Keçid linkləri

-
BU SON GÖRÜŞ OLMAYAYDI...

Siyasət təzadlı olur. Bəlkə də başqa vaxt Avropa komissiyasının prezidenti Jose Manuel Barroso-nun səfəri bu qədər diqqət çəkməzdi. Ələlxüsus da nəzərə alanda ki, bu, onun bir növ vida turu idi. Amma indi bir çox məsələlər xüsusi aktuallıq kəsb etdiyindən səfərə diqqət də zəruri olandan bir qədər artıq oldu.

Əvvəlcə, onu deyək ki, Barroso-nu heç də “diplomatiyanın qartalları”ndan hesab etməmişik. Onun seçilməsində Avropa parlamentinin mühafizəkarlar fraksiyasının mühüm rolu olub. Bu fraksiya isə Rusiyaya yaxınlığı ilə seçilib.

Onların Azərbaycana da münasibəti pis deyil. Yəqin bu yaxşı münasibətin nə demək olduğunu yaxşı anlayırsınız – fraksiya Azərbaycan hakimiyyətinə o qədər də tənqidi yanaşmır.

Elə Borrose-nun özünün də Azərbaycan prezidentilə münasibətləri yüksək səviyyədə hesab olunur.

Yada salaq ki, Barroso Azərbaycana üç dəfə, İlham Əliyev isə Avropa Komissiyasına düz beş dəfə səfər etmişdi. Ötən il ölkələr Avropa Birliyilə assosiasiya sazişi imzalayarkən yalnız viza rejimi ilə bağlı sazişi imzalayan Azərbaycanı Gürcüstan və Moldova ilə bir sıraya qoydular və bunda Barrose-nun da “əməyi” az olmadı.

Amma məsəl var, deyirlər ki, siyasətçi özü böyük olmasa da, tutduğu vəzifə onu böyüdür. Jose Manuel Barroso-nun da vəzifəsi kiçik deyil.

AVROPA İNTEQRASİYADA İSRARLIDIR...

Ən əsası isə indi çox mühüm məqamdır. Bir-iki həftədən sonra, daha dəqiq desək, iyunun 27-də Moldova, Gürcüstan və Ukrayna Avropa Birliyilə yekun sazişi imzalayacaq.

Azərbaycan nə edəcək, hansı yolu tutacaq, bu, hətta ən təcrübəli təhlilçi üçün də qaranlıq məsələdir. Ona görə yox ki, indi Azərbaycanın necə hərəkət edəcəyini proqnozlaşdıra bilmirik. Ona görə ki, məqam kritik məqamdır, faktiki olaraq qarşıda iki seçim var – ya Avropa Birliyi, ya da Avrasiya İttifaqı seçilməlidir.
...faktiki olaraq qarşıda iki seçim var – ya Avropa Birliyi, ya da Avrasiya İttifaqı seçilməlidir.


Bu günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da Azərbaycana səfəri gözlənir. Ondan bir qədər əvvəl iqtisadiyyat naziri də gəlmişdi – Azərbaycanı Avrasiya İttifaqına daxil olmağa təşviq etməyə... Sergey Lavrovun da missiyası elə bu olacaq. Bəs, Azərbaycan nə edəcək?

İndi belə güman edilir ki, məğrur tənhalıq yolu Azərbaycanın bu qovğada tutacağı ən ehtimallı yol olacaq – o, nə Avropa Birliyinə, nə də Avrasiya İqtisadi Birliyinə qoşulacaq. Amma rəsmilərin davranışında təlaşı da sezməmək çətindir. Hətta deyilənə görə, Azərbaycanın Rusiyadan qorunması tədbirləri işlənir.

Jose Manuel Barroso-ya gəldikdə isə, mətbuat konmfransında o, assosiasiya təklifinin qüvvədə qaldığını bildirdi, bununla bahəm bütün dövlətlərə eyni bir modelin təklif olunmasını o qədər də düzgün olmadığını dedi.

YAĞIŞDAN ÇIXIB YAĞMURA DÜŞMƏK OLMASIN DEYƏ...

Ölkənin demokratik qüvvələri təbii ki, Azərbaycanın Avropa Birliyinə inteqrasiyasında israr edir. Amma bəlkə yüzə yaxın siyasi məhbusu olan və demokratiyanın üç sütununun – demokratiyanın, insan haqlarının və qanunun aliliyinin bərqərar olmadığı ölkənin Avropaya inteqrasiyasında israr etməyə dəyməz? Bu da elə Avropa Şuarsı kimi olmayacaqmı?

Ölkə Avropa Şurasına üzv olanda hansı ümidlər vardı? Amma yenə də, bütün bunlara baxmayaraq salamatı elə Avropadır...

Burada yada Molla Nəsrəddinin bir lətifəsi düşür. Evinin açarını itirən molla gedib onu tamam uzaqda axtarır. Soruşanda ki, ay molla, nə edirsən, açarı orada itirib, burada niyə axtarırsan, o, cavab verir ki, burada ona görə axtarıram ki, buralar işıqlıdır...
Azərbaycanın Avrasiya İttifaqına daxil olacağı təqdirdə Dünya Ticarət Təşkilatına üzv olmamaq üçün gətirdiyi bəhanələrin mənasız olduğu aydınlaşacaq. Dünya Ticarət Təşkilatının bəzi şərtlərini özü üçün məqbul saymırdı. İndi necə? Gömrük Birliyi və Avrasiya İqtisadi Birliyinin şərtləri Azərbaycan üçün məqbuldurmu?


İndi də işıq Azərbaycana Avropadan gələ bilər. Avrasiya İttifaqı zülmətdir, bu, növbəti yarğandır, ora düşmək asandır, amma oradan çıxmaq illər tələb edəcək...

Həm də Azərbaycanın Avrasiya İttifaqına daxil olacağı təqdirdə Dünya Ticarət Təşkilatına üzv olmamaq üçün gətirdiyi bəhanələrin mənasız olduğu aydınlaşacaq. Dünya Ticarət Təşkilatının bəzi şərtlərini özü üçün məqbul saymırdı. İndi necə? Gömrük Birliyi və Avrasiya İqtisadi Birliyinin şərtləri Azərbaycan üçün məqbuldurmu?

Deyə bilərlər ki, Rusiyanın təzyiqi var. Amma Rusiya tək Azərbaycana təzyiq edirmi? Onun Gürcüstana, Moldovaya və Ukraynaya təzyiqi yoxdurmu?

Gürcüstan və Ukrayna bir tərəfə, Rusiyanın xarici işlər nazirinin müavini belə deyib ki, Moldova Avropa Birliyi ilə yekun sazişi imzalayacağı təqdirdə moldavanlar Rusiyadan çıxarılacaq. Bunu adi zarafat hesab etmirik, o, səbəbdən ki, söhbət yüz minlərlə insandan, təxminən üç yüz min nəfərdən gedir...

Qərəz, situasiya o qədər də bəsit deyil. Bu yay siyasi cəhətdən də qızmar olmağı vəd edir. Amma təəccüblüsü budur ki, onu istiyə o qədər də alışmamış insanlar daha böyük mətinliklə qarşılamaq əzmindədirlər.

Azərbaycanlılara nə olub? Onlar ki, istiyə alışıb?!

Bu, bəlkə də tarixi şansdır. Amma məsələnin qəliz tərəfi budur ki, hakimiyyət onu özünün şansı hesab etmir...
Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG