Keçid linkləri

Cəmiyyətdə ad qazanmış Bakıdakı türk liseylərinin hansı səbəbdən bağlanmasını söyləmək əlbəttə çətindir. Bu qapanmanın “nurçuluğun” təbliği ilə bağlılığının uydurma olması elə ilk baxışdan bəlli olur.

Çünki burada uşaqları oxuyan hər bir kəsə bəllidir ki, məktəblərdə nurçuluq təbliğ olunmurdu və dırnaqarası jurnalistlərin sifarişli yazılarında göstərildiyi kimi, məktəb kitabxanalarında uşaqlara “qırmızı kitab” adı altında nurçuluğu təbliğ edən kitabın verilməsi kimi iyrənc yazıların qara PR-dan başqa bir şey olmadığı hamıya bəllidir. Bunu yazan jurnalist dediklərinin həqiqət olduğuna inansa idi ən azı öz imzasını həmin yazının altına qoyardı.

GULE-ERDOGAN ÇƏKİŞMƏSİNDƏN BAKIDA UŞAQLAR ZİYAN ÇƏKİR

Liseylərin bağlanmasını SOCAR prezidenti Rövnəq Abdullayevin “təhsillə Təhsil nazirliyi məşğul olmalıdır” fikri ilə də əlaqələndirmək gülüncdür. Ən azı ona görə ki, liseylərin bağlanmasından 10 gün keçməmiş Milli Məclis Fransa və Azərbaycan arasında bağlanmış müqaviləni təsdiqlədi. Həmin sənədə görə, Bakıda açılacaq fransız liseyinin maliyyəsi məhz “təhsillə Təhsil nazirliyi məşğul olmalıdı” cümləsinin müəllifi Rövnəq Abdullayevin rəhbərlik etdiyi SOCAR-a tapşırılırdı.

Liseylərin kuluarlarında isə bu məktəblərin bağlanmasının Türkiyə rəhbərliyinin sifarişi olduğu deyilir. Deyilənə görə, bu addımın arxasında Türkiyənin Baş naziri, islam dünyasının lideri olmaq istəyən və hərəkəti ilə elmi hər şeydən üstün tutan islam dəyərlərini aşağılayan Recep Tayyip Erdogan-ın siyasi rəqibi Fetullah Gulen-le yeritdiyi intriqalar durur.

Biz cənab Erdogan-ın liseyləri qapatmayacağı təqdirdə Azərbaycanı nə ilə hədələdiyini bilmirik. Amma məktəb kuluarlarında bu liseylərin Azərbaycan hökumətinin istəyi ilə qapanmadığına 100 faiz əmindirlər.

Əlbəttə, bütün bunlar artıq keçib və türk liseylərinin ən azı yaxın gələcəkdə yenidən açılacağına ümid yeri görünmür. İndi bizi düşündürən bu liseylərdə təhsil alan yüzlərlə gəncin və 20 il ərzində bu mükəmməl təhsil sisteminin yetişdirdiyi müəllimlərin taleyidir.

İŞÇİ QRUP VARSA, HARDADIR?

Liseylərin bağlanması xəbəri çıxar çıxmaz Azərbaycan Təhsil Nazirliyi orada oxuyan uşaqların və çalışan müəllimlərin yerləşdirilməsi ilə bağlı işçi qrupun yaradıldığını bildirdi. Amma indiyə kimi o qurumun başında kimin durduğu və kimlərin orada təmsil edildiyi bilinmir.

Bu komissiyanın hər hansı üzvü indiyə kimi heç bir mətbu orqanda geniş müsahibə verməyib, valideynlərlə görüş keçirməyib, jurnalistlərin qarşısına çıxmayıb.

Bilinən isə odur ki, iyulun 1-dən valideynlər Bakı Təhsil İdarəsinə gəlib onlara təklif edilən məktəblərin hər hansı birinə müraciət etməli və həmin məktəblər qeyd-şərtsiz bu uşaqları qəbul etməlidirlər.

Amma işə gələndə bəlli oldu ki, Təhsil Nazirliyinin təklif etdiyi məktəblərin heç birində ingilis dilində təhsil yoxdur. İngilis dilində təhsil verən özəl məktəblərin qiyməti isə Cağ öyrətim liseylərindən 30-40%, bəzilərində isə 2-3 dəfə bahadır.

