Keçid linkləri

-

Sözsüz ki, nə üç günlük matəm, nə həlak olmuş 301 nəfərin mülki şəhid elan edilməsi, nə də bu günlərdə deyilən və yazılan «mərsiyələr» Türkiyədə həlak olmuş mədənçilərin məsələsinə təkrar-təkrar qayıtmağı lüzumsuz edə bilməz - əslində məsələ ciddi şəkildə araşdırılmalı, ondan hüquqi və sosial xarakterli nəticələr çıxarılmalıdır. Sadəcə, demək ki, mədən işində həm də bir ölüm var, bu, gələcəkdə də belə acı faciələrə yol aça bilər.

Doğrusu, hələ bu vaxta qədər belə miqyasda (301 nəfər həlak olmuş insan!) mədən qəzası haqda eşitməmişdik və oxumamışdıq. Düzgün haldır ki, Türkiyə polisi məsələni araşdırmaq üçün bir neçə nəfəri saxlayıb. İndi Türkiyəyə mərsiyələr deyil, baş vermiş hadisədən gələcək üçün ciddi nəticələr lazımdır.

Bu cür hadisələr baş verəndə, problemlər üzə çıxanda əmin olursan ki, Türkiyə özünün strateji hədəfindən - bir Avropa ölkəsi olmaqdan hələ çox-çox uzaqdır. Bəzi hallarda hamımız tərəfkeşlik edirik, Türkiyənin Avropa Birliyinə qəbul edilməməyindən gileylənirik. Amma doğrudanmı Türkiyə Avropa ölçülərinə cavab verən ölkədir?

GÜNƏ 40 LİRƏYƏ...

Qəzadan sonra məlum oldu ki, öz ağır əməklərinin müqabilində mədənçilər günə 40 lirə alırlarmış. Belə bir əmək üçün bu, çox az, olduqca az məvacibdir və hətta təəccübləndirəcək dərəcədə az məvacibdir.

Təbii ki, Türkiyə zəif və tamam geridə qalmış ölkə deyil. Ondan da kasıb böyük ölkələr var. Amma Türkiyənin bir başı Avropadadır. Ölkə gərək bunu unutmasın...
Üstəlik, mədən işi hələ də kustar, arxaik üsullarla aparılır. Təhlükəsizlik meyarlarından isə danışmağa belə dəyməz - onlar yox dərəcəsindədir. İnsanları belə səviyyədə istismar etmək, onların həyatını dəyərləndirməmək heç bir ölkəyə, o cümlədən də Türkiyəyə başucalığı gətirən hal deyil.

Avropada hər şeydən üstün insan və onun həyatıdır. Hətta burada «Canlılar və onların həyatı üstündür» demək bəlkə də daha düzgün olardı.

Bir fəhlə bizə danışmışdı ki, Bakı-Tbilisi-Ceyhan xətti inşa edilərkən şirkətlər hətta ekoloji öhdəliklər də götürmüşdülər və əcnəbi iş icraçıları çalışırdılar ki, hətta həşəratlara belə ziyan dəyməsin...

Deyə bilmərik ki, bu, həqiqətə nə qədər uyğundur. Amma dünyada gedən proseslər, ekoloji monitorinqlə məşğul olan təşkilatların getdikcə artan nüfuzu buna inanmağa əsas verir.

Mədən işində də indi böyük evolyusiya baş verib - daha heç kim bel və xərəklə işləmir. Türk işçisi belə ağır əməyə məcburiyyətdən qatlaşır. Bir fəhlədən soruşdular ki, niyə 40 lirəyə bu cür ağır əməyə qatlaşırsan? O, cavab verdi ki, bu işi krediti olduğu üçün görməyə məcburdur - krediti ödəmək lazımdır axı...

Ümumiyyətlə, Avropa insanı çox tələbkardır. Onların hətta ordularındakı real vəziyyəti şərq insanı yalnız arzulaya bilər.

Burada bir məqamı da qeyd etmək lazımdır. Şərq anlayışının özü də çox çeşidlidir, hər dəfə şərq deyəndə gərək bunu dəqiqləşdirəsən, çünki bəzi şərq ölkələri var ki, irəliyə doğru böyük sıçrayış ediblər (xüsusən də Uzaq Şərq ölkələri). Elə müsəlman şərqinin özü də rəngarəngdir. Elə ərəb ölkələri var ki, orada insanlar bəzi meyarlara görə hətta orta statistik avropalıdan da üstün təmin olunublar.
Nədənsə bəzi ölkələrin, bəzi idarə edənlərin təqvimlə bağlı tez-tez «problemləri» olur – onlar hansı əsrdə yaşadıqlarını unutmağa meylli olurlar.
​Təbii ki, Türkiyə zəif və tamam geridə qalmış ölkə deyil. Ondan da kasıb böyük ölkələr var. Amma Türkiyənin bir başı Avropadadır. Ölkə gərək bunu unutmasın...

HAMI ÜÇÜN DƏRS...

Bu hadisə zamanı bəzi Azərbaycan rəsmiləri özlərini çox təsirlənmiş göstərdilər. Amma orta statistik azərbaycanlı fəhləsi də türkiyəli fəhlənin aqibətini yaşayır - o da günü 10-20 manata (bu elə təxminən 40 lirə edir) ən ağır işlərdə çalışmağa məcburdur. Bir çox hallarda onların heç müqaviləsi, sığortası da olmur - Türkiyə fəhləsinin heç olmasa sığortası var...

Əgər rəsmi Bakı bunu ölkənin gəncliyi, iqtisadiyyatın hələ də yetkin hala çatmamağı ilə izah etsəydi, bunu müəyyən qədər anlamaq olardı. Amma onlar ən «dinamik iqtisadiyyat»dan, «rekord inkişaf templəri»ndən danışırlar. Ona görə də hər dəfə soruşmalı olursan: budurmu insan kapitalına əsaslanan iqtisadiyyat?

İqtisadçılar hələ də mübahisə edir ki, göstərici kimi nə götürülməlidir – ümumdaxili məhsul, yoxsa insanların rifahı? Getdikcə də ikinci meyarı daha üstün tutanların sayı artır.

Bu, 21-ci əsrin ruhuna uyğun yanaşmadır. Nədənsə bəzi ölkələrin, bəzi idarə edənlərin təqvimlə bağlı tez-tez «problemləri» olur – onlar hansı əsrdə yaşadıqlarını unutmağa meylli olurlar. Ona görə də onlara arabir təqvimi də xatırlatmaq lazımdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG