Keçid linkləri

-
PİRR QƏLƏBƏSİ...

Bəli, L.Brezhnev «Kiçik torpaq» uğrundakı döyüşləri Vətən müharibəsinin mərkəzi probleminə çevirərkən bəlkə də ağlına gəlməzdi ki, digərləri də nə vaxtsa elə belə edəcək - Krım uğrundakı döyüşləri müharibənin əsas problemi kimi təqdim edəcək...

Ağlım kəsəndən bu müharibə ilə bağlı bir qənaətim olub - o, müqəddəs xatirə olmaqdan daha çox bir ideologiyadır, ondan siyasətçilər müxtəlif cür yararlanmağa cəhd ediblər.

Kimi ondan şəxsi personasını qabartmaq üçün, kimi yeni-yeni ekspansiyalara haqq qazandırmaq üçün, kimi də cəmiyyətdə itirilmiş dayaqlarını bərpa etmək üçün istifadə etməyə çalışıb.

Bəli, bu, həmişə naməlum müharibə olub - SSRİ daim müttəfiqlərin, müttəfiqlər isə SSRİ-nin rolunu kiçiltməyə cəhd edib və hamısı da müharibə ilə bağlı cəmiyyətə öz versiyasını sırımağa çalışıb...

Müharibəyə qədər və müharibədən sonra SSRİ-də nələrin olması haqda bəlkə də yüz cildlik əsər yazmaq olar. Maraqlıdır ki, müharibə Sibirlə başladı və elə Sibirlə də bitdi - müharibə ərəfəsində və ondan sonra minlərlə insan Sibirə «baş çəkməli» oldu.

Bu müharibədə itkilər də həmişə mübahisə predmeti idi-gah onu kiçiltməyə çalışır və bununla da dövlətin və sərkərdələrin məharətini şişirtməyə cəhd edir, gah da əksinə, itkiləri şişirdilər ki, müharibənin miqyası, rəqibin gücü daha böyük görünsün...

Amma sonradan hamı olmasa da, çoxları bir etiraf edəcəkdi-bəli, bu qələbə əsl «Pirr qələbəsi» idi...

Bunu etiraf etmək elə də asan olmayacaqdı və belə etiraflar cəmiyyətə yalnız SSRİ-nin laxladığı dövrlərdə çatacaqdı. Sovet əsgərləri Berlində - 1945

Sovet əsgərləri Berlində - 1945

SSRİ yenidən Rusiya formasında azacıq dirçələn kimi onlar bir daha eşidilməyəcəkdi, əksinə bir dövlətin və bir xalqın təkbaşına bəşəriyyəti necə böyük bəladan qurtarması haqda rəvayətlərə təzədən meydan veriləcəkdi.

Hətta belə bir fakt da unudulacaqdı ki, SSRİ adlanan dövlətdə bir xalq yaşamırdı, onların sayı yüzdən çox idi və onların hər biri bu qələbəyə öz töhfəsini vermişdi, bu qələbədə onların hamısını payı vardı...

HƏM QƏHRƏMAN, HƏM DƏ XAİN...

Amma bu müharibədə təkcə xalqların haqqı tapdanmayacaqdı. Müharibə onları olduğu kimi göstərəcəkdi - məlum olacaqdı ki, onlar səngərlərin bir tərəfində deyil, müxtəlif tərəflərində qərar tutmağa məhkumdurlar. Sovetlər əsir düşmüş alman əsgərlərindən Almaniyaya qarşı vuruşacaq bir alay yarada bilmədikləri halda almanlar əsir düşmüş sovetlərdən onlarla diviziya formalaşdıracaqdılar.

Bu adamlar Almaniya tərəfinə yalnız canlarını qurtarmaq üçün keçmişdilərmi? Bunu təsdiq etmək çətindir, çünki onların taleyinə yenə də vuruşmaq yazılmışdı. Onlar yenə də vuruşdular. Sonradan «legionerlər» adlanan həmin o adamlar uzun müddət vətən xaini, sonra isə bəzi yerlərdə qəhrəman, bəzi yerlərdə isə yenə də xain kimi anılacaqdılar...

BELƏ DAHA ASAN İDİ...

Azərbaycandan da legionerlər olmuşdu. SSRİ çökən məqamlarda onlar haqqında həqiqəti deməyə cəhd etdilər. Amma sonradan hər şey yenidən öz mehvərinə qayıtdı-problem olmasın deyə, onları sadəcə, unutdular, bəli, unutdular, ona görə ki, belə daha asan idi... Volqa-Tatar Legionunun müsəlman əsgərləri namaz qılırlar

Volqa-Tatar Legionunun müsəlman əsgərləri namaz qılırlar



Amma çox adam bilmədi ki, Ə.Fətəlibəyli-Düdənginskinin başçılıq etdiyi legionerlər Ukraynada bir döyüşdə vuruşmaqdan niyə imtina etdilər? Bəli, Düdənginski niyə görə bundan ötrü Berlinə çağırıldı?

Cavab isə olduqca sadə idi: səngərin o biri tərəfində də azərbaycanlılar idi...
Bunu dərk etmək və yozumunu vermək daha çətindir, nəinki bütün legionerləri «qara faşistlər» adlandıraraq onların işini tarixin bir küncünə atmaq. Bəli, onları unutmaq və unutdurmaq daha asan idi...

Həm də belə olanda tarix daha «təmiz» və daha «ağ» görünür. Amma belədirmi? Əfsus ki, yox. Bir həqiqət var ki, tarix heç vaxt bir rəngdən ibarət olmur-onu sadəcə, «rəngsaz» tarixçilər malalamağı sevirlər...

İndi Rusiya telekanalları Krımın o vaxt azad edilməsi haqda hər gün verilişlər verirlər. Amma bir sual yaranır - Bəs görən o vaxt Krım uğrunda döyüşən sovet hissələrinin tərkibində heç ukraynalılar yox idimi?..

Təbii ki, vardı. Bəlkə azərbaycanlılar da vardı. Axı bu naməlum müharibədə ümumilikdə düz üç yüz min azərbaycanlı həlak olmuşdu!

Amma rusiyalı jurnalistlər bu haqda da susmağa və danışmamağa üstünlük verirlər. Ona görə ki, belə daha asandır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG