Keçid linkləri

Təcili xəbərlər

Dağlar arxasında üç ... sirdaş. Buna da şükür...


İlham Əliyev, Giorgi Margvelashvili və Abdullah Gül Tbilisidə, 6 may 2014
İlham Əliyev, Giorgi Margvelashvili və Abdullah Gül Tbilisidə, 6 may 2014
-
Gözlə

No media source currently available

0:00 0:04:13 0:00
Direct-ə keçid

Bəli, üç qonşu dövlətin - Türkiyənin, Azərbaycanın və Gürcüstanın prezidentlərinin Tbilisidə bir araya gəlməsi özündə fövqəladə marağa səbəb ola biləcək bir məzmun kəsb etməsə də, məqamında baş verdiyindən diqqətdən kənarda da qala bilməz.

Tədbirin rəsmi açıqlaması olduqca sadə idi. Prezidentlər böyük kommunikasiya layihələrinin - Bakı-Tbilisi-Qars dəmiryolunun və TANAP layihəsinin vəziyyətini müzakirə etməli idilər.

Amma indiki anda, dünyanın diqqəti Rusiyanın aqressiv planlarında ikən hamı regional məsləhətləşmələrdə bu məsələnin də izlərini axtarırdı.

Təbii ki, Türkiyə Rusiyanın aqressiv planlarına cavab vermək, ən başlıcası isə onların qarşısını almaq dərəcədə qüvvətli dövlət deyil. Amma dayaq dayaqdır. Lazım gələrsə regiondakı vəziyyətlə bağlı Türkiyə ABŞ-la və NATO ilə məsləhətləşmələr apara bilər. Bunun özü də indiki məqamda az iş deyil və Türkiyənin regional çəkisini artırmaq iqtidarındadır. Həm də Türkiyə qonşu dövlətlərin NATO-ya inteqrasiyasındakı ləngliyi də kompensasiya etmək iqtidarında olan dövlətdir.

Bir vaxtlar Azərbaycan indiki ilə müqayisədə daha cəsarətli siyasət yürüdərkən ona bir neçə dəfə işarə etmişdilər ki, müdafiə sahəsində Türkiyə ilə əməkdaşlığı artırmaqla Azərbaycan NATO-ya üzvlükdən irəli gələn bəzi dividentləri bu yolla da əldə edə bilər...

EV TAPŞIRIĞI YADDAN ÇIXMAYIB Kİ?

İndi başqa bir sual da heç də az əhəmiyyət kəsb etmir. Regiondakı son proseslər ölkələrin Avropa ilə bağlı siyasətində bir dəyişiklik yaratmayıb ki?

Rəsmi Tbilisi sarıdan arxayın olmaq olar. Bir neçə dəfə ən yüksək səviyyədə bəyan edilib ki, Gürcüstanın Avropaya yönəlik siyasətində hansısa dəyişiklik gözlənilmir. Amma Gürcüstanın etibarlı təhlükəsizlik çətiri də yoxdur.

Düzdür, ölkə NATO-nun bu il payızda Uelsdə keçiriləcək sammitindən çox şey umurdu. Amma bu gün üçün bəyan edilən odur ki, o, indi NATO-dan ən yaxşı halda Üzvlük Planı ala bilər.

Azərbaycana gəldikdə isə, o, öz niyyətlərini açıqlamır. Ölkə indi Avropa Şurasının Nazirlər Şurasına başçılıq etməyə hazırlaşır. Avropa ilə bağlı siyasi kursa gəldikdə isə xarici işlər nazirinin müavini M.Məmmədquliyev maraqlı açıqlama verib. O, deyib ki, Assosiasiya Sazişi bizi qane etmir, biz daha yüksək səviyyəli saziş imzalamaq istəyirik...

Bu, nə deməkdir? Onu necə başa düşək? Əslində bu, Assosiasiya Sazişini imzalamaqdan mədəni şəkildə yayınmaq yoludur. Adama deyərlər ki, siz əvvəl Assosiasiya Sazişini imzalayın, sonrasına baxarıq...

Amma rəsmi Bakını narahat edən də elə bunun «sonrası»dır. Bununla bağlı Azərbaycanın öz qənaətləri var. Düşünürlər ki, ölkə Assosiasiya Sazişini imzalayacağı təqdirdə Rusiya ilə, onun aqressiv planları ilə üzbəüz qala bilər. Güman edirik ki, bu, rəsmi Bakını narahat edən əsas məsələdir.

AVROPA ŞURASI BACARMADISA...


Düzdür, bəzən deyirlər ki, Bakını həm də Avropanın tələb etdiyi siyasi islahatlar çəkindirir. Amma fikrimizcə, rəsmi Bakı bundan qorxmamaq üçün çox şey edib.
Həm də Avropa Şurasına üzv olanda da güman edilirdi ki, artıq ölkə demokratiya məsələsində yalnız irəliləyə bilər. Amma əksinə oldu. Avropa Şurasının bütün səylərinə baxmayaraq, ölkə demokratiya məsələsində irəli getmək əvəzinə gerilədi.
Bunun səbəbi çoxdur. Əsas səbəb isə budur ki, hətta Avropa Şurası da müəyyən geosiyasi simpatiyalardan və antipatiyalardan azad deyil-onun Ermənistanla bağlı siyasətində ən çox rol oynayan amil erməni lobbisidirsə, Azərbaycanla bağlı siyasətində bu ölkənin regionda Qərbpərəst siyasət yürüdən və enerji ehtiyatlarına malik olan ölkə olmasıdır. Çox güman ki, bu dəfə də, Avropa ilə bağlı siyasətin indiki məqamında da geosiyasi çalarlar heç də əskik olmayacaq...

İşin tərsliyindən də rəsmi Bakı üçün manevr etməyə həmişə meydan tapılır. Gürcüstan belə manevr axtarmır, onun siyasəti daha birmənalı olub. Amma bu sözləri Bakı haqqında demək olmur-bu ölkə hələ də avropalı kimi yaşamaq, amma asiyalı kimi idarə etmək istəyənlərin ölkəsidir.

Bəli, onlar belə hesab edir ki, idarə etdikləri «qara camaat» hələ demokratiyaya hazır deyil. Demokratiyaya hazır olmağı isə onlar yalnız bir rakursda başa düşürlər-camaatın onlara qarşı çıxmamağı yaxşı haldır, amma daha yaxşı olardı ki, onlar bu hakimiyyətə həm də səs verəydilər...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG