Keçid linkləri

-
Bazar gününü və onu izləyən bazar ertəsini heç sevmərəm.

Hər bazar ertəsini gələ biləcək bəd xəbərdən üşünərək qarşılayıram.

Bu bazar ertəsi də bəd xəbərlə gəldi.

Yazıçı-jurnalist Sara Nəzirovanın – «Azərbaycan nəsrinin şlyapalı xanımının» səhər saatlarında dünyasını dəyişdiyini eşitdim.

Xəbərləri Sara xanımın 2009-cu ildə İncəsənət Muzeyində çəkdiyim şəkli bəzəyirdi.
Çox üzüldüm…

KÜBAR SALONLARIN SON MOGİKANI…

Sara xanımla uzun illərdir ki, tanışdım.

Müxtəlif verilişlərdə, təqdimatlarda görüşərdik.

Mənim gözümdə Sara xanım XIX əsrin kübar salonlarından çıxmış, amma əsrləri adlayıb hələ də var olmağı bacaran son mogikanlardan idi.

1944-cü ilin dekabrında Oğuz rayonundakı Padar kəndində doğulmuşdu Sara xanım.
Amma heç kənd qızına bənzəmirdi bu zərif bənövşə.

Dediyim kimi, sanki kübar salonlardan əsrləri adlayıb XXI əsrə düşmüşdü.

ANAM VƏ VƏTƏN! BUNLAR OLMASAYDI…

Həmişə üzərində bir cavabdehlik hiss edirdi. Bir müsahibəsində mənə demişdi: «Yazmalı olduğum işləri yazmalıyam. İllərdir topladığım materialları, hissləri, duyğuları bu insanlara, dünyaya, xalqıma qaytarmalıyam. Bu, hər bir sənətkarın borcudur. Mən çox şadam ki, ətrafımda bu qədər dostlarım var. Hər zaman onların dəstəyini hiss edirəm. İlk növbədə anama minnətdaram, anamın timsalında Vətənimə. Çünki onlar körpəlikdən məni bütün sevinclərdən elə təcrid ediblər ki, bu sevincləri öz qəlbimdə, kitablarda, sənətdə axtarmağa məcbur qalmışam. Onlar olmasaydı, yəqin sizin Sara Oğuz Nəzirova adında yazıçınız olmazdı...».

YAZMADAN YAŞAYA BİLMƏYƏN QADIN

«Mən yazıçı deyiləm. Yazıçının həyatını yaşayan insanam», – deyərdi Sara xanım.
Və yazmadan yaşaya bilmirdi: «Yazanda heç vaxt düşünməmişəm. Ot necə bitir, quş necə oxuyur? Fikirləşib oxumur ki? Sadəcə, qəlbindən gəlir. Ayrı cür mümkün də deyil. Ayrı cür yaşaya da bilməz. Bax, mən də yazmadan, yaşaya bilmirəm...».

«HƏYAT UĞRUNDA SAVAŞ MƏNİ HƏQİQƏTƏ YAXINLAŞDIRIB»

Sən demə, həyatı vuruşlarda keçibmiş bu zərif xanımın: «Oturub ancaq yazmaqla məşğul olmağa heç vaxt imkanım olmayıb. Həmişə kargüzarlıqla, həyat uğrunda savaşa-savaşa, mövcudluqla uçurum arasında vuruşa-vuruşa yaşamışam. Bunun bir xeyri də o olub ki, məni həqiqətə yaxınlaşdırıb. İnsanları, olayları bir neçə nöqtədən görüb duya bilirəm».

PARİSƏ İKİ SƏFƏR – «VURULDUM!»

Sara xanım sənət məbədi Parisdə iki dəfə olmuşdu. Birinci dəfə 2002-ci ildə Lil şəhərində Avropa Ali Jurnalistika Məktəbinə oxumağa getmişdi. İkinci dəfə «Mədəniyyətlərin dialoqu» adlı beynəlxalq sərgiyə dəvət olunmuşdu. Bütün ömrü boyu oranın sənət əsərlərini, memarlıq abidələrini öyrənən Sara xanım Parisli günlərini belə xatırlayırdı: «Mən özümə söz verdim ki, hamı kimi Parisə vurulmayacağam. Axı o şəhər barədə hər şeyi bilirəm, qiymətləndirirəm. Amma olmadı, mən də eşqə düşdüm, Parisə vuruldum! Həm də Fransanın mənə böyük dərsi oldu. Təsəvvür edirsinizmi, bu yaşda da dərs almaq olarmış –Fransanın dərsləri! – elə bu adda da yazım olacaq. Artıq başlamışam. O dərslərin məğzi o idi ki, həyat həmişə bayramdır, hansı işartıda olur-olsun! Bunu mən Fransada anladım. Bu, qəlbimdə dönüş yaratdı». Sara Nəzirova

Sara Nəzirova



«NEFTİN QİYMƏTİNİ BİLİRLƏR, İNSANLARIN YOX!»

Bu müsahibəni mən 5 il öncə Sara xanımın «Selected Works» (Seçilmiş əsərləri) kitabının təqdimat mərasimində almışdım. Və İncəsənət Muzeyində baş tutan həmin mərasimdə klassik musiqi səslənirdi… Sara xanımın dostları, həmkarları, sevənləri başına toplanmışdı. Mən onlardan birinin – mərhum Rafiq Tağının da Sara xanım barədə fikirlərini soruşdum. Rafiq Tağı dedi: «…Əfsus ki, onun qədrini bilmirlər. Azərbaycan dövləti neftin qiymətini yaxşı bilir, insanlarının qiymətini bilmir. Arzum odur ki, Azərbaycan dövləti üzünü bu insanlara çevirsin, bu cür töhfə insanları görə bilsin! Milyardlarla havaya sovrulan pullardan bir az da Sara xanımın masa üzərində yatıb qalan əsərlərinin çapına ayırsın...».

«BİR QADIN BU QƏDƏR İŞLƏR GÖRÜB!»

Son dəfə Sara xanımı ötən ilin payızında BMM-də Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş «Sirli bənövşə» filminin təqdimatında gördüm.

Filmin ssenari müəllifi olan Sara xanım Məhsətidən heyranlıqla danışırdı: «Görün a, o boyda planetdə, kommunikasiyanın inkişaf etmədiyi bir şəraitdə bir qadın bu qədər işlər görə bilib. Öz duyğularını cəmiyyətə sərbəst söyləyə bilib, duyğularını verə bilib. Bəziləri istəsələr də bu duyğuları çatdıra bilməyiblər... Məhsəti böyük dühadır!».
Fikrimcə, Sara xanım da az iş görməyib.

«Vikipedia»ya baxıram və onun nələr etdiklərinə heyrətlənirəm… Neçə-neçə kitabları, sənədli filmləri, pyesləri…

SİRLİ BƏNÖVŞƏ

O isə bütün bunların fərqinə varmadan yaşayıb-yaradırdı.
Amansız xəstəliyə boyun əymədən. Başında həmişəki kimi şlyapa, üzündə sirli bir təbəssüm.

Gözündə güllər açırdı, üzü xoşbəxtlik saçırdı.

Amma son görüşdə etiraf etdi ki, keçən dəfə «Üfüqü ötənlər» filminin təqdimatında ayaq üstə güclə dayanırmış…

Bizsə bütün bunlardan xəbərsiz «Azərbaycan nəsrinin şlyapalı xanım»ına insafsızcasına saysız suallar yağdırır və maraqlı cavablar alırdıq...

«XOŞBƏXTLİYİ YOX, GÖZƏLLİYİ SEÇDİM»

İndi yazının başlığına çıxardığım bu sözləri heç vaxt unuda bilmirəm.
Sara xanım bunu bir təqdimatda mənə söyləmişdi: «Mən xoşbəxtliyi yox, gözəlliyi seçdim! Çünki xaliq sifətini gözəllikdə göstərir. Bu, mənim həyat kredomdur! Əslində o cür yazmağa çalışıram. Axı həyat materialı ilə dolu olan və gözəllik uğrunda çalışan yazıçıların əsərləri həmişə maraqlı olur...».

SON

O xanım az qala yarım əsr öncə həyatının seçim anında xoşbəxtliyi yox, gözəlliyi –sənəti seçmişdi.

Tək-tənha yaşayırdı.

Görəsən, «xoşbəxtliyi yox, gözəlliyi seçən qadın» SONDA peşman oldumu?

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG