Keçid linkləri

-

«BİRİNCİ»LƏR...

Gürcüstanın keçmiş birinci katibi və həm də keçmiş prezidenti Eduard Shevardnadze də vəfat etdi... Sovetlərin vaxtında onlara «pervıy» - «birinci» deyirdilər. Onlar da müəyyən mənada bunu doğrultdular. Həmişə, hətta diametral zidd epoxalarda da onlara birinci olmaq nəsib oldu...

Bəzən bu «birincilik» qeyri-adi səylər hesabına başa gəlirdi. O vaxta qədər ki, onlar müxalifətdə idilər, ölkələrində gur siyasi toqquşmalar gedirdi, bəzən bu, hətta vətəndaş müharibəsi səviyyəsinə çatırdı.

Demirik ki, onlar hakimiyyətə gələndən sonra hər şey yerbəyer oldu. Yox, narahatlıq onda da vardı. Amma əvvəlki dövrlərlə müqayisə oluna bilməzdi. O vaxt bununla bağlı siyasi publisistlərdən biri maraqlı fikir yazmışdı. Yazmışdı ki, əvvəl qarışdıranlar daha qarışdırmırlar...

Mikhail Gorbachev və Eduard Shevardnadze

Mikhail Gorbachev və Eduard Shevardnadze

Amma nə olursa olsun, siyasətdə bütöv bir era bitmək üzrədir. Bəli, bir vaxt böyük siyasətin sükanını əlində saxlayan, tribunaları bəzəyən, millətlərin ümid yeri olan (bunu necə inkar edək?) insanlar əvvəlcə siyasətdən, indi də həyatdan gedirlər.

İKİNCİ ŞANS...

Tale sanki onlara iki dəfə şans vermişdi. Bir dəfə sovetlərə canişinlik etməklə onlar əslində böyük siyasətdə sözlərini demişdilər.

Bundan sonra dövrə və onların əməllərinə qiymət vermək qalırdı. Bu qiymətin necə olacağı bəlli idi. Bəli, yalnız tarixi məntiq hissini itirmişlər iddia edə bilərdilər ki, sovetlərin vaxtında həmin «birincilər» ölkələrinin müstəqilliyinə çalışır, hətta demokratiyanı inkişaf etdirirdilər...

Əslində məsələ tamam başqa cür idi. Ona görə ki, sovetin vaxtında onlar bir-iki beton bina tiksələr də daha çox öz millətlərinin binasını-istiqlaliyyət amalını sökənlər idi. Gələcək nəsillər də tarix dərsliklərində onların adı ilə rastlaşacağı halda ən yaxşı halda səhifəni çevirəcəkdilər.

Amma onlar bunun qarşısını ala bildilər, daha bir səhifə, daha bir şans açmağa müyəssər oldular. Hərçənd hələ də yəqinləşdirmək mümkün deyil ki, onlar bu şansı nə məqsədlə əldə etdilər: millət qarşısındakı səhvlərini düzəltmək üçün, yoxsa özlərinin hakimiyyət ehtiraslarını təmin etmək üçün?

EYNİ ADDA BİR NEÇƏ ADAM...

Amma eyni zamanda bir neçə Eduard Shevardnadze vardı. Almanlar üçün o, bir adam idi, gürcülər üçün tamam başqa, qeyriləri üçün isə tamam fərqli bir adam. Bunu da inkar etmək çətindir... Məsələn, almanlar Eduard Şevardnadze-ni Almaniyanın birləşməsində xüsusi rolu olan adam kimi dəyərləndirirlər. Hətta istefa verəndən sonra onu yaşamaq üçün Almaniyaya dəvət etmişdilər.

Gürcüstanda "qızılgül inqilabı" vaxtı

Gürcüstanda "qızılgül inqilabı" vaxtı

Sözsüz ki, Eduard Shevardnadze-nin fərqli cəhətləri vardı - bunu da etiraf etmək qalır. Bəlkə də bu Gürcüstanın fərqləri idi. İndi, bir xeyli keçəndən sonra belə bir etiraf etmək olar ki, bəlkə də Shevardnadze həqiqətən də Gürcüstanı xilas etməyə gəlmişdi...

Kim bilir? Axı meydanda insanların onun qarşısında diz çökdükləri vaxt da olmuşdu! Bunu necə xatırlamayaq?...

Elə istefa verəndə də o, çox da xalqının ziddinə getmədi. Hətta özündə güc tapıb «Bizim inqilab ən gözəl inqilab idi» deyə də bildi.

İnqilab isə həqiqətən də gözəl idi. Nahaq yerə adına «qızılgül inqilabı» demirdilər ki!... Adam özündən asılı olmadan, qeyri-ixtiyari olaraq Allahdan bu millətlərin zəhmətinin əvəzini verməyi diləmək istəyir. Bunu tamamilə səmimi deyirik.

Eduard Shevardnadze yerini öz nəslindən kiməsə vermək haqqında düşünmədi. Bəlkə istəsəydi o da bunu edə bilərdi. Ya da buna bənzər nəsə edərdi. Amma etmədi.

VƏTƏNİ VƏTƏN OLDUĞU ÜÇÜN SEVMƏK...

O, Gürcüstanı sevirdi. Bu sevgi bir siyasi əmtəəyə olan sevgi deyildi. O öz Gürcüstanını sadəcə, Gürcüstan olduğu üçün sevirdi. Vətəni sadəcə, vətən olduğu üçün sevə bilmək adamdan böyük mənəvi güc tələb edir. Ona görə ki, bütün insanlar - biz hamımız təmənnalıyıq, bəzən bizim sevgimizin kökündə hansısa təmənna dayanır... Bir də görürsən ki, özümüzdən çıxıb «Lazım deyil mənə belə Vətən!» də deyirik...

Özümüzə belə zəif anları bağışlayırıq. Amma digərlərinə bağışlamırıq. Bəli, istefa verəndən sonra Eduard Shevardnadze də gedib Avropada yaşaya bilərdi. Amma getmədi, Gürcüstanda qaldı. Yaxşı ki, gürcülərin də yetərincə müdrikliyi çatdı, onu çox çək-çevirə salmadılar...

O milli barışıq səmtində də addımlar atmağı bacardı. Hətta özünün və ətrafının birinci prezidentə - Zviad Gamsakhurdia-ya münasibətini də dəyişə bildi...

Ona görə də bizə bir söz demək qalır - həyatdan mürəkkəb bir adam getdi... Onu sevən də olacaq, unudan da, hətta bəlkə lənətləyən də... Siyasətdə başqa cür olmur, yalnız diktatorları hamı sevməyə borcludur, ona görə ki, hamıdan bu, tələb olunur...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

XS
SM
MD
LG