Keçid linkləri

Təcili xəbərlər

365 günə sığmayan təbliğat...


Müxalifət fəallarının İctimai Televiziyanın qarşısında etiraz aksiyası: "Biz İctimai Televiziya istəyirik, İlham TV yox." 24 may 2012
Müxalifət fəallarının İctimai Televiziyanın qarşısında etiraz aksiyası: "Biz İctimai Televiziya istəyirik, İlham TV yox." 24 may 2012
-
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00
Direct-ə keçid

PULU ÇÖRƏYƏ, YOXSA TƏBLİĞATA XƏRCLƏMƏLİ?

İndiki rəsmi bayramlara, bütün il ərzində səngimək bilməyən təbliğat materiallarına baxanda yadıma həmişə bir epizod düşür. 1992-ci ilin payızı idi, o vaxt hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsinin qurultayı gedirdi. Çıxış edənlərdən biri dedi ki, təbliğata fikir vermirik, təbliğata vəsait və diqqət ayırmaq lazımdır.

İlk replikanı çox gözləmək lazım gəlmədi, o, elə qurultayın sədrindən gəldi. Sədr dedi ki, təbliğata ayırdığımız vəsaiti insanların problemlərinə yönəltsək, daha yaxşı olmazmı?

Doğrusu, bilmirəm, bu, nə qədər optimal yanaşma idi? Bəlkə də siyasi konyunktura baxımından yanlış idi. Axı siyasi texnologiyalar deyilən sahə də var və onları hələ heç yerdə, heç kim ləğv etməyib, onlar bu gün də mövcuddur, üstəlik siyasi texnologiyalar ümumi politologiyanın bir qolu olmaqdan qurtularaq müstəqil elmə çevrilib.

Ona görə də məsələ heç də təbliğatın olub - olmamağında deyil. Bəlkə də onun necə və nəyin hesabına olmasındadır.
...media, qəzetlər və telekanallar hər yerdə siyasi sistemin aynasıdır.


Əgər bu gün Azərbaycanda rəsmi təbliğat yalnız özəl kanallarda, özü də ödənişli əsaslarla getsəydi və o, ümumi efir vaxtının konkret hissəsini əhatə etsəydi, bəlkə də ona xüsusi yazı həsr etməyə dəyməzdi. Amma reallıqda belədirmi?

Yox, təbliğat bütün kanallarda gedir, o cümlədən də rəsmi kanallarda. Hətta belə bir fakt nəzərə alınmır ki, rəsmi telekanal dövlət hesabına maliyyələşir, ona görə də bir partiyanın, o, hətta hakimiyyətdə olsa belə, dövlət resurslarını öz təbliğatına yönəltməsi ən azı siyasi etika baxımından düzgün deyil...

Amma nə qoyub, nə axtarırsınız? Heç etika haqda fikirləşən varmı? Bu gün Azərbaycanda rəsmi təbliğat o səviyyədədir ki, ona dözmək mümkün deyil, xüsusən də rəsmi bayramlar vaxtı ölkə lap əsl cəhənnəmə çevrilir, dözmək və günü yola vermək olmur, çünki küçələrdə və meydanlarda da eyni proses baş verir.

Hər il, məsələn, gül bayramlarına fantastik pullar xərclənir. Həmin pullara nə qədər insanın mənzil problemini həll etmək olardı!

Atəşfəşanlığın əlindən gecə yatmaq da olmur, ona görə də məcbursan ki, axşam saat 12-ni gözləyəsən, bilirsən ki, onsuz da oyadacaqlar...

Üstəlik, bu atəşfəşanlıqlara baxanda adamın beynindən qeyri-ixtiyari olaraq bir təbii sual keçir: əcəba, görən, kimin, hansı ölkənin ərazisinin 20 faizi işğal olunub?

MEDIA HƏR YERDƏ SIYASI SISTEMIN AYNASIDIR

Media heç də bütün yerlərdə gerçəkliklərin aynası olmur. Amma media, qəzetlər və telekanallar hər yerdə siyasi sistemin aynasıdır. Siz mənə qəzet və ya telekanal göstərin, mən sizə o ölkədə hansı siyasi sistemin olduğunu deyim!

İndi sosioloqlar və siyasi psixoloqlar arasında hər şeyi sovetlərlə əlaqələndirmək bir dəbdir. Hərçənd bizi sovetlərdən ayıran zaman intervalı getdikcə böyüyür, üstəlik tipik sovet nəsli – homosovetikuslar nəsli də getdikcə tükənir.

Bu sətirlərin müəllifinin də gəncliyi sovet dövründə keçib. Tam məsuliyyəti ilə deyirik ki, o vaxt sovet Azərbaycanında təbliğat indiki qədər deyildi.
O verilişlər, o təbliğat çarxları insanlara azacıq da olsa təsir edirmi? Bəlkə də nə vaxtsa təsir edib, amma indi artıq təsir etmir. İnsanlar onlara baxmır, ən azı ona görə ki, orada göstərilənləri, deyilənləri artıq əzbər bilirlər!


Düzdür, sovetlərin dövründə həmişə şəxsiyyətə pərəstiş olmuşdu. Amma bununla bağlı yazıçı Mikhail Sholokhov-un maraqlı bir fikri vardı.

O, bir dəfə demişdi ki, bəli, müəyyən dövrdə ölkədə şəxsiyyətə pərəstiş vardı, amma şəxsiyyət də vardı axı...

İndiki Azərbaycanda təbliğatın səviyyəsinə baxanda görürsən ki, bu hakimiyyətin siyasi texnoloqlarına sözün əsl mənasında 365 gün azlıq edir. İmkanları olsaydı insanların yuxularına da müdaxilə edər, insanların yuxularına da təbliğat materialları yerləşdirərdilər...

Amma onlar bir detalı unudurlar. Təbiətşünaslıqda ümumi bir prinsip var. Hər bir tendensiya elə bir tendensiya yaradır ki, onu doğuran tendensiyanın əksinə yönəlir. Bu mənada izafi təbliğat, bayağı təbliğat da istisnalıq təşkil etmir – bir çox hallarda reklam anti-reklama çevrilir...

Öz müşahidələrimizə sosioloji məzmun verməzdik. Amma hamımız adamlar arasında oluruq, tam şəkildə olmasa da, ictimai rəydən bir az xəbərimiz var. O verilişlər, o təbliğat çarxları insanlara azacıq da olsa təsir edirmi?

Bəlkə də nə vaxtsa təsir edib, amma indi artıq təsir etmir. İnsanlar onlara baxmır, ən azı ona görə ki, orada göstərilənləri, deyilənləri artıq əzbər bilirlər!

İnsanları onlara təkrar-təkrar baxmağa məcbur etmək müəyyən mənada əzbərçiliyi stimullaşdırmaqdır, əzbərçilik isə heç yerdə, nə klassik, nə də ki, müasir pedaqogikada təqdir olunmur...


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir

Ən son yazılan

XS
SM
MD
LG