Keçid linkləri

.
BAŞ GİCƏLLƏNDİRƏN SUALLAR...

İnsanlar və cəmiyyətlər siyasətə öz stereotiplərini, davranş vərdişlərini gətirirlər. Bu mənada Rusiya çox spesifik ölkədir. Bu ölkə həmişə hansısa qəliz suallar yaradır, sonra da min əzab və zillətlə onlara cavab tapmağa çalışır.

Ölkələri həyata və o cümlədən də siyasi gercəkliklərə münasibətinə görə iki qrupa ayırmaq olardı: bir qəlizlikləri sadələşdirib yaşayanlar var və bir də əksinə, sadə vəziyyətləri qəlizləşdirənlər. Rusiyanı böyük uğurla məhz ikincilərə aid etmək olardı.

İndi Rusiya mətbuatına nəzər salanda nələri görmək olur? Bəli, rusiyalı təhlilçilər “Ukrayna niyə müqavimət göstərmir?” sualı üstündə baş sındırırlar. Bu, adama bir az gülməli, bir az da anlaşılmaz görünür. Elə dərhal soruşmaq istəyirsən ki, nədir, istəyirdiniz ki, Ukrayna müqavimət göstərsin?..

Bu yaxınlarda “Levada-Mərkəzi”nin keçirdiyi sorğunun nəticələri açıqlanmışdı. Rəyi soruşulanların dörddə-üçü Ukrayna-Rusiya müharibəsi başlayacağı təqdirdə hakimiyyəti müdafiə edəcəyini bildirmişdi.

Təbii, bu, çox ciddi siyasi və geosiyasi məsələdir. Ukrayna düz elədi ki, Rusiyaya müqavimət göstərmədi. Rusiya bunu istəyirdi. Hələ yanvar ayında yazmışdıq ki, Rusiya müharibəyə “yerikləyir”.
Rusiyalı təhlilçilər “Ukrayna niyə müqavimət göstərmir?” sualı üstündə baş sındırırlar. Dərhal soruşmaq istəyirsən ki, nədir, istəyirdiniz ki, Ukrayna müqavimət göstərsin?..

Rusiya prezidenti V.Putin, sadəcə Soçi olimpiadasının bitməsini gözləyirdi. O, qorxurdu ki, Rusiyanın son yüz ildə ikinci olimpiada təşəbbüsü bu dəfə də baş tutmaz, hamı idman üçün fantastik məsrəflər hesabına başa gələn bu böyük tədbiri boykot edər. Olimpiada bitdi, müharibə başladı.

İKİ FƏRQLİ PSİXOLOGİYA

Amma güman etmirik ki, bu məsələ, Rusiyanın təcavüzü qarşısında Ukraynanın sükutu, təkcə siyasi gedişdir. Bu, həm də psixoloji məsələdir.

İkinci Dünya müharibəsi çoxdan bitib. Üçüncü müharibə olmadı. Bu dövr ərzində müəyyən ictimai-siyasi mentalitet formalaşdı. Bu mentalitet həm fərdlərin, həm də cəmiyyətlərin davranışında özünü biruzə verir.

Daha ölkələr özünə ərazi birləşdirmək üçün müharibə etmir. Müharibələr olur, amma onlar başqa rakursda təqdim olunur, daha çox zəruri humanitar müdaxilə kimi həyata keçirilir.

Məsələn, son bir neçə ildə ABŞ bir neçə müharibə edib. Di gəl, bu ölkə özünə ərazi birləşdirməyib.

Rusiya isə davamlı olaraq özünə ərazi birləşdirməklə məşgul olur. İndi ərazi birləşdirənləri 19-cu əsrin ölkələri adlandırırılar. Deyilənə görə Rusiya əsgərləri Gürcüstanda kazarmanın divarına yazıblarmış ki, hörmətli gürcülər, taktikanı və texnikanı yaxşı öyrənin, növbəti dəfə gələndə soruşacağıq!..

MƏDƏNİYYƏT VƏ ZOR

Rusiya Gürcüstana hücum edərkən dərhal gürcü qaçqınları peyda oldu. Bunu qorxaqlıq kimi yozanlar da oldu. Amma Gürcüstanı daha mədəni və sivil ölkə hesab edənlər daha çox oldu.
Daha ölkələr özünə ərazi birləşdirmək üçün müharibə etmir. Müharibələr daha çox zəruri humanitar müdaxilə kimi həyata keçirilir.

Sivil cəmiyyətin plebeylər qarşısında aciz qalmasını başa düşmək olar. Bəli, faşistlər də yaxşı addımlamağı, farağat dayanmağı və vuruşmağı bacarırdılar. Bütün Avropa bir neçə günün içində faşist Almaniyası qarşısında çökdü.
Buna görə avropalıların hamısını fərari və qorxaq hesab etmək olarmı? Əsla. Süqut edən Avropa ölkələri sadəcə daha mədəni və sivil idilər.

Rusiya və Ukrayna münasibətlərinin də indiki durumuna bu konteksdən yanaşmaq olardı. Bəli, Rusiya bu gün Ukraynanı başa düşə bilmir. Bu ölkə anlaya bilmir ki, Rusiya hətta uzaq, özününkü olmayan torpaqlar uğrunda vuruşur, amma di gəl, Ukrayna öz torpaqları uğrunda vuruşmur?

Cavab isə sadədir. Ukrayna siyasi rəhbərliyi daha mədəni davrandı. Onlar belə bir faktla hesablaşmalı oldular ki, Krımın əhalisinin əksəriyyətini ruslar təşkil edir. Bu, nəzərə alınmalı amil idi.

Kiyev başa düşdü ki, süngü müstəvisində Rusiya ilə müqayisədə daha zəifdir. Amma onun gücü tamam başqa istiqamətdədir. O, Rusiyadan fərqli olaraq etiraf etməyi bacarır.
...faşistlər də yaxşı addımlamağı və vuruşmağı bacarırdılar. Bütün Avropa bir neçə günə onların qarşısında diz çökdü. Buna görə avropalıların hamısını fərrari və qorxaq hesab etmək olarmı? Əsla. Sadəcə Avropa ölkələri daha mədəni və sivil idilər.


Ukrayna etiraf edə bildi ki, bu vaxta qədər getdiyi yol düzgün olmayıb. Rusiya isə bunu etiraf edə bilmir. Nə olsun ki, döyüşə bilirlər?

Rusiyanın ərazisi onsuz da böyük idi. Krımı da birləşdirdilər, lap bir az da böyüdü. Nə oldu? Orta statistik rusiyalının təfəkküründə və həyatında yeniliyə doğru nəsə dəyişdimi? Heç nə dəyişmədi.

Belə getsə heç dəyişməyəcək də. Əgər dəyişsəydi Rusiya təhlilçiləri indi “Ukrayna niyə müqavimət göstərmir?” sualı üzərində baş sındırmazdılar.

Şübhə etmirik ki, Rusiya Ukraynanı həqiqətən də başa düşə bilmir. Bunu tam səmimiyyətlə deyirik. Ona görə ki, Rusiya cəmiyyəti hələ özünü dərk edib qurtara bilməyib...
Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
Sən də fikirlərini yaz, aşağıdakı forumda bölüş.

Şərhləri göstər

XS
SM
MD
LG