Keçid linkləri

Bu mentalitet, bu sərvətlə Azərbaycanda avtoritarizmin olmaması çox təəccüblü olardı...


ACavad Qafarın karikaturası.

ACavad Qafarın karikaturası.

.
OBYEKTİV QANUNLAR OLMASA DA, MƏNTİQ VAR...

İndi fəlsəfi materializmin qürubu ilə tarixin obyektiv qanunlarının mövcudluğuna inam ciddi şəkildə sarsılsa da, fikir və düşüncə adamları bu gün də belə hesab edir ki, obyektiv qanunlar olmasa belə, hər halda, tarixi-siyasi proseslərin bir məntiqi olur.

Bu məntiqi sistem nəzəriyyəsindən və yaxud da ki, sinergetikanın ümumi prinsiplərindən hasil etmək olar. Amma məsələ bunda deyil. Bu gün adamı düşündürən və bir az da narahat edən budur ki, insanlara Azərbaycanda qərar tutmuş avtoritar qaydaların az qala əbədi olacağı fikri təlqin edilir. Bununla bağlı ən kiçik tərəddüd, ən kiçik düzəliş belə “tolerant ölkə”də böyük siyasi qalmaqala səbəb olur.
...insanlara Azərbaycanda qərar tutmuş avtoritar qaydaların az qala əbədi olacağı fikri təlqin edilir.

Başa düşmək olmur ki, hətta tibbi sığorta qaydalarının hələ tam tətbiq edilmədiyi ölkədə mövcud hakimiyyət özünün “siyasi sığorta”sını haradan və necə əldə edib?

Hakimiyyət mənsublarından fərqli olaraq düşünmürük ki, onların belə “sığortası” var. Hər şey zamana bağlı məsələdir. Azərbaycanda avtoritarizm nədən belə uzandı?

Bəlkə də bir yazıda bu suala cavab vermək o qədər də asan olmayacaq. Amma çalışacağıq onu heç olmasa, qismən əhatə edək.

TARİXİN MİQYASI DAHA BÖYÜKDÜR....

Ölkə 23 ildir ki, müstəqildir. Bir nəsil üçün bu, o qədər də az vaxt olmasa da, tarix üçün elə də böyük müddət də deyil. Bu müddətdə insanlar çox sarsıntılar yaşadı.

Bəzən belə fikirlər səslənir ki, birinci demokratik dalğa adamlarının da səriştəsizliyi və qeyri-ardıcıllığı insanlarda demokratiyaya inamı sarsıtdı. Nə demək olar bu haqda?

Bunu tamamilə inkar etmək çətindir. Burada həqiqətən də düşünmək üçün predmet var. Amma tək o dövrdəki (1992-1993-cü illər - red.) hakimiyyətin deyil, insanların özlərinin də demokratiya ilə bağlı təsəvvürləri ziddiyyətli idi.

Uzun müddətin müşahidələri, müxalifət liderləri ilə saysız-hesabsız söhbətlər göstərdi ki, insan haqlarının aliliyi və universallığı heç də asan, necə deyərlər, bir nəfəsə qəbul edilən prinsiplər deyil.
...hakimiyyət mənsubları ilə bəzi müxalifət təmsilçilərinin demokratiya haqqındakı təsəvvürlərində hiss olunacaq fərqlər azdır.

İnsanlar hansısa, bəlkə də yalnız onların özlərinə məlum olan səbəblərdən burada daim “yerli ənənə”lərin, “obyektiv reallıqlar”ın qəbul edilməsində israr edirlər.

Qətiyyətlə demək olar ki, hakimiyyət mənsubları ilə bəzi müxalifət təmsilçilərinin demokratiya haqqındakı təsəvvürlərində hiss olunacaq fərqlər azdır, həmin adamlar da hakimiyyətdə olsaydı tamamilə indiki kimi olmasa da, ona oxşar qaydada idarə edəcəkdilər.

Müxalifətin demokratiya tələb etməsi, müxalifətdə olarkən demokratiya uğrunda mübarizə aparmaq elə də çətin məsələ deyil və müəyyən mənada hətta təbiidir, əsas odur ki, bunları hakimiyyətdə olanda edəsən, hakimiyyətdə olanda demokratik olmağa çalışasan.

Birinci demokratik dalğanın təmsilçiləri o vaxt belə ola bilmədilər, onların bəzisi “Əsl demokratiya bizdən sonra olacaq!” – deyərək avtoritar vərdişlərə meydan verdilər...

BİR DÖVRDƏ ƏN AZI ÜÇ PROSES...

Üstəlik, bir neçə proses üst-üstə düşdü. Bir tərəfdən müharibə, bir tərəfdən dövlət quruculuğu və bir tərəfdən də yeni iqtisadi sistemə keçid... Bunların da hamısını iki on illiyə sığışdırmaq lazım gəldi.

Ölkədə həyat yalnız 2000-ci ildən sonra qismən sabitləşməyə başladı. Həmin vaxtdan indi cəmi 14 il keçib. Bu, elə də böyük müddət deyil. Üstəlik, nəzərə almaq lazımdır ki, bu illərdə siyasət də bir yerdə durmayıb, insanlar böyük repressiya dalğası olmasa da, hər halda, böyük təzyiqlər yaşayıblar. Avtoritar üsul-idarə heç də rəvan keçməyib-etirazlar da olub, təqiblər də, hətta həbslər də...
Bu mentalitetlə, bu sərvətlə Azərbaycanda avtoritarizm olmasaydı hər halda, çox təəccüblü olardı...

Başqa cür olsaydı təəccüblü olardı. Bunun adı avtoritarizmdir və o, özünün mövcud olması, qalması üçün daim azadlıq uğrundakı təşəbbüsləri boğmalıdır və belə təşəbbüslərə meydan verməməlidir.

Bəlkə də digər ölkələrdə - Gürcüstan və Ukraynada proseslər daha dinamik keçdi. Bunu inkar etmirik. Amma bu da daha çox iqtisadi resurslara bağlı olan məsələdir.

İqtisadi resursların böyük olması, ölkənin sərvətləri ərəb dünyasında avtoritar üsul- idarə üçün on illərdir ki, zəmin yaradır, onu tamam hifz edir.

Düzdür, Azərbaycan ərəb ölkələri qədər varlı, Azərbaycanı idarə edənlər isə ərəb şeyxləri qədər səxavətli deyillər, amma var-dövlət onlara ölkədəki həyat səviyyəsini müəyyən qədər təhlükəsiz həddə saxlamağa imkan verir.

Ona görə də “Azərbaycanda avtoritarizm niyə uzandı?” sualına son olaraq belə bir ritorik yekun vurmaq olar: bu mentalitetlə, bu sərvətlə Azərbaycanda avtoritarizm olmasaydı hər halda, çox təəccüblü olardı...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG