Keçid linkləri

-
Tsinizm insanlar tərəfindən dəyərləndirilmir, bir o qədər də yaxşı keyfiyyət hesab edilmir, amma bunlara rəğmən ümumu fikir budur ki, o, bəzən insanı sarsıntılardan qoruyur.

Bu ölkədə isə sarsıntı yaşamaq elə də çətin deyil, bir nəfəslik işdir - yetər ki, ölkənin ümumi vəziyyəti, digər ölkələrdə insanların necə yaşaması və necə işləməsi, haqqını tələb etmək haqda düşünəsən...

Sovetlərin vaxtında başqa cür düşünənləri ruhi xəstəxanalara yerləşdirirdilər. İndi belə etmirlər, yeni dövlətlər öz üzərlərinə izafi yük götürmək istəmirlər.

Prinsipcə, buna ehtiyac da yoxdur. İndi elə bərbad ölkələr var ki, onlar özləri böyük bir ruhi dispanseri xatırladırlar.

KEFLİ İSGƏNDƏR NİYƏ İÇİRDİ?

Elə əsərlər var ki, onları nə vaxt oxuduğunu xatırlamırsan. Sənə elə gəlir ki, bu əsəri həmişə bilmisən, anadan onunla birlikdə doğulmusan, ya da ki, o bir kod kimi əvvəldən sənin genlərində yerləşdirilib...

Cəlil Məmmədquluzadənin “Ölüləri” də belədir. Onu bir dəfə oxuyursan, gəl, bütün həyatın boyu xatırlayırsan...

Kefli İsgəndər ən böyük tsinik idi. Ətrafındakı gercəkliyə lağ etməklə, ironiya etməklə, hamıya gülə-gülə özünü dəli olmaqdan və həm də öldürülməkdən qoruyurdu, bəlkə də xilas edirdi...
...son nəticədə insan hər şeyə ironiya etməklə, hər şeyə lağ etməklə canını bu informasiyanın təzyiqindən və təsirindən qurtara bilir...


İstənilən gənc vətənpərvər ömründə kefli İsgəndərə iki münasibət yaşayır. Əvvəlcə hesab edir ki, insanları başa salmaq, onları düz yola istiqamətləndirmək olar, yetər ki, onlara lağ etməyəsən, onları ələ salmayasan, yetər ki, onlarla onların öz dilində danışasan...

Amma çox keçmir ki, bu optimizm dəhşətli pessimizmlə əvəz olunur. Həmin gənc başa düşür, anlayır ki, nadanlıq və biganəlik də divar kimidir, bəzən onu adlamaq hədsiz dərəcədə çətin olur, bəzən isə heç mümkün olmur...

Bunu anlayandan sonra bizim qəhrəmanın – əvvəlki optimist gəncin bir yolu qalır, o da kefli İsgəndər kimi tsinizmə üz tutur, bu yolla özünü dəli olmaqdan hifz edir. Başqa nə edə bilərdi ki?..

İKİ ƏDƏDİN YARATDIĞI TƏLAŞ...

İndi isə keçək əsas məsələyə. Bu günlərdə gözümə iki ədəd sataşdı. Məlum olur ki, Dövlət Neft Şirkəti son 12 ildə əldə olunmuş gəlirlərin artıq 64 faizini xərcləyib! Digər ədəd isə yollarla bağlı idi – son bir neçə ildə Azərbaycanda yolların tikintisinə və təmirinə 10 milyard dollardan artıq vəsait xərclənib...

Bəlkə də elə insanlar var ki, onlara daha artıq sayda və daha dəqiq ədədlər məlumdur. Onlar belə informasiyalarla ilə nə edirlər? Necə öz müvazinətlərini saxlayırlar?

Yəqin ki, burada da köməyə tsinizm gəlir – son nəticədə insan hər şeyə ironiya etməklə, hər şeyə lağ etməklə canını bu informasiyanın təzyiqindən və təsirindən qurtara bilir...

Elə yollar var ki, ildə onları iki dəfə təmir edirlər. Hər dəfə də böyük məsrəflər “silinir”. Bu ədədin 64 faizi yəqin ki, qəpik-quruş deyil, böyük pullardır – 64.23 milyard ABŞ dolları.

Hara xərclənib bu pullar? Bəli, Bakıda bir-iki bina tikilib. Nə olsun ki? O gün müharibədən çıxmış Çeçenistanın paytaxtı Qroznıy şəhərini göstərirdilər. Şəhər nə qədər dəyişib, nə qədər gözəlləşib, ilahi?

Bilmirəm Çeçenistanın rəhbəri Ramzan Kadırov onların tikintisinə nə qədər xərcləyib və bu xərcdən nə qədər “silib”? Güman ki, bunsuz olmaz. Amma hər halda, Neft Şirkətinin xərclədiyi 64.23 milyard ABŞ dolları ola bilməz!..

İNSAN, YOXSA ZÜLAL BİRLƏŞMƏLƏRİ?

Ümumiyyətlə, siyasətin özü də böyük bir tsinizm tələb edir. Bunu da etiraf edirik, çünki elə informasiyalar və məsələlər olur ki, onları sakit qarşılamaq insandan böyük mənəvi güc tələb edir.
Mövcud olmanın, hətta nəsil artırmanın bütün formalarını həyat adlandırmaq mümkündürmü?


Amma siyasətin də yaratdığı çaşqınlıq, təlaş da nəhayətsiz deyil. Di gəl, bəzən elə olur ki, ədədlər özləri qışqırır, özləri haray çəkir. Yuxarıda adı hallanan iki ədədi də belə səciyyələndirərdik...

Həm də insan gec-tez hər şeyə alışır. Bu da onun immuniteti, özünü hifz edə bilmək qabiliyyətidir. Bu, müəyyən qədər insanın həyatını asanlaşdırır və ona yaşamağa kömək edir.

Amma necə yaşamağa? Məsələ də bundadır!

Mövcud olmanın, hətta nəsil artırmanın bütün formalarını həyat adlandırmaq mümkündürmü?

Marksistlər deyirdi ki, həyat zülal birləşmələrinin yaşama formasıdır.

Bəlkə elə həqiqətən də hər şey belə primitivdir? Bəlkə həqiqətən də mürəkkəbləşdirməyə, həyatda onun olmayan fəlsəfi məzmununu axtarmağa dəyməz?
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG