Keçid linkləri

Təcili xəbərlər

Ukrayna uğurun bir addımlığında...


-

Gözlə

No media source currently available

0:00 0:04:18 0:00
Direct-ə keçid

YANUKOVİCH-İN UKRAYNAYA VURDUĞU ZƏRBƏ...

Ukrayna tədricən şərq bölgələrində öz suverenliyini bərpa edir. Artıq Slavyansk şəhəri mərkəzi hakimiyyətin nəzarətindədir. Əslində lap əvvəldən belə olmalı idi. Ukraynanın şərqində biri-birinin ardınca rayonlar separatçılara təhvil verilərkən yazmışdıq ki, bu, yalnız və yalnız təxribat ola bilər, çünki böyük vilayətlərin heç bir müqavimət olmadan bir neçə yüz separatçıya təhvil verilməsini başqa cür izah etmək mümkün deyildi.

Artıq Slavyansk şəhəri mərkəzi hakimiyyətin nəzarətindədir

Bizim gümanlarımızı sonradan Ukrayna xəbər agentlikləri və uzun müddət orada yaşayan azərbaycanlılar təsdiq etdilər. Belə ki, şərq bölgələrinin çoxunda keçmiş prezident Victor Yanukovich-in adamları hakimiyyətdə idi.

Ukrayna və Rusiya dövlətlərinin, ayrılıqda ukraynalıların və rusların mövcudluğunu tarixin səhvi adlandıran keçmiş prezident hakimiyyətdə olduğu müddətdə demək olar ki, Ukraynanın müqavimət qabiliyyətini azaltmaqla məşğul olmuşdu.

İndi Ukrayna gücünü səfərbər etməyə, itmiş müqavimət qabiliyyətini bərpa etməyə çalışır. Bütün bunları etmək və həyata keçirmək üçün yeni prezidentə kart-blans verilib. Demək lazımdır ki, o, da buna bütün qüvvəsi ilə cəhd edir, hətta bunun üçün öz maliyyə resurslarını belə əsirgəmir.

Rusiya da hələ ki, Ukraynanın şərqdə apardığı əməliyyatları sakit seyr edir. Bunu da təsadüf hesab etmirik. Rusiyanın Ukraynadan qopardığı yalnız Krım olacaq ki, bunu da əvvəllər qeyd etmişdik.

İndi Ukrayna gücünü səfərbər etməyə, itmiş müqavimət qabiliyyətini bərpa etməyə çalışır

Hələ ötən ayın əvvəllərində Qərb dövlətləri bəyan etmişdi ki, Rusiyanın Ukraynanın şərqinə müdaxilə etməsi onun böyük tarixi səhvi olardı. Rusiya bunu yaxşı anladı və çətinliklə olsa da, qoşunlarını Ukrayna ilə sərhəddən çəkdi.

Ukrayna prezidenti Petro Poroshenko da ağıllı hərəkət etdi. O, separatçılara Ukrayna ərazisindən çıxmaq üçün vaxt və dəhliz verdi.

Separatçılar bu şansdan istifadə etmədilər. Ona görə də münaqişənin belə bir xarakter alması ilk növbədə onların günahıdır.

RUSİYA AVROPALAŞMA PROSESİNİ DAYANDIRA BİLMƏDİ...

Həm də fikirləşirik ki, üç ölkənin – Gürcüstanın, Moldovanın və Ukraynanın bütün çətinliklərə baxmayaraq Avropa Birliyi ilə assosiasiya sazişi imzalaması Rusiyanı müəyyən qədər düşünməyə vadar etdi.

Ona görə ki, Avrasiya İqtisadi Birliyi müəyyən mənada bu prosesin qarşısını almaq üçün düşünülmüşdü. Amma bu, alınmadı. Təsadüfi deyil ki, Avrasiya İqtisadi Birliyi ilə bağlı proses bir müddətdir ki, donub, indi əvvəlki eyforiya və optimizm yoxdur.

Prosesin lap başlanğıcında təsisçi dövlətlərin Birliklə bağlı baxışlarında böyük fərqlərin olduğu anlaşıldı. Qazaxıstan və Belarus Birliyin sırf iqtisadi qurum kimi qurulmasında israr etdilər.

Qazaxıstan və Belarus Birliyin sırf iqtisadi qurum kimi qurulmasında israr etdilər

İyunun 15-də Ermənistan da Avrasiya İqtisadi Birliyinə daxil olmalı idi. Amma hələ ki bu xüsusda bir hərəkət, bir bəyanat sezilmir. Əvvəl belə məlum oldu ki, iyulun 3-də Ermənistan və Rusiya prezidentləri görüşəcək.

Bununla bağlı da müəyyən yəqinlik hasil olmadı. Ermənistanda müşahidəçilər bunu müxtəlif cür yozurlar. Onların bəzisinin fikrincə, Rusiya daha çox Azərbaycanı bu qurumda görmək istəyir və Ermənistanın Azərbaycanla birlikdə quruma daxil olmasını arzulayır.

AZƏRBAYCANDA TƏLƏSMİRLƏR...

Amma Azərbaycanın ən azı yaxın vaxtlarda Avrasiya İqtisadi Birliyinə daxil olmaq fikri yoxdur.

Hiss olunur ki, Rusiyanın siyasi dairələrində bir məyusluq var. Onlar Avropa Birliyinin Şərqə daha bir addımının qarşısını ala bilmədilər.

Hamıya aydındır ki, bu prosesdə Rusiyaya Belarus və Ermənistan o qədər də lazım deyil. Bu iki ölkə onsuz da Rusiyanın «ovcundadır». Onlarla daha bir yaxınlıq Rusiyanı elə də cəzb etmir.

Rusiyaya Belarus və Ermənistan o qədər də lazım deyil. Bu iki ölkə onsuz da Rusiyanın «ovcundadır»

Rusiyanın bəzi inteqrasiya formullarına baxanda Azərbaycan müxalifətinin hərəkətləri yada düşür.

Eyni təşkilatlardan nə qədər birlik yaratmaq olar? Hətta belə qəbul etsək ki, Rusiya siyasətçilərinin fantaziyası olduqca zəngindir, bütün hallarda etiraf etməliyik bu proses sonsuz deyil, ən azı ona görə ki, riyazi kombinatorika var və o, eyni sayda təşkilatların müxtəlif kombinasiyalarının sayını məhdudlaşdırır.

Bir daha deyirik ki, Rusiyaya ilk növbədə Ukrayna və Azərbaycan lazım idi. Ona görə ki, bu ölkələr cəlbedici bazardır. Birində istehlakçılar kütləsinin həcmi, digərində isə alıcılıq qabiliyyəti olduqca böyükdür.

Təbii ki, Rusiya bunun fərqindədir. Fərqində olmasaydı bu qədər səy göstərməzdi. Ermənistana gəldikdə isə o, Rusiyanı yalnız o halda hərəkətə gətirmək iqtidarındadır ki, Qərbə doğru hərəkət etmiş olsun. Amma o, bunu edə bilərmi? Məsələ də elə bundadır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG