Keçid linkləri

-

Mətbuatımızın 139-cu ili arxada qaldı.

Gələn il yubileydir – 140 illik yubiley.

Düzü, mən mətbuat bayramının daha təmtəraqlı keçirilməsinin tərəfdarıyam.

Bu il sönük keçdi.

Zərdabinin ruhu bizi bağışlasın...

Bir-iki jurnalist mükafatı, radio-televiziyalarda çıxışlar və bəzi tanınmış şəxslərin jurnalistləri təbriki...

Sonuncu kefimi açdı.

Birinci əvvəlki qələbəliyini, şirinliyini, dadını itirib, sönükləşib.

Ortadakı heç olmasa yaxşıdır...

XOŞBƏXT SON...

Televiziyadakı bir çıxışa təsadüfən qulaq yoldaşı oldum. İş elə gətirdi ki, söhbətin əvvəlini, bir də sonunu dinlədim.

Təbii ki, söhbət Həsən Bəy Zərdabidən, onun «Əkinçi»sindən başladı və sonda jurnalistlərə dövlət qayğısıyla bitdi.

Jurnalistlərə verilən mənzillər, bünövrəsi qoyulan yeni bina, ölkədə azad sözə olan sayqı və s.

Aparıcı bu vəzifəli şəxsin «dərin və əhatəli çıxışını» üzünə o qədər təriflədi ki, qonaq məst oldu və sonda çıxışının şüarını bildirdi:

«Mən bütün jurnalistləri prezidentimizin ətrafında birləşməyə çağırıram!».

Və veriliş bu xoşbəxt sonluqla bitdi...

«QARABAĞIN GİRİŞİNDƏ – ZƏRDAB KƏNDİNDƏ...»

Əcəba, sevgili Həsən bəy bu çıxışı dinləsəydi, nə hisslər keçirərdi?

Azərbaycan mediasının indiki durumundan, jurnalistlərin həyat şəraitindən, ən əsası, onların yazdıqlarından, mövqeyindən, cəmiyyətə baxışından razı qalardımı?

Həsən bəy, sözün prinsipial mənasında, tərs və prinsipial adam olub.

O, yalan söyləməz və dediyini danmazdı.

Üstünə ilan salsan da, danmazdı.

İlanlar da nə qədər desən vardı...

Elə biri cənab Hadi Qarabaği.

O Hadi Qarabaği ki Həsən bəyə həcv yazmışdı və Həsən bəy Qarabağın girişində bir daş qoyub onun həcvini daşa qazdırmaq istəyirdi ki, gələcəkdə onun bu yolda necə nadanlara rast gəldiyini bilsinlər...

«SÜNNİ HƏSƏN...»

Həsən bəy istədiyini etməyi bacarırdı.

İlk qəzet, ilk teatr, ilk xeyriyyə cəmiyyəti, ilk məktəb, savadlı xanımla qurulan ilk ailə...

Düzdür, Həsən bəyin həyatı boyunca gerçəkləşdirə bilmədiyi şeylər qaldı...

Buna ömrü çatmadı. Amma o, tutduğunu buraxmazdı. Bu özəlliyinə görə, ona zarafatla «Sünni Həsən» deyənlər vardı. Onu heç nə ilə ələ almaq olmazdı!!! Nə mənzil, nə torpaq, nə pul, nə də bir qeyri tamah çəkən şeylər onun umurunda deyildi. O, belə şeylərin fövqündə duran adamdı!

ZƏRDABİ BİZƏ «DƏYİŞİN!» DEYİRDİ!

Bəli, bəli, hələ 139 il öncə Zərdabi bizə dəyişin deyirdi.

Onun əsas çağırışı, üsyanı bu idi.

Dəyişdikmi?

Rəhman Bədəlov demişkən, Zərdabidən danışarkən özümüzdən danışmırıqsa, heç danışmasaq yaxşıdır...

DAŞ YAZI

Və bütün bunlardan sonra Həsən bəy, Azərbaycan mediasının durumu bir yana, elə yuxarıda xatırlatdığım çıxışı dinləsəydi, sizcə nə söylərdi? Eynən həmin aparıcı kimi danışan şəxsi göylərə qaldırardımı? Reallığa göz yumardımı? Prezident kim olsa belə, hamını onun ətrafında birləşməyə çağırardımı?

Cavab gün kimi aydındır, xanımlar və cənablar!

Özünüzü yorub yarınma jurnalistikasına «Zərdabi ənənələri» deməyin, lütfən. Qoy o Böyük Kişi məzarında rahat yatsın.

DOLAYI GƏLMƏ!

Bir də, iyulun 22-də Fəxri Xiyabana gedərkən, lütfən, yolunuzu dolayı salmayın. Birbaşa Həsən bəyin məzarına baş çəkin. Bəlkə onda o Böyük Müəllim sizi bağışlaya bildi. Aparıcının dediklərinə inanmayın.

Çünki Qarabağın girişində – Zərdab kəndində qoyulan daşa hər şey necə var, o cür yazılacaq...

Daş yazılar pozulmaz!!!

Şərhləri göstər

XS
SM
MD
LG