Bu isə o deməkdir ki, 7-8-9-cu siniflərdə oxuyan şagirdlərin təhsili artıq sual altına düşür. Çünki liseylərin məhz bu siniflərində texniki və təbiət elmləri 100 faiz ingilis dilində tədris olunurdu. Bu da uşaqlara dünya fənn olimpiadalarına qatılmaq imkanı verirdi.

ƏVVƏL QƏBUL, SONRA İMTAHAN

Daha sonra tədris proqramının bir qədər liseylərdəki proqrama yaxın olduğu Zərifə Əliyeva adına liseyə uşaqlar şərtsiz deyil imtahan əsasında qəbul edilirlər. Belə ki, artıq bu liseyə qəbul almış, əlində bu barədə məktəbin möhürü və direktorun imzası olan arayış sahibləri günlərin birində imtahana çağırılır. Nazirlik bunu həmin liseyə girmək istəyən şagirdlərin sayının çoxluğu ilə izah edir.

Ölkəsində türk liseylərinin modelinə uyğun yalnız bir məktəbin olduğunu bilən nazirlik işçiləri, bunu əvvəlcədən görə bilməzdilərmi? Bunun özü fəaliyyəti virtual xarakter daşıyan işçi qrupun üzərinə götürdüyü işi yararlı yerinə yetirə bilməməsindən xəbər verir.

Valideynlərin "bunu öncələyə bilməzdinizmi" sualına isə təhsil işçiləri “əvvəl belə düşünülürdü indi isə qərar dəyişib. Bəyəm Azərbacanda yaşamırsınızmı?” deyə izahat verdilər.

Bəli. Görünür, bu valideynlər uşaqlarını türk liseyində oxutduqları illər ərzində Azərbaycanda yaşamayıb. Çünki bu liseylərdə 1 həftə ərzində bu qədər önəmli qərarların dəyişdirilməsi faktı ilə üzləşməyiblər.

Daha açınacaqlı duruma isə 10-11-ci siniflərin şagirdləri düşüb. Belə ki, türk liseylərinin proqramına görə, 3 il ingilis dilində təhsil alandan sonra 10-11-ci siniflərdə məktəb onları seçdikləri peşəyə əsasən dörd qrupa bölür, TGDK və buraxılış imtahanına hazırlayırlar.

Bəlli olur ki, Bakı Təhsil İdarəsinin təklif etdiyi məktəblər arasında beləsi yoxdur. Yəni məktəb 11-ci sinifə daxil olan şagirdə çevik proqram üzrə təhsili təmin edə bilməyəcək.

TÜRK LİSEYLƏRİ BAĞLANDI, BAKI MƏKTƏBLƏRİNDƏ RÜŞVƏT ARTDI...

Deməli, valideynlərin yeganə çıxış yolu uşaqlarına liseylərdə verilən mükəmməl təhsili yekunlaşdırmaq üçün əlavə təlimçi, və ya xalq dilində desək, repetitor tutmaqdır. Özü də ele repetitor ki, onun türk liseyləri proqramından xəbəri olsun.

Belə olan halda valideynlər haqlı olaraq övladlarını onlara lazım olan proqram üzrə təhsil verə bilməyən məktəblərə göndərmək istəmir, həmin məktəblərə sadəcə onların adlanrını yazdırıb, əslində uşaqlarını təlimçilərin yanına göndərməyə çalışırlar.

Və bu zaman pişiyin quyruğu çıxır bayıra. Məktəb direktorları yeni nazirin 11-ci siniflərin davamiyyətə xüsusi önəm verdiyini bəhanə gətirərək valideynlrərdən yüksək məbləğdə pul tələb etməyə başlayırlar. Əgər uşağın adını məktəbə yazdırıb özünü başqa müəllimin yanına imtahana hazırlaşmağa göndərmək 1500-3000 manat arası idisə, indi rəqəmlər yüksəlib. Artıq məktəb direktorları bu işə razılığa 3-6 min istəyir, bu pulun çox hissəsinin guya Təhsil Nazirliyi əməkdaşlarına çatacağını bildirirlər.

Beləcə dalana dirənmiş durumda qalan valideynlər isə Təhsil Nazirliyi yetkilərinin yanına düşə bilmirlər.

VALİDEYNLƏRDƏN NAZİRLİYƏ TƏKLİFLƏR

Məsələn, Nazirliyin "qaynar xətt"ində oturan Sevda adlı operator yalandan işçi qrupu rəhbərinin Bakı Təhsil İdarəsinin rəhbəri Nailə Rzaquliyeva olduğunu deyərək valideynləri başdan edir. Həmin xanımın müavini Məmmədəli müəllim isə hazırda Nailə Rzaquliyevanın məzuniyyətdə olduğunu və qrupa rəhbərlik etmədiyini bildirir.

Amma valideynlərin qrupun rəhbəri və şəxsən cənab nazirə deyəcəyi və təklif edəcəyi xeyli məsələ var.

Təkliflərdən biri liseyləri 20 il ərzində yetişmiş azərbaycanlı müəllim və menecerlərə təslim etməklə şagirdləri öz məktəblərində saxlamaq və bu təhsil sistemini inkişaf etdirməkdir.

İkincisi, liseylərin 11-ci siniflərində oxuyan şagirdləri tələb olunan proqramlarla təmin edə bilmədiyindən, nazirlik onların hamısının adını bir məktəbə yazdırıb, Cağ öyrətim müəssisənin nəzdində olan liseylərin birində təhsillərini öz müəllimlərinin nəzarəti altında bitirməsinə şərait yarada bilər. Bu liseylərdə yataqxanaların da olduğunu nəzərə alsaq rayon liseylərində oxuyan şagirdlərin də Bakıya yığılması problem olmayacaq.

Üçüncüsü, ilk baxışdan mümkünsüz görünən, amma digər iki təklifin həyata keçirilmədiyi halda vacib olan təklifə görə isə, Təhsil Nazirliyi türk liseylərinin 11-ci sinfindən gələn şagirdləri istisna olaraq dərsə mütləq deyil, valideyinin ərizəsi ilə könüllülük əsasında gəlməsinə icazə verə bilər. Əvəzində isə həmin uşaqlarla ildə 4 dəfə sınaq imtahanı keçirilər və ancaq 500 baldan aşağı bal yığan şagirdlərin mütləq dərsə qatılması şərti qoyula bilər.

Bununla nazirlik ən azı məktəblərdə yaranan korrupsiya mənbəyini bağlayar və adının ləkələnməsinə imkan verməz. Nəzərə alaq ki, artıq yeni nazirin zamanında buna bənzər qərarlar verilib.

Məsələn, qiymətindən asılı olmayaraq şagirdlərin hamısına attestat verilməsi, və ya birinci sinifə qəbul zamanı müsabiqənin ləğvi buna yaxşı nümunədir.

Valideynlərin fikrincə, Təhsil Nazirliyi türk liseylərinin bağlanmasında günahkar olmasa da, bu məktəblər dövlət tərəfindən bağlanıb. Onların bağlanmasında şagirdlərin, valideynlərin və lisey müəllimlərinin də günahı yoxdur.

Liseylər bağlanmasa idi biz heç kimi narahat etməyəcəkdik. Adi orta ümumtəhsil məktəblərinə də girmək və nə isə tələb etmək fikrimiz yox idi.

Hesab edirəm ki, məktəblərimizi bağlayıblarsa, dövlət qurumu olaraq Təhsil Nazirliyi də bu uşaqların başladığı keyfiyətli təhsili bitirməsi üçün bütün kompromis variantlara baxmağa borcludur.

Belə ki, valideynlər uşaqlarını bu liseydə oxumalarına pul ödəməklə Azərbaycanın inkişafına örnək olacaq vətəndaşlar yetişdiriblər. Və buna görə, yeməyindən, geyimindən kəsib uşaqlarının təhsilinə xərcləyən valideynlərə dövlət normalda ancaq minnətdar olmalıdır.

Bizim uşaqlarımız həm təhsilləri, həm tərbiyələri, həm də göstərdikləri nəticələrə görə, həmişə ölkə məktəblilərinin önündə durublar. Bunu həm eks prezident Heydər Əliyev, həm hazırkı dövlət başçısı İlham Əliyev, həm TGDK-nın rəhbəri Məleykə Abbaszadə dəfələrlə bildirib.

İndi bizim illər boyu çəkdiyimiz əziyyəti yerə vurmağa, bu uşaqları təhsil səviyyələrinə uyğun olmayan ümumtəhsil məktəblərinə qaytarılmasına imkan verilməməlidir. İnanırıq ki, Təhsil Nazirliyinin qərb təhsilli menecerləri bizim təkliflərimizi araşdıracaq və çıxış yolu tapacaqlar.

Nailə Bağırova
Valideyn, ANN.Az xəbər portalının baş redaktoru.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG