Keçid linkləri

Azadlığın qiyməti


Arxiv fotosu: MDB ölkələrinin Belorusda keçirilən sammiti öncəsi vurulan plakat. Minsk, 23 oktyabr 2013

Arxiv fotosu: MDB ölkələrinin Belorusda keçirilən sammiti öncəsi vurulan plakat. Minsk, 23 oktyabr 2013

-

SİYASƏT, YOXSA İSTERİKA?

Artıq Moldova vətəndaşlarına Avropanın əksər ölkələrinə - Şengen sazişinin əhatə etdiyi ölkələrə getmək üçün viza tələb olunmayacaq.

Moldova rəsmiləri hətta belə hesab edir ki, bu hadisə ölkənin dəyərini vətəndaşların, xüsusən də özünü müstəqil elan etmiş tanınmamış “Dnestr Respublikası”nda yaşayan separatçıların gözündə bir qədər artıracaq.

Nə demək olar? Həqiqətən də mühüm hadisədir. Avropa İnsan Haqları Məhkəməsinə müraciət etmək hüququndan sonra bu, hələ də MDB-də qalmağa məcbur olan Avropa ölkələrinin vətəndaşlarına ikinci real hədiyyədir.

Nəzərə almaq lazımdır ki, buna aparan yol heç də asan olmadı. Avropa Birliyi ilə assosiasiya sazişi imzalayan ölkələr nələrdən keçdi? Moldova hətta öz təhlükəsizliyini təmin etmək üçün NATO-ya müraciət etməli oldu. “Dnestr Respublikası” isə Krımın ardınca Rusiyaya müraciət etdi. Siyasətçilər və təhlilçilər hələ də bu müraciətlərin nəticə və təzahürlərini siyasətin axır vaxtlar xeyli mürəkkəbləşmiş palitrasında axtarırlar.

Assosiasiya sazişləri imzalanarkən yazmışdıq ki, bunlar MDB-nin siyasi qürubunun başlanğıcıdır. Bundan sonra Rusiya ya isterik siyasi hərəkətlər edəcək, ya da öz geosiyasi taleyilə barışaraq birdəfəlik “Asiya ölkəsi” statusunu qəbul edəcək və MDB-ni Mərkəzi Asiya ölkələrilə yaşatmağa çalışacaq.

Amma Rusiya isterik siyasi hərəkətlər yolunu tutdu - Ukraynadan elə yapışdı ki, dünya birliyi bu ölkəni hələ də onun pəncəsindən qopara bilmir.
Rusiya deyir ki, ya azadlığınız və müstəqilliyiniz üçün torpaqlarınızın bir hissəsindən keçin, ya da, torpaqlarınızın qalması müqabilində azadlığınızı məhdudlaşdırın!

Fəqət, dünya birliyinin özü də yeni reallıqları nəzərə almaqda acizdir. Dünyanın yaxın geosiyasi konfiqurasiyası dəyişməlidir. İndi yaranan geosiyasi boşluq başqa təhlükəsizlik münasibətlərilə doldurulmalıdır.

Ona görə də əvvəl belə güman edildi ki, bu il NATO-nun Uelsdə keçiriləcək sammitində irəliyə doğru çox ciddi addımlar atılacaq - bir neçə MDB ölkəsi NATO-nun üzvlüyünə qəbul ediləcək. Amma sonrakı bir neçə bəyanat bunun hələ tez olduğunu düşünməyə əsas verir.

Rusiya da müəyyən mənada bu tərəddüdlərdən faydalanmağa cəhd edir. Elə davranış nümayiş etdirir ki, Qərbin qətiyyətli hərəkət edəcəyi təqdirdə özünün ekspansiv siyasətini daha da genişləndirəcək.

MARAQ, YOXSA BAŞQA BİR ŞEY?

Amma burada reallıqlar da nəzərə alınmalıdır. Rusiya keçmiş sovet ölkələrinin ərazisindəki münaqişə ocaqlarında o qədər möhkəmlənib ki, nə vaxtsa onların Rusiyanın siyasi qarmagından qoparılacağına ümid olduqca azdır.

Bəlkə Qərb bu ocaqları Rusiyadan qopara biləcəyini düşünür? Əgər belədirsə niyə Qərb əvvəldən bu münaqişə ocaqlarının tənzimlənməsində Rusiyaya daha artıq rol ayırırdı?

Etiraf edək ki, bu vaxta qədər Abxaziya, Cənubu Osetiya, Qarabağ və Dnestrdəki münaqişələrdə başqa ölkələrdən daha çox Rusiyaya tənzimləyici rol ayrılmışdı. İndi Rusiya da müəyyən mənada “çaşqınlıq” içindədir. Öz hərəkətlərilə sanki demək istəyir ki, məgər bu münaqişə ocaqlarının mənimki olduğunu bilmirdinizmi?

Azadlıq həmişə qurban tələb edir. Rusiyanın isə dediyi aydındır. O deyir ki, ya azadlığınız və müstəqilliyiniz üçün torpaqlarınızın bir hissəsindən keçin, ya da, torpaqlarınızın qalması müqabilində azadlığınızı məhdudlaşdırın!

Amma torpaqların qalması da bir mifdir. Bəzən jurnalistlərin münaqişə ocaqlarına baş çəkməsi bir o qədər də yaxşı qarşılanmır. Amma burada adi maraq var. İnsanlara 20 il bundan əvvəl tərk etdikləri torpaqları görmək, oralarda nələrin baş verdiyini müşahidə etmək sadəcə, maraqlıdır.
MDB məkanında separatçı münaqişələrin hamısı yerləşdiyi dövlətlərin müstəqilliyilə yaşıddır. Bunun özü simvolik deyilmi?


Son illərin bəlkə də eybəcərliklərindən biri də budur ki, münaqişələrlə bağlı rəsmi təbliğat, ritorika yaranıb. Hamı getdikcə daha az inandığı və bəlkə də artıq heç inanmadığı fikirləri dövlət rəsmilərinin ardınca təkrar etməli olur.

Halbuki bu münaqişələrin yaşı artıq 20 ili keçib. Düzdür, dünya təcrübəsində daha yaşlı münaqişələr də var. Amma zaman zamandır. O, öz sözünü deyir.

Təsadüfi deyil ki, bu münaqişələrin hamısı yerləşdiyi dövlətlərin müstəqilliyilə yaşıddır. Bunun özü simvolik deyilmi?

STRATEQLƏR NİYƏ SUSUR?

Çox maraqlıdır ki, qlobal münasibətlər dalana dirənəndə həmişə fiklir bildirən geosiyasət strateqləri bu dəfə susur.

Rusiya aydındır. V.Putin daha praqmatik politoloq olan Q.Pavlovskini filosof A.Duqinlə əvəz etdi. Ona görə də Rusiyanın etdikləri politologiyanın məntiqindən daha çox mücərrəd fəlsəfənin məntiqinə daha yaxındır.

Amma Qərb politoloqları da susmağa üstünlük verirlər. Bəlkə də bu da simvolikdir - artıq bütün sözlər deyilib, indi işə keçməyin vaxtıdır. İş isə NATO-nun qarşıdan gələn Uels sammitində baş tuta bilərdi...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG