Keçid linkləri

Bashar al-Assad utanmağı unudub...


Suriyada döyüşlərdə xaraba qalmış yayaış binalarından birində prezident Bashar al-Assad-ın seçki portreti. 3 iyun 2014.

Suriyada döyüşlərdə xaraba qalmış yayaış binalarından birində prezident Bashar al-Assad-ın seçki portreti. 3 iyun 2014.

-
O, SON ÜMİDLƏRİ DƏ PUÇ ETDİ...

Suriyada Bashar al-Assad-ın növbəti dəfə prezident olması heç kimi təəccübləndirmədi. Eyni uğurla müxalifətin nəzarət etdiyi bölgələrdə də müxalifət nümayəndəsi prezident elan edilə bilərdi, hərçənd ki, müxalifətin nəzarət etdiyi bölgələrin sayı axır vaxtlar bir xeyli azalıb.

Amma ürəklərdə prosesin bir qədər başqa cür keçəcəyinə azacıq da olsa ümid vardı. Sıravi vətəndaşlar, siyasətçilər və təhlilçilər nəyə ümid edirdi?

Düşünülürdü ki, Bashar al-Assad nəhayət ki, adi məntiqin diktəsinə qulaq asacaq, hakimiyyətdən gedəcək və milli barışıq hökuməti qurmaq istiqamətində addım atacaq.

Amma daha realist düşünənlər belə ümidlərə qapılmırdılar. Bunun da bir neçə səbəbi vardı.

Birincisi, Suriya prezidentinin getməyə yeri yoxdur. Bu vaxta qədər eşitməmişik hansısa ölkə ona sığınacaq təklif etsin.

İkincisi, Bashar al-Assadin hakimiyyəti o qədər qan töküb ki, o qədər cinayət edib ki, hətta ona sığınacaq təklif ediləcəyi təqdirdə belə yeni Suriya hökuməti onu mühakimə edəcək və bəlkə də geri alacaqdı.


BƏLKƏ DƏ BAŞQA MÜXALİFƏT OLSAYDI...

Amma burada bir detalı da qeyd etmək lazımdır. Bashar al-Assada qarşı elə qüvvələr (onların arasında kimlər yoxdur, ilahi?) vuruşur ki, azacıq normal və realist düşüncəli suriyalı onlara siyasi dəstək verməkdə tərəddüd edərdi, bəlkə də bundan çəkinərdi.

Suriyada vətəndaş müharibəsi üç ildir ki, davam edir. Bu, digər ərəb ölkələrindəki analoji proseslərdən qat-qat uzun çəkdi. Səbəbi də budur ki, dünya ölkələri al-Assad rejiminə qarşı hərbi koalisiya yaratmadılar, çünki bu ölkədə rejimə qarşı vuruşan müxalifətin tərkibi hamını qorxutdu – oradakı müxalifətin hakimiyyətə gələcəyi təqdirdə Suriya növbəti baş ağrısı olacaqdı.

Çətin də olsa, bunu etiraf etmək lazım gəlir. Bir an Misiri göz önünə gətirin.

Hərçənd Misir ölkə kimi də, siyasi seçimi baxımından da xeyli plüralist və dünyəvi ölkədir.

Amma al-Assad özü nəsə edə bilərdi. Ola bilməz ki, bir ölkədə hamını heç olmasa qismən qane edən namizəd tapılmasın. İndi müxalifət əsas hədəf kimi təbii ki, al-Assad-ın özünü görür. Onun hakimiyyətdən gedəcəyi və müxalifətlə danışıqlar aparacağı təqdirdə bəlkə də ölkədə gərginlik qismən azalardı.

Amma al-Assad getmədi, ya bizim bir qədər əvvəl sadaladığımız səbəblər ucbatından, ya da ki, bir qeyri səbəbdən...

HAKİMİYYƏT PSİXOLOGİYASI....

Ümumiyyətlə, hakimiyyət psixologiyası çox qəliz məsələdi. Hətta ən qəliz vəziyyətlərdə belə özlərinin primitiv siyasi vərdişlərindən əl çəkməyən liderlərin davranışını, onların motivasiyasını müəyyən etmək olduqca çətin işdir.

Avtoritar və totalitar liderləri təbii ki, “fövqəlinsan” kimi səciyyələndirməkdən uzağıq. Amma hər dəfə onlardan söz düşəndə adama elə gəlir ki, onlar ənənəvi xeyir və şər anlayışlarından, əxlaq imperativlərindən bir addım o tərəfdə qərar tutublar.

Bu adamlar istədikləri qədər yalan danışa, istədikləri qədər saxtakarlıq edə bilər və buna görə zərrə qədər də olsun utanc hissi keçirməzlər.

Onlar axır vaxt nə zaman utandıqlarını özləri də unudublar. Bəlkə də bu, heç vaxt olmayıb.

Bir dəfə belə “fürer”lərdən birinin bioqrafiyasını oxuyurdum. Deməli, o adam uşaqlıqda “xarakterini formalaşdırmaq üçün” pişikləri boğurmuş... Və yaxud da bir də görürsən ki, hansısa “milli lider” millətinə günah hissindən uzaq olmağı tövsiyə edir.

VİCDAN SUSANDA...

İnsan nə vaxt günah hissini yaşayır? O vaxt ki, onun vicdanı olur. Bəli, insan belə halda nə vaxtsa etdiyi əmələ görə illərlə əzab çəkir. Amma günah kompleksindən azad olanlar nə edir?

Onlara əzab və xəcalət hissi tamamilə yaddır. Onlar belə buxovlardan tamam azaddırlar. Bu adamlarla siyasi mübarizə aparmaq olduqca çətindir.

Ona görə ki, onların edə biləcəklərinin sərhədi, hüdudu yoxdur. Bu adamlar öz hərəkətlərində heç bir məhdudiyyət hiss etmirlər. Ona görə də onlara güclü deməyin. Əxlaq olmayanda belə güclü olmağa nə var ki?

İndi Bashar al-Assad da özünü güclü adam hesab edir. Amma Suriyada uşaqlar, qocalar və qadınlar ölür. Nə qədər insan qaçqın düşüb! Onu isə belə məsələlər qətiyyən narahat etmir. Ona görə ki, o, “əsl güclü adam”dır, “əsl lider”dir və adi adamlara - sadə bəndələrə xas olan günah hissi ona yaddır...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG