Keçid linkləri

-

1500 İLİN ACI NƏTİCƏSİ...

İl növbəti Ramazan ayına qədəm qoydu. Dindar müsəlmanlar sutkada təxminən 17 saat özlərini əsas maddi tələbatlarının bir qismindən çəkindirməlidirlər. Həqiqətən də çətindir və nəzərə alanda ki, orucluq yayın ən isti vaxtlarına təsadüf edir, bunun nə qədər böyük fədakarlıq tələb etdiyini başa düşmək elə bir çətinlik törətməz.

Amma daha böyük fədakarlıq şər əməllərdən, özü də bir ay ərzində yox, bütün il boyu, bütün həyatın boyu çəkinməkdir.

Bəli, Ramazanda savadlı din adamlarının moizələrini dinləmək bir ayrı aləmdir. Amma onlara diqqət yetirəndə adamın ağlına gələn ilk fikir bu olur ki, hər şey belə asan olsaydı, daha nə vardı ki?

Həyat qat-qat mürəkkəbdir. Ən azı ona görə ki, müsəlmanlar da dinə arxalanaraq 1500 il ərzində ideal dövlət qura bilmədilər. İdeal dövlət, utopiya təkcə onların beynini məşğul etmədi, Şərqdə də, Qərbdə də çox insan bu haqda düşündü.

Mirzə Fətəli Axundov yazırdı ki, nəsihətlə və öyüdlə hər şey həll olunsaydı dünyanın ən ideal dövləti İran olardı, çünki bütün İran ədəbiyyatı öyüddür, nəsihətdir, didaktikadır...

Bəli, bu gün tam qətiyyətlə demək olar ki, yalnız və yalnız xristian dünyasına ideal olmasa da, ən azı normal dövlətlər və cəmiyyətlər qurmaq nəsib oldu. Digər sivilizasiyalar isə bunu bacarmadılar.

Niyə bacarmadılar? Mirzə Fətəli Axundovun çox maraqlı bir fikri vardı. O, yazırdı ki, nəsihətlə və öyüdlə hər şey həll olunsaydı dünyanın ən ideal dövləti İran olardı, çünki bütün İran ədəbiyyatı öyüddür, nəsihətdir, didaktikadır...

ON BİR AYDA NECƏ TALAYIRDILARSA...

Bu yazını ona görə yazdıq ki, məhz Ramazanda öyüd-nəsihət, nəcib keyfiyyətlərə çağırış özünün pik həddinə çatır. Amma elə bu öyüd-nəsihətin, səxavətə və mərhəmətə çağırışın fonunda da bazarlarda qiymətlər fantastik dərəcədə artır, mərhəmətə çağırışların fonunda məmurlar ölkəni ilin on bir ayında necə talamışdısa elə Ramazan ayında da elə talayırlar.

Bir neçə il bundan əvvəl politoloq Samuel Phillips Huntington-un «sivilizasiyaların toqquşması» haqqındakı nəzəriyyəsi çox populyar idi. O qədər populyar idi ki, hətta siyasətçilər belə ona münasibət bildirməyi vacib sayırdılar.

Bəli, Huntington cəmiyyətlər və dövlətlər arasındakı fərqlərin kökündə sivilizasiyaların özəlliklərini görürdü.

Əslində isə məsələ bir az da qədimə gedirdi. Hələ Max Weber Avropa iqtisadi modelinin kökündə protestant etikasının, dəyərlərinin dayandığını iddia edirdi.

Orta statistik Şərq adamı, xüsusən də müsəlman ilk növbədə fərdiyyətçidir, o, «Mənim evim mənim qalamdır!» prinsipi ilə yaşayır. Amma evindən kənarı görə bilmir və düşünür ki, evində sahman yaratsa, hər şey yaxşı olacaq.

Sonradan digər ölkələrdə də, o cümlədən də bəzi Şərq ölkələrində kapitalizm elementlərinin çox uğurla inkişaf etdiyi aydın olanda alman sosioloqu həmin o xalqların da mədəniyyətində belə bir zəmin axtarmağa başladı.

İndi birmənalı söz demək çətindir. Kapitalizmi bir tərəfə qoyaq. Hesab edək ki, mülkiyyət hissi bütün insanlara xasdır. Bəs niyə despotik modellərə daha çox Şərq ölkələrində təsadüf edilir?

EVLƏRİNİN KƏNARINI DA ÖZÜNÜNKÜ BİLSƏLƏR...

Bəlkə də ona görə ki, burada insanlar iqtisadiyyata, mülkiyyətə və mülkiyyət institutuna verdikləri önəm qədər siyasətə önəm vermirlər. Orta statistik Şərq adamı, xüsusən də müsəlman ilk növbədə fərdiyyətçidir, o, «Mənim evim mənim qalamdır!» prinsipi ilə yaşayır. Amma evindən kənarı görə bilmir və düşünür ki, evində sahman yaratsa, hər şey yaxşı olacaq.

Məhz buna görə də Şərq şəhərləri təzadlı dərəcədə çirkli olurlar. Halbuki bu şəhərlərdəki evlərin içinə baxsan səliqə-sahmandan heyrətə gələrsən. Amma o evlərin çölündə elə bir bərbad mənzərə olur ki...

Hər şeyin mədəniyyətdən irəli gəldiyini iddia etməkdən uzağıq. Amma di gəl, etiraf etmək zorundayıq ki, mədəniyyət böyük amildir. Məhz mədəniyyət elə bir aşağı tavandır ki, insana bundan aşağı enməyə imkan vermir...

Elə xalqlar var ki, onların Firdovsiləri, Sədiləri, Nizamiləri olmayıb, amma onlarda ictimai mədəniyyət elə bir yüksək səviyyədədir ki... Bəli, bu xalqların «şanlı keçmiş»i olmayıb, amma onların şanlı bu günü var...

Burada etiraz edərlər ki, Qərb dünyası böyük kataklizmlərdən keçib. Məsələn, Qərb şəhərləri heç də həmişə indiki kimi təmiz olmayıb, onlar da kütləvi vəbadan, taundan sonra bu günə gəlib çatıblar.

Doğrudur. Amma həmin adı çəkilən xəstəliklər Şərqdə olmayıbmı? Olub. Sadəcə, eyni hadisələrdən çıxan nəticələr fərqlidir...

Ona görə də Şərqdəki geriliyə haqq qazandırmaq olmur. Məsələ bundadır ki, keçmişlə gələcək arasında həmişə asimmetriya olur, gələcək keçmişlə müqayisədə daha çox inkişaf, daha çox tərəqqi deməkdir - Qərb dünyası bunu qəbul edib. Şərqdə isə tərsinədir. Orta statistik şərqli üçün isə yaxşı nə varsa hamısı keçmişdə qalıb, o, daim keçmişin həsrətindədir...

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG