Keçid linkləri

.

UKRAYNA START GÖTÜRÜR...

Prezident seçkisindən sonra Kiyevdən gələn ilk siyasi xəbərlərdən biri ölkənin Təhlükəsizlik Şurasının Ukraynanın MDB-dən çıxmasına start verməsi oldu.

Belə məlumatlar Ukraynada sonuncu inqilabın qalib gəldiyi ilk günlərdə də yayılmışdı. O zaman ölkə MDB-yə sədrlikdən imtina edərək qurumun növbəti toplantısına özünün nümayəndəsini göndərməmişdi.

Amma prosesin sonrakı inkişafı haqqında bir məlumat gəlmədi. İndi də ziddiyətli məlumatlar daxil olmaqda davam edir. Hətta Təhlükəsizlik Şurasının adından yayılan bəyanatları təkzib etmək cəhdləri var. Əslində Ukrayna hələ də MDB-nin nizamnaməsini ratifikasiya etməyib və qurumda bu vaxta qədər həmtəsisçi statusu ilə iştirak edib.

Üstəlik, MDB-ni tərk edən Gürcüstanın, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını iki dəfə tərk edən Özbəkistanın təcrübəsinə istinad edərək demək olar ki, bu, bir o qədər də mürəkkəb proses deyil. Amma nədənsə Ukrayna hələ də "start" götürür və ziddiyətli bəyanatlar verir...

UKRAYNASIZ RUSİYA! TƏSƏVVÜR ETMƏK ASANDIRMI?

Nədən bu prosesə bu qədər önəm veririk? Bəli, bu yerdə heç bir izafi şişirtməyə və mübaliğəyə varmadan demək olar ki, Ukraynanın MDB-ni tərk etməsi Rusiyanın geosiyasi ambisiyalarına və MDB-nin gələcəyinə sarsıdıcı zərbə olacaq.
Ukraynanın MDB-ni tərk etməsi Rusiyanın geosiyasi ambisiyalarına və MDB-nin gələcəyinə sarsıdıcı zərbə olacaq.

Bu vaxta qədər ən müxtəlif ölkələri təmsil edən politoloqlar və siyasi təhlil adamları dəfələrlə qeyd ediblər ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları puç olmağa məhkumdur.

Ukraynanın qurumu tərk edəcəyi təqdirdə Rusiya özünün olan-qalan satellitləri ilə birlikdə Asiya ölkəsinə çevrilmək aqibətindən qaça bilməyəcək.

Düzdür, proses prosedura baxımından asan olsa da, müəyyən itkilərlə də müşayiət oluna bilər. Ukrayna artıq ilk itkiləri verib. Rusiyanın da geriyə yolu yoxdur.

Güman etmək ki, Rusiya bundan sonra Krımdan əl çəkəcək, bu, sadəlövhlük olardı – Rusiya prezidenti Vladimir Putinin reytinqindəki son artımlar məhz bu ilhaqla bağlıdır (nə qədər təəccüblü və qəribə olsa da...).

QAFQAZDA DƏYİŞİKLİK! DOĞRUDANMI MÜMKÜN DEYİL?

Proses daha nə ilə əlamətdardır? Təbii ki, bizim üçün Qafqazdakı geosiyasi arxitekturanın sonrakı evolyusiyası, xüsusən də Azərbaycanın seçimi elə də az maraq kəsb etmir.

Burada da ümumi mənzərə aydındır. Gürcüstan seçimini edib, qalan iki dövlət isə hələ ki biri-birinə baxır. Amma onların da davranışında müəyyən yenilikləri sezməmək mümkün deyil. Nə qədər təəccüblü olsa da Ermənistan prezidenti Soma faciəsinə görə Türkiyəyə baş sağlığı verdi.
Azərbaycanda nə hakimiyyət, nə müxalifət, nə də cəmiyyət münaqişənin həll olunacağı təqdirdə ermənilərin bu ərazilərdə qalıb yaşamasının əleyhinə deyil.

Azərbaycan prezidentinin də ənənəvi müharibə ritorikasında müəyyən dəyişikliklər hiss olunur, hətta arabir erməni xalqına mesajlar da duyulur. Çox maraqlı haldır ki, hakimiyyətə yaxın telekanallar da axır vaxtlar elə bil erməni xalqını özləri üçün təzədən kəşf ediblər.

Demirik ki, bütün bunlar iki ölkənin və xüsusən də iki ordunun münasibətlərində hiss olunacaq dəyişikliklərə səbəb olub. Yox, hələ belə dəyişiklik yoxdur, atəşkəs rejimi pozulmaqda davam edir, Ermənistanın kiçik kəşfiyyat qrupları Azərbaycan ərazilərinə müdaxilə etməkdə davam edirlər.

Demək olar ki, hər gün itkilər olur. Amma ortada ciddi bir nüans var. Azərbaycanda nə hakimiyyət, nə müxalifət, nə də cəmiyyət münaqişənin həll olunacağı təqdirdə ermənilərin bu ərazilərdə qalıb yaşamasının əleyhinə deyil.

ERMƏNİ XALQINA BİRGƏ YAŞAMAQ MESAJLARI GÖNDƏRİLMƏLİDİR

Deməli, siyasi ritorikalardakı erməni fobiyasına da son qoymağın vaxtıdır. Siyasi elitalarla cəmiyyət arasında heç vaxt bərabərlik işarəsi olmur və onlar tamamilə identik olmurlar.
Müharibə ritorikası heç nəyi həll etmir. Həll etsəydi bu vaxta qədər müəyyən nəticələr olardı. Amma nəticə yoxdur. Deməli, ritorikalara da müəyyən düzəlişlər etməyin vaxtıdır.

Siyasətçiləri və hərbçiləri yamanlamaq olar, amma erməni cəmiyyətinə sülh və birgəyaşayış məzmunlu mesajlar yollamaq daha düzgündür və bəlkə də bu, indiki vaxtda daha çox aktualdır.

Müharibə ritorikası heç nəyi həll etmir. Həll etsəydi bu vaxta qədər müəyyən nəticələr olardı. Amma nəticə yoxdur. Deməli, ritorikalara da müəyyən düzəlişlər etməyin vaxtıdır.

Ermənistanın Rusiyadan qopacağını fərz etmək çətindir. Bəzi məlumatlara görə, ölkə iyunun 15-də Avrasiya İqtisadi İttifaqına qoşulmağa hazırlaşır. Amma ortalıqda Ermənistanda qalmağa və yaşamağa məhkum olan bir xalq problemi var. Bu gün hakim siyasi elitanı və ermənilərin diaspora təşkilatlarını başa düşmək elə də çətin məsələ deyil – onlar özləri üçün çalışırlar.

Müharibə müəyyən siyasi elitanın hakimiyyətdə qalmasına, “əzilən və təqib olunan xalq” obrazı isə xaricdə yaşamağa qərar verən ermənilərə daha asan siyasi sığınacaq almağa və məskunlaşdıqları ölkələrdən imtiyazlar qoparmağa xidmət edir.

Bəs, Ermənistanda qalan, orada yaşayan insanlar? Onlar bütün bunlardan heç bir fayda götürmür, üstəlik hərbi qarşıdurmanın bütün ağırlığını yaşayırlar.

Onların bir qismi də Azərbaycanda yaşayır, azərbaycanlılar onları potensial vətəndaş kimi görür. Bəlkə vətəndaşla vətəndaş dilində danışmağın vaxtıdır?

Bəlkə bu yol harasa aparacaq?

Şərhləri göstər

XS
SM
MD
LG