraf etmək və bir daha konstatasiya etmək olardı ki, Rusiyanın Ukraynanın içərilərinə doğru hərəkətini məhz sanksiyalar qarşısında qorxu dayandırdı.

Böyük ehtimalla Rusiya Krımdan əl çəkməyəcək. Elə Qərb ölkələri də onu bu ərazidən hələki qırağa tullamaq fikrində deyillər.

Ötən dəfələrdə yazmışdıq ki, Ukrayna Krımsız da Avropanın ərazi baxımından böyük dövlətlərindən biri hesab olunur. Ona görə də bu ərazinin Rusiyanın nəzarətinə keçməsi Avropanı bir o qədər də əndişələndirmir.

Bu, başqa bir ölkənin probleminə etinasızlıq deyil. Sadəcə, əvvəlcə çar, sonra da sovet Rusiyası keçmiş ittifaq ölkələrinin ərazisində elə “rıçaq”lar qurub ki, onların Rusiyadan ayrılması heç də asan olmasın.

Hazırda məhz belə “rıçaq”dan biri işə salınıb. Bu halda Ukraynanın ən böyük səhvi o olardı ki, Avropaya doğru inteqrasiyasını dayandırardı. Elə Avropanın da böyük səhvi Ukraynadan əl çəkməsi olardı.

GEOSİYASƏTİN İNDİKATORU

Bilirsiniz, məsələ nə vaxt aydınlaşacaq? Bunu Ukraynanın Avropa ilə təmaslarından bilmək olacaq. Əgər Avropa Birliyi və NATO tez bir zamanda Ukraynanı öz daxilinə qatsa, onda demək olacaq ki, Avropa Krım problemini də həll etmək niyyətindədir.

Bunun üçün isə hələ Ukraynada seçkilər keçirilməlidir. Müvəqqəti hökumət Avropaya inteqrasiya məsələsində israrlı görünür. Bu günlərdə yeni baş nazir açıq mətnlə bildirdi ki, onun ölkəsi Rusiyanın filialı olmayacaq, öz qərarlarını onunla razılaşdırmayacaq. Üstəlik, baş nazir Avropa Birliyilə saziş imzalamaq məsələsində də qərarlı olduğunu bəyan etdi.

İndi siyasətin topu Avropa tərəfdədir. Onun ilk qərarı ilə Ukraynanı hansı perspektivin gözlədiyi məlum olacaq. Hələlik çox cəlbedici bəyanatlar verilir.
Onların səmimiliyinə inanmamaq üçün əlimizdə elə bir əsas yoxdur.
Amma burada kiçik bir nüans var. Prosesin lap başlanğıcında Qərb siyasətçiləri də etiraf etdilər ki, Rusiya Ukraynaya qarşı Gürcüstan ssenarisini həyata keçirir.

Gürcüstanda da Rusiya qoşunlarının ölkənin içərilərinə doğru hərəkəti dayandırıldı, legitim hakimiyyətin devrilməsinin qarşısı alındı. Amma Osetiya və Abxaziya Rusiyanın nəzarətinə keçdi. İndi oxşar mənzərə təkrar olunur- ukraynalılar Avromaydanda, etnik ruslar isə Krımda mitinq keçirirlər...

HƏQİQƏTƏN DƏ MÜSTƏQİL OLMAQ...

Bu proseslər adamı maraqlı bir fikrə sövq edir. Böyük əminliklə demək olar ki, Baltikyanı ölkələr çıxılmaq şərtilə digər keçmiş sovet respublikalarının müstəqilliyi siyasi fiksiya imiş. Onlar hələ də özlərinin əsas qərarlarını Rusiya ilə razılaşdırmaq məcburiyyətində imiş.

Məsələyə bu baxımdan yanaşanda demək olar ki, Ukrayna həqiqi müstəqillik uğrunda indi mücadiləyə başlayıb. Proseslər uğurla başa çatsa, onda demək olacaq ki, bəli, kobzarlar öz nəğmələrini oxumağa başlaya bilərlər, Ukrayna artıq həqiqətən də müstəqildir.

Bu vəziyyət digər GUAM ölkələri, xüsusən də hələ də sükut içində bulunan Azərbaycan üçün bir işarə olmalıdır. Təbii ki, o, həqiqi müstəqilliyi dadmaq və özünün Rusiyanın siyasi “vassalı” olmadığını sübut etmək istəyirsə...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG