Keçid linkləri

-

ÇOX ÇALIŞDILAR, AMMA ÇAXNAŞMA OLMADI...

Ukraynada seçkinin qarşısını almağın artıq heç cür mümkün olmadığını və bütün maneələrə baxmayaraq onun baş tutduğunu anlayan Rusiyanın informasiya vasitələri maraqlı bəyanatla çıxış etdilər. Onlar belə bir tezisi gündəmə gətirdilər ki, Ukraynada kimin prezident olmasının onsuz da elə bir əhəmiyyəti yoxdur, ona görə ki, Ukrayna problemini Rusiya və Qərb həll edəcək. Doğrudanmı belədir?

Təbii ki, Rusiya mənbələri həmişə olduğu kimi siyasi rəngləri bir az tündləşdirirlər. Seçkinin və prezidentin kim olmasının əslində müstəsna, çox böyük əhəmiyyəti var.

Sadəcə, Kremlin siyasət arxitektorları Ukraynada daha bir planlarının iflasa uğradığını başa düşürlər – məsələ bundadır ki, nə Krımın ilhaqı, nə də ölkənin şərqində yaranmış vəziyyət Ukraynanın siyasi kursunu dəyişə bilmədi.

Ölkə heç nəyə məhəl qoymadan öz siyasi kursu ilə gedir. Çox güman ki, Kremldə düşünürdülər ki, Ukraynada böyük siyasi çaxnaşma yaşanacaq, seçki ləğv olunacaq, ukraynalı siyasətçilər Kremlə minnətçi düşəcəklər. Bunların heç biri olmadı - bütün bunların əvəzində seçki keçirildi, legitim hakimiyyət formalaşdırmaq üçün zəruri addımlar atıldı...

Amma yeni prezident üçün çətin olacaq - siyasi problemlər, iqtisadi böhran, düzgün geosiyasi kurs götürmək istiqamətindəki çətinliklər... Bəlkə də
bütün bunları bir prezidentlik müddətində həll etmək elə də asan olmayacaq...

KİMDİR MÜQƏSSİR?

Ukraynanın olan-qalan müstəqillik ruhu yalnız qərb bölgələrinin hesabına yaşayıb. Kimsə deyə bilər ki, Ukraynada son on ildə iki dəfə inqilab olub. Düzdür, amma Qırğızıstanda da iki inqilab olmuşdu...
Bəs bu vəziyyətdə günahkar kimdir? Düşünürük ki, əvvəlki prezidentləri - Leonid Kuchma və Viktor Yushchenko-nu qınamaq üçün kifayət qədər əsas var.

Arabir ölkənin şərq bölgələrini göstərirlər. Təsəvvür edin, bu bölgələrdə hələ də SSRİ-nin qurucusu Vladimir Leninin möhtəşəm heykəlləri qalır! Şərq bölgələri bir tərəfə, elə Kiyevin özündə V. Leninin heykəlini bu il götürmədilərmi? Demirik ki, bu heykəllər götürülsəydi hər şey çox rəvan gedəcəkdi. Amma bu, nəyin göstəricisidir? Məsələ bundadır ki, bu müddət ərzində cəmiyyətlə zəruri iş görülməyib, cəmiyyəti demokratiya və müstəqilliyə kökləmək istiqamətində ciddi addımlar atılmayıb.

Bu illər ərzində Ukraynanın olan-qalan müstəqillik ruhu yalnız qərb bölgələrinin hesabına yaşayıb. Kimsə deyə bilər ki, Ukraynada son on ildə iki dəfə inqilab olub. Düzdür, amma Qırğızıstanda da iki inqilab olmuşdu...

İnkişaf bir çox hallarda inqilabların sayı ilə deyil, onların məzmunu ilə müəyyən edilir. Bu proseslərin hər birindən maksimum fayda götürmək lazım idi. Amma hadisələr nə göstərdi?

MİFDƏN GERÇƏKLİYƏ DOĞRU...


Ukrayna Rusiyadan sonra keçmiş SSRİ-nin hərbi baxımdan ən güclü ölkəsi sayılırdı. Amma proseslər göstərdi ki, bu da bir mif imiş.

O asanlıqla ki, şərq rayonları separatçılara təslim edildi, bunun hətta Qafqazda da analoqunu tapmaq asan məsələ deyil...

Düzdür, Ukraynada son vaxtlar baş verən proseslərə baxanda adamın yadına 1993-cü ilin Azərbaycanı düşürdü - ölkənin cənubunda separatizm, Qarabağ bölgəsində isə bir-birinin ardınca Ermənistana təslim edilən rayonlar...
Ukraynanın müstəqilliyi də bu vaxta qədər, sən demə, şərti imiş. Əsl müstəqilliyə ölkə indi can atır. Təbii, tək Ukrayna deyil, digər MDB ölkələri də öz siyasətlərində Rusiyanın geosiyasi simpatiyalarını və antipatiyalarını nəzərə almaq zorundadır

O vaxt Azərbaycanda da hamı düşünürdü ki, ölkədə böyük «siyasi oyunlar» gedir. Fikirləşirdilər ki, başqa yerlərdə heç vaxt belə ola bilməzdi, torpaqlar bu qədər asanlıqla itirilməzdi, «cəmiyyət bir yumruq kimi birləşib» bunun qarşısını alardı. Amma indi görürsən ki, yox, belə də ola bilir... Üstəlik, o vaxt 93-cü il idi.
Azərbaycan cəmi 2 il idi ki, müstəqil idi. Amma indi Ukrayna 23 ildir müstəqildir - bu illər ərzində nəsə etmək, nəsə yaratmaq olardı axı...

Elə Ukraynanın müstəqilliyi də bu vaxta qədər, sən demə, şərti imiş. Əsl müstəqilliyə ölkə indi can atır. Təbii, tək Ukrayna deyil, digər MDB ölkələri də öz siyasətlərində Rusiyanın geosiyasi simpatiyalarını və antipatiyalarını nəzərə almaq zorundadır.

Ukrayna indi bu qırmızı sərhədi keçməyə təşəbbüs edir. Digərləri isə hələ də qırmızı xəttin o biri tərəfindədir və güman edirlər ki, hamıdan çox müstəqildirlər. Amma belədirmi? Bu ölkələrdəki hakimiyyətlər öz cəmiyyətlərini əzmək, onları əsarətdə saxlamaq üçün yetərincə müstəqildirlər - Kreml buna mane olmur. Kreml bəzən hətta nefti-qazı satmağa da elə bir maneçilik törətmir. Kremlin istəyi olduqca sadədir – aşkar olmasa da, hər halda onun vassallığını qəbul etməlisən...

Bütün bunları çək-çevir edəndə görürsən ki, Ukraynada indi seçilən prezident adi seçilmiş deyil, o da, onun komandası da sınanmaq üçün seçilənlərdir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG