Keçid linkləri

-
V.PUTIN-İN «FULTON ÇIXIŞI»

Krım dünyanı da iki yerə böldü: Krıma qədərki dünya vardı və bir də Krımdan sonrakı dünya var. İndi insanlar bu bölgünün hansı geosiyasi nəticələrə gətirib çıxaracağını düşünürlər.

Amma nəticə aydındır: Qərb etiraz edir, Rusiyanı Krımdan çıxmağa çağırır, Rusiya isə bütün bunları qulaqardına vurur.

Adətən belə hallarda qarşıdurma yaranır: əgər təqsirkar, dünya birliyinə qarşı gedən dövlət «dişə vurmalıdırsa» mübahisələr hərbi yolla çözülür, ya da ki, bu, mümkün deyilsə, münasibətlər uzun müddətə dondurulur. İndiki halda nəyin baş verəcəyini demək o qədər də çətin deyil.

I.Stalin-in ən böyük günahı bəlkə də Avropanın və Asiyanın yarısını işğal etməsi, milyonlarla insanı düşərgələrdə tələf etməsi deyil, Rusiya kimi bir dövlətin əlinə nüvə silahı verməsidir. İndi Rusiya da bu nüvə amilindən çox məharətlə istifadə edir.

Ona görə də bir Krım yarımadası 3-cü Dünya müharibəsinin, özü də nüvə müharibəsinin başlanması üçün səbəb ola bilməz, çünki bu, hədsiz dərəcədə böyük «prinsipiallıq» olardı. Xüsusən də nəzərə alanda ki, beynəlxalq hüquqda elə bir prinsip də yoxdur. Cəmi bir prinsip var ki, o da dünya siyasətində heç bir prinsipin olmadığını təsdiq edir.

Rusiya Krımı Kosovoya cavab adlandırır. Amma bir hadisəyə neçə cavab ola bilər? Axı Abxaziya və Cənubi Osetiya da Kosovoya cavab idi?

Vladimir Putin çıxış edir - 18 mart 2014

Vladimir Putin çıxış edir - 18 mart 2014

İlk baxışdan nəzərə çarpan da odur ki, Rusiya tutarlı arqumentlər tapmaq üçün özünə əziyyət vermək istəmir, deyir ki, Krımın istilasını artıq baş vermiş fakt kimi qəbul edin.

V.Putin-in təntənəli çıxışını oxuduq. Rusiyalı politoloqlar bunu V.Putin-in «Fulton çıxışı» adlandırırlar. Yada salaq ki, belə adda çıxışla 68 il bundan əvvəl, 1946-cı ildə W.Churchill çıxış etmişdi. Həmin çıxış «soyuq müharibə»nin başlanğıcı, onun manifesti hesab edilirdi.

V.Putin-in çıxışı bir o qədər də əlamətdar olmadı. Biz orada «dəmir pərdə» kimi uğurlu ifadələrə rast gəlmədik. Bir fikir yadımızda qaldı. V.Putin deyir ki, yayı çox sıxsan o sənin üstünə gələr, ona görə də Rusiyanı sıxmaq olmaz.

Amma onlarla güclü, dünya iqtisadiyyatının bazisi hesab edilən ölkələri necə? Onları sıxmaq olarmı? Onlar da adamın üstünə gəlməzlərmi?

LAL MÜHARİBƏ

Nüvə silahının yaradıcıları deyirdi ki, biz bu silahı yaratmaqla dünyanı qlobal müharibədən xilas etdik. Doğrudur. Amma qismən. 3-cü Dünya müharibəsi oldu, amma lal formada-güllə səsi eşidilmədi, toplar işə düşmədi, tanklar irəli cummadı, bu müharibə təxminən yarım əsr çəkdi. Adına da «soyuq müharibə» dedilər.

İndi dünya liderləri bir daha belə bir müharibənin mümkünlüyünü araşdırırlar. Ona görə də istisna deyil ki, dünya ölkələri bir daha soyuq savaşa start verəcəklər.
Vladimir Putin Gümrüdə yerləşən 102 saylı hərbi bazada - 2 dekabr 2013

Vladimir Putin Gümrüdə yerləşən 102 saylı hərbi bazada - 2 dekabr 2013


İndi «Dnestryanı Respublika»nın da Krım yolu ilə gedəcəyi bildirilir. Bir də gördün ki, Qarabağda da bu yola əl atdılar, Rusiya ilə birləşmək qərarına gəldilər. Ermənistan hələ ki, bu kartı işə salmır, onu ehtiyat aerodrom kimi əlində saxlayır. Amma şübhə yoxdur ki, Ermənistan Dağlıq Qarabağ münaqişəsini uduzduğunu görsə, o, da bu yola əl atacaq. Amma siyahı tək bu ərazilərlə məhdudlaşmır. Təminat varmı ki, sabah Rusiya, tutaq ki, Qazaxıstanın şimal hissəsinə, rusdilli əhalinin yaşadığı ərazilərə iddia etmək fikrinə düşməyəcək? Prinsipcə, hər şey ola bilər.

Ona görə də çox adam bu fikirdədir ki, Rusiyanı yalnız ciddi «soyuq müharibə» cilovlaya bilər. Onun da əlamətləri artıq görünür. Təbii ki, bu cəhd daha çətin olacaq. Ona görə ki, Rusiya daha SSRİ deyil, bazar iqtisadiyyatı olan ölkədir.

Fikir verin. Nə qədər çalışırlar İranı çökdürə bilmirlər. Niyə? Səbəb nədir?
O səbəbdən çökdürə bilmirlər ki, iqtisadiyyatı inzibati-planlı iqtisadiyyat deyil və böyük təbii ehtiyatları var. Rusiya da belədir. Təsəlliverici fakt odur ki, onun bütün büdcəsi ABŞ-ın hərbi büdcəsindən azdır. Elə bu səbəbdən Rusiyanı bir daha silahlanma yarışına çəkmək mümkün olsa, böyük ehtimalla o, çökəcək, özü də daha qısa zamanda.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG