Keçid linkləri

-
«YAŞIL ADAMLAR»

Siyasətçilər və təhlilçilər bir fikri özlərinə nə qədər yaxın buraxmamağa çalışsalar da getdikcə aydın olan bir həqiqət var - Ukraynada siyasi proseslər qırmızı sərhədi artıq keçib, ölkədə vətəndaş müharibəsi gedir...

Separatizm ocaqlarının sayına görə bu ölkəni indi yalnız keçmiş Yuqoslaviya ilə müqayisə etmək olardı. Amma fikir fikri gətirir: Bəlkə elə problemin açılışını da bu müqayisədə axtarmaq lazımdır?

Bəli, Yuqoslaviya da bir vaxt sonu bilinməz bir gərginlik zolağına qədəm qoymuşdu, artıq hamı bu ölkədə proseslərin nə vaxtsa normallaşacağına ümidini itirmişdi. Məhz bu anda NATO işə qarışdı və tezliklə Balkanlara sülh gəldi.

Ukraynaya bir qədər fərqli müstəvidən yanaşırlar. Halbuki burada da siyasi proseslər çoxdan dinclik məcrasından çıxıb.

Etirazçıların dinc federalizm tərəfdarları olması haqdakı söhbətləri də hiyləgər siyasi fənddən başqa şey deyil - bəli, onlar dinc etirazçılar olsaydı yerli hakimiyyət strukturlarını zorla ələ keçirməzdilər, meydanlarda «Rusiya!» – deyə qışqırmaz, «Ukrayna!» deyərdilər və zəbt olunmuş binaların üstündə Rusiyanın bayraqlarını ucaltmazdılar, Ukrayna bayraqlarını saxlayardılar, onlara toxunmazdılar...

İndi güman edilir ki, prezident seçkisindən sonra Ukraynadakı proseslərlə bağlı müəyyənlik yaranacaq. Amma prezident seçkisi heç də sehrli çubuq deyil.
Elə Rusiyanın proseslərə müdaxilə etməməsi haqdakı söhbətlər də indi yalnız acı ironiya doğura bilər, bu ölkənin şərqi Ukraynadakı proseslərdə yaxından iştirakını sübut edən dəlillərin sayı durmadan artır.

Ukraynada rusiyalı hərbi «instruktorlar»a hətta ad da qoyulub - onlara «yaşıl adamlar» deyirlər... Bu adamların mikrofon qarşısında özlərini necə aparmasından, onların maskalanmasından dərhal başa düşmək olar ki, bunlar heç də dinc yerli etirazçılar deyillər, yaxşı təlim görmüş hərbçilərdirlər.

SİYASİ İLGƏK

Bəli, indi güman edilir ki, prezident seçkisindən sonra Ukraynadakı proseslərlə bağlı müəyyənlik yaranacaq. Amma prezident seçkisi heç də sehrli çubuq deyil. Düzdür, seçki siyasi qərarlara və hakimiyyətin özünə bir legitimlik verəcək. Bunu inkar etmirik. Amma proseslər hər gün dərinləşir və nəzarətdən çıxır. İstisna deyil ki, ölkənin şərqində seçkilərin nəticələrini ümumiyyətlə tanımayacaqlar və onu boykot edəcəklər.

Yerli hakimiyyət hansı Ukraynanı miras kimi alacaq? Onun özünün legitimlik problemi necə həll ediləcək? Böyük ehtimalla Qərb ölkələri seçkilərin nəticələrini tanıyacaq və seçilmiş adamla əməkdaşlıq edəcək.

Kremlə gəldikdə isə məsələ aydındır - o, seçkilərin nəticələrini yalnız bir halda, hakimiyyətə Rusiya meylli siyasi qüvvələr gəldikdə tanıya bilərdi.

Bunları ona görə qeyd edirik ki, hətta seçkidən sonra da qeyri-müəyyənlik elementləri qalacaq. Krım ilhaq olundu. Ukrayna hərbçiləri sakitcə bu bölgəni tərk etdilər. Amma şərqi Ukrayna çox güman ki, «Dnestr Respublikası» kimi qalacaq. Bunun üçün «separatçıların əlaqələndirmə komitəsi»nin yaradılması kifayətdir.

Bundan sonra isə üzücü siyasi danışıqlar prosesi başlayacaq, əsəblər illərlə tarıma çəkiləcək, nəticə də olmayacaq... Ona görə ki, Krım Rusiyaya Qara dənizə, Şərqi Ukrayna isə bütövlükdə Ukraynaya nəzarət etmək üçün lazım idi.

Təkcə Avropa ölkəsi adlanmaqla heç bir ölkə dərhal çevrilib Avropa ölkəsi olmur. Hətta bəzən Avropa dəyərlərini bölüşmək, müəyyən iqtisadi institutlara inteqrasiya olunmaq belə yetərli olmur
Rusiya güman edir ki, şərqi Ukrayna ölkəni onun həndəvərində saxlamaq üçün bir şirin kökə olacaq. Bəli, bu amil kökə olmasa da ilgək ola bilər. Ona görə də Avropa Ukrayna məsələsinə kompleks şəkildə yanaşmalıdır. Söhbət nədən gedir?

AVROPALI OLMAĞIN İMTİYAZI

Təkcə Avropa ölkəsi adlanmaqla heç bir ölkə dərhal çevrilib Avropa ölkəsi olmur. Hətta bəzən Avropa dəyərlərini bölüşmək, müəyyən iqtisadi institutlara inteqrasiya olunmaq belə yetərli olmur.

Avropa öz təhlükəsizlik sistemini də yeni ölkələrlə bölüşməlidir, əks təqdirdə təhlükəsizliyi təmin olunmamış və Rusiya ilə həmsərhəd olan ölkəni məhdud Avropa institutlarına cəlb etmək bir növ riskli məşğuliyyət təsiri bağışlayır. O səbəbdən də bu ölkələrin təhlükəsizliyi haqda ciddi düşünmək lazımdır.

Avropanın ön böyük imtiyazı nədir? Yüksək həyat şəraitimi? Yüksək siyasi və demokratik dəyərlərmi? Yox, bunlar hamısı ikinci dərəcəlidir, təhlükəsizlikdən sonra gəlir. Təhlükəsizlik təmin olunmasa bu dəyərlərin heç birinin mənası ola bilməz. Ona görə də Ukrayna, Moldova və Gürcüstan haqlı olaraq təhlükəsizlik məsələsini önə çəkirlər, çünki öndə o, gəlir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG