Keçid linkləri

-

Kann festivalının builki qalibi Nuri Bilge Ceylan öz qələbəsini "son 1 ildə Türkiyədə həyatını itirən gənclərə" ithaf etdiyini bildirib.

Heç bir mükafat ummasam da, mən bu yazını son bir ildə Azərbaycanda həyatını itirən uşaqlara həsr edirəm.

Nuri Bilge Ceylanın möhtəşəm qələbəsindən ancaq bu gün işə çıxanda xəbər tutdum. Çünki 3 gündür Qobustanda faciəli sürətdə həlak olan balaca Dənizimə ağlayıram…

KİMDİR GÜNAHKAR?

Hamı şokdaydı.
Hamı nalə çəkirdi.
Hamı Allahdan möcüzə gözləyirdi.
Amma hamı günahkardı…
Hamı səhlənkardı…
Hamı məsuliyyətsizdi…

Belə olmasaydı, 10 yaşlı qızcığazı əylənmək üçün Qobustanın “Bağ-bağat”ına aparanlar onu qara torpağa verməzdilər.

Belə olmasaydı, “prezidentin açılış etdiyi” bu əyləncə məkanında o lənətə gəlmiş maşının sükanında naşı bir “dayə” yox, təlimatçı olardı.

ORADA TƏLİMATÇI OLMAYIB!

Yoxsa əyləncə məkanının yetkilisinin bir xəbər proqramına dediyi “bilsəydik,
təlimatçının yanına bir təlimatçı da qoyardıq” sözləri bu qədər gülünc görünməzdi.

Valideynlərin dediyinə görə, maşında təlimatçı olmayıb!

Hadisənin ilk vaxtlarında yayılan “Dəniz kəmər bağlamayıbmış!” – fikri də yanlışdır.
Yenə həmin qaynağın dediyinə görə, o maşında heç kəmər bağlamırlar! Orada sadəcə, maşını sürməyi bacaran bir nəfərə ehtiyac vardı.

Yoxsa uşaqlar şil-küt olmaz, bir nəfər həyatını itirməzdi…

XAHİŞ EDİRƏM, MƏKTƏBƏ QAYIT…

Yas mərasimində mən başlarını itirmiş valideynlər gördüm. Onlar həm “mələk” adlandırdıqları Dənizə ağlayır, həm də onun sinif yoldaşlarına – öz uşaqlarına nə deyəcəklərini bilmirdilər.

Çünki balacalar ölümü qəbul etmək istəmirdilər. Bir ana mənə Emil adlı uşağın məktubunu göstərdi.

O, Dənizə yalvarırdı ki, “Xahiş edirəm, məktəbə qayıt!” Deyirdi ki, “biz səni çox sevirik. Bizi tərk eləmə!”.

Dənizsə evlərinin ortasında səssizcə və əbədi yatırdı…

BİR AİLƏNİN HƏYATI QARALDI

Dəniz gözəllər-gözəli bir qızcığazdı.
Neçə dildə danışırdı.
Nazı-qəmzəsi aşıb-daşırdı.

O qədər dadlıydı ki, hər görüşəndə atasına: “Ay Tərlan, necə dözürsən buna ?” – deyə zarafat edirdim.

O da eyni zarafatla gülərək cavab verərdi: “Dözə bilirəm ki, - deyərdi — görürsən də nə gündəyəm, – ölürəm ondan ötrü!”..

İndi Tərlan Qorçu onun dərdindən gərəyindən çox-çox çox və doğrudan dəli-divanədi…

DƏNİZ VƏ BABASI

Dəniz hər səhər tezdən yuxudan duranda babası Rəhman Bədəlova zəng çalıb onu oyadarmış. Professor nəvəsiylə nəfəs alar və hər səhər Dənizinin zəngini və baba xoşbəxtliyinin təsdiqini gözlərmiş. Və kimin ağlına gələrdi ki, bu zəng bir gün qəfildən bitərmiş…

DƏNİZLƏ SON GÖRÜŞ

Yox, söhbət son görüşdən əvvəlki görüşdən gedir.

Mikayıl Abdullayevin “Xalq əmanəti” seriyasından çıxan kitabının təqdimatına getmişdim. Dənizi ata-anasıyla orada gördüm.

Bəzənib-düzənib gəlmişdi.
O qədər sevindim ki…
Videoya da çəkdik.

Diqqət etsəniz, müxbirimizin süjetində onu da görərsiniz…

XALAN SƏNƏ QURBAN!

Bir dəfə onlara qonaq getmişdik. Təxminən iki il öncə. Təzə ev almışdılar. Süfrə başında oturduq, yedik-içdik, söhbətləşdik. Keçmişləri xatırladıq, gələcəyə üz tutduq. Amma gecənin qəhrəmanı Dənizdi…

Sən demə Dəniz yenicə tamaşaya qoyulan “Arşın mal alan” operettasında çıxış edirmiş – Xala obrazında. Bu, Dənizin ilk rolu deyildi. Əvvəllər də “Didi” Uşaq teatrında dəfələrlə səhnəyə çıxmışdı. Birdən atası qayıtdı ki, ay Dəniz, dur Sevda xalaya tamaşadan bir parça göstər …
Dəniz başladı, nə başladı.

Xalanın: “Xalan sənə qurban! Niyə bikefsən? Buy! Çatmayan bir şey varsa gədəni göndər bazardan alsın, onda nə fikir var ki?..” – məşhur sözlərini elə dadlı söylədi ki, hamımız uğunub getdik. Bütün gecəmiz “Xaaalan sənə qurban!”la keçdi...

BİR ŞEYLƏR EDİN!

Acı və amansız xəbərdən dəhşətli dərəcədə sarsılan Ata özünə yer tapa bilmirdi.

Vallah, mən həyatımda birinci dəfəydi belə ata görürdüm. Analar çox görmüşdüm…

Heç kəslə danışmayan, ancaq öz-özünə yanıb qovrulan ata birdən yaxın dostlarından birinə dönüb bu sözləri deyib: “Bir şey edin!”
Çarəsiz dost donub qalıb.
Heç nə edə bilməyib!
Çox gec idi.
Bunu əvvəlcə etmək lazım idi.

Hər bir uşağa son dərəcə dəyər verməklə, qorumaqla, məktəbə göndərilən balaların valideyn üçün nə qədər qiymətli olduğunu bir an da unutmamaqla!

Bunu edə bilirikmi?!

Edə bilmiriksə, Atanın “Bir şey edin” ricası heç vaxt gerçəkləşməyəcək!

Və dostlar heç bir şey edə bilməyib göynəyə-göynəyə Dənizi torpağa tapşırmağa məcbur olacaqlar…

Şərhləri göstər

XS
SM
MD
LG