Keçid linkləri

-

Nə etmək olar? Hamıya öz problemi daha yaxındadır. Bəli, ABŞ-ın ATƏT-in Minsk qrupundakı həmsədri J. Warlick (C. Uorlik) Azərbaycan cəmiyyətinin diqqətini müvəqqəti olsa da Ukrayna hadisələrindən ayırdı desək, bir o qədər də ifrata varmarıq.

Hakimiyyət təhlilçiləri də daxil olmaqla, indi bütün təhlil və araşdırma adamları J. Warlick-in təkliflərini müzakirə edir. Bu təkliflər haqda nə demək olar? Əslində bu tezislər birinci dəfə deyil ki, səslənir. Hətta onu da deyək ki, onların arasında Azərbaycanın maraqlarına cavab verənlər də var - altı prinsipdən beşini məqbul hesab etmək olar...

HƏR ŞEY SIRADAN ASILIDIR?

Əsas məsələ bilirsiniz nədədir? Hər şey ondan asılıdır ki, bu təkliflər necə düzüləcək, necə sıralanacaq? Təklifləri verərkən sanki ən əsas məsələ J. Warlick-in diqqətindən «yayınıb». O da budur ki, tərəflər arasında razılaşdırılmayan məqam həm də münaqişənin mərhələli həlli məsələsidir - Azərbaycan münaqişənin mərhələli həllində israr edir, Ermənistan isə paket razılaşmasının əldə olunmasına təkid edir.

HƏR İKİ TƏRƏFƏ DOĞRU BİR ADDIM...

Warlick iki tərəfin hər birinə doğru yarım addım atıb; Dağlıq Qarabağa aralıq statusun verilməsi təklifilə çıxış edərək, onları sakitləşdirməyə, bu statusun müvəqqəti olmasını deməklə Azərbaycanı sakitləşdirməyə çalışıb
Bəs J. Warlick bu ziddiyyəti necə həll edir? O, bəri başdan Qarabağa aralıq statusunun verilməsini təklif edir və bununla da Ermənistanın tələbini bir növ təkrar edir və Azərbaycanın demək olar ki, xeyrinə olan digər beş prinsipin qüvvəsini mübahisəli edir.

Güman etmirik bu, bir texniki səhvdir. Yox, Warlick iki tərəfin hər birinə doğru yarım addım atıb; Dağlıq Qarabağa aralıq statusun verilməsi təklifilə çıxış edərək, onları sakitləşdirməyə, bu statusun müvəqqəti olmasını deməklə Azərbaycanı sakitləşdirməyə çalışıb.

Bu, özlüyündə münaqişənin mərhələli və paket həlli variantları arasında bir növ orta həll variantı kimi nəzərdə tutulub. Ona görə də bəzi təhlilçilərin J. Warlick-in prosesi guya ki, dərindən bilməməsi haqdakı fikirlərini qəbul etmək çətindir - yox, amerikalı həmsədr prosesi bilir və bir növ onun məğzini tutub.

Amma o, indi tərəflər arasında əsas problem kimi yaşanan mərhələli və paket variantları arasındakı seçimin tərəflər üçün nə qədər prinsipial olduğuna diqqət yetirməyib. Əslində isə bu, çox prinsipial məqamdır. Amma burada bir sual yaranır: başqa çıxış yolu varmı?

YOL VAR, AMMA ÇIXIŞ YOXDUR...


Çıxış yolu budur ki, Azərbaycan torpaqlarını azad etməlidir. Amma bu yolda nə qədər çətinlik var? Güman edirik ki, bunu hamı bilir. Yeni altı əsas prinsipin meydana çıxmasını müəyyən mənada Qarabağa yönələn diqqətin təzahürü kimi qəbul etmək olar. Bəli, Krım hadisələrindən sonra bir növ digər münaqişələr təzədən yada düşdü...

Təqdirəlayiq haldır ki, təkliflər ABŞ-dan gəldi. O təkliflər təbii ki, tam şəkildə Azərbaycanın maraqlarına cavab vermir. Amma bir şeyi nəzərə almaq lazımdır ki, ABŞ heç vaxt Ermənistana və Dağlıq Qarabağa arxa çevirə bilməz, ən azı o səbəbdən ki, erməni əsilli ABŞ seçiciləri də var. Digər ölkələr daha yaxşı təkliflər səsləndirəcəkdilərmi? Rusiya və ya Fransa Azərbaycanın maraqlarını daha yaxşı nəzərə alacaqdılarmı?

Təəssüf ki, «hə» deyə bilmirik. Bircə onu deyə bilərik ki, bəli, Krım ilhaq olunandan sonra belə fikrilər səsləndi ki, Dağlıq Qarabağ problemini tez həll etmək lazımdır. İndi müəyyən mənada bunun əlamətləri sezilir.

J. Warlick iki əsas mövqe - paket və mərhələli həll variantları arasında bir növ balans yaratmağa çalışıb. Buna nə qədər nail olub, nə qədər olmayıb, bu məsələni bir daha ayrıca müzakirə etmək olar. Amma J. Warlick-i «topa tutan» məmurlar özləri nə ediblər?
Həm də bu il atəşkəs rejiminin bərqərar olmasından 20 il keçir. Düzdür, bu 20 il çox ziddiyyətli oldu, hər iki tərəfdən müharibə ritorikası özünün pik həddinə çatdı, amma iri miqyaslı hərbi əməliyyatlar olmadı. Bu isə o deməkdir ki, beynəlxalq sülhü müdafiə dəstələri olmadan da atəşkəsi kövrək şəkildə olsa da bərqərar etmək olar - hərçənd ki, J. Warlick belə düşünmür, o bölgədə ayrıcı sülhməramlı qüvvələrin yerləşdirilməsini vacib sayır.

Bəli, «humanitar dəhliz» məsələsində də Ermənistana güzəşt etmək meyli var. Amma bu məsələdə də J. Warlick «orta xətti» tutmağa cəhd edib. Prinsiplərdə deyilir ki, geniş humanitar dəhliz nəzərdə tutulmalıdır, amma bu dəhliz bütün Laçını əhatə edə bilməz...

Qərəz, Azərbaycanın mövqeləri bir az möhkəm olsaydı bu prinsiplər haqqında daha kəskin danışmaq olardı. Amma ötən illər ərzində nə iqtisadi inkişaf, nə də sabitlik bir münaqişə tərəfi kimi Azərbaycanın mövqelərini möhkəmlətmədi. Bunu da etiraf etməyi bacarmaq lazımdır...

MƏMURLAR VARLIDIR, YOXSA DÖVLƏT?

Bir sözlə, J. Warlick iki əsas mövqe - paket və mərhələli həll variantları arasında bir növ balans yaratmağa çalışıb. Buna nə qədər nail olub, nə qədər olmayıb, bu məsələni bir daha ayrıca müzakirə etmək olar. Amma J. Warlick-i «topa tutan» məmurlar özləri nə ediblər?

Bax, məsələnin ciddiliyi də elə bundadır. Onlar nə ediblər və nə edirlər, bu, hamıya yaxşı məlumdur. Bəli, onların arasında elələri var ki, «illik maliyyə dövriyyəsi» Ermənistanın büdcəsindən də çoxdur, qısa müddət ərzində varlanmaq sahəsində azərbaycanlı məmurlar bütün rekordları vurublar. Amma bu, nəyisə dəyişibmi? Ən azı ona görə ki, bilmək olmur, son 21 ildə dövlət daha çox varlanıb, yoxsa onun məmurları?...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir
XS
SM
MD
LG