Keçid linkləri

-

RUSİYA AZƏRBAYCANDAN CAVAB GÖZLƏYİR?

Diplomatiya heç də bütün dərdlərin çarəsi deyil. Diplomatiya da gücə söykənəndə təsirli olur. Amma Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-9-da Soçidə görüşəcəkləri haqda xəbər döyüş bölgələrində son günlərdə yaşanan narahatlığı azacıq da olsa səngitdi desək, izafi bir təhrifə yol vermərik.

Çoxdan idi ki, yüksək səviyyəli görüşlərə «stop» deyilmişdi. Azərbaycanın Xarici İşlər Nazirliyi bir neçə dəfə bəyanat yaymışdı ki, ölkə rəhbərliyi nəticəsiz görüşlərə can atmır. Çox güman ki, Ermənistan rəhbərliyini də elə bu bəyanatlar isterik vəziyyətə gətirmişdi.

Hərçənd ki, döyüş bölgələrində vəziyyətin başqa səbəbdən də gərginləşəcəyi uzun müddət idi ki, proqnozlaşdırılırdı. Avropa Birliyilə assosiasiya sazişini imzalamamaqla Azərbaycan rəhbərliyi Rusiyanın minimum tələblərini təmin etsə də Rusiya rəhbərliyi bu ölkədən növbəti addımı gözləyir - Azərbaycan da digər ölkələr kimi özünün Gömrük Birliyinə və Avrasiya İttifaqına birmənalı münasibətini açıqlamalıdır.

Danışıqların bərpa olunmasında Ermənistanın da maraqları var. Ermənistan üzücü, nəticəsiz danışıqlar prosesinin davam etməsində maraqlıdır.

Azərbaycanda düşünürlər ki, onların total mənada bloklara qoşulmamaq siyasəti Rusiyanı təmin etmək iqtidarındadır. Amma Rusiyada belə düşünürlərmi? Təbii ki, yox. Bunu bu ölkənin rəsmilərinin seyrək bəyanatlarından sezmək olar. Halbuki bir müddət bundan əvvəl Bakıda olan xarici işlər naziri Sergey Lavrov bildirdi ki, onun ölkəsi Azərbaycanı heç bir ittifaqa səsləmir. Amma bu, səmimilik həddindən uzaq bəyanat idi. Ən azı ona görə ki, Sergey Lavrov-dan əvvəl Azərbaycana baş çəkən Rusiya rəsmiləri tamam başqa sözlər deyirdilər...

Elə bu səbəblərdən də Rusiyadan Azərbaycana təhdidlərin olacağı gözlənirdi.

Rusiya bunu necə həyata keçirə bilərdi? Hətta yenicə siyasi proseslərə maraq göstərənlər də Rusiyanın təhdidlərinin bir ünvanını göstərirdilər - Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd bölgələr.

PREZİDENTLƏR GÖRÜŞSƏ...

Təsadüfi deyil ki, ölkə bir neçə gün gərgin döyüş anları yaşadı. Elə həmin bu günlərdə də xəbər verildi ki, prezidentlərin avqust ayında görüşəcəyi istisna olunmur...

Danışıqların bərpa olunmasında Ermənistanın da maraqları var. Ermənistan üzücü, nəticəsiz danışıqlar prosesinin davam etməsində maraqlıdır. Bunun bir neçə səbəbi var. Onlardan ən başlıcası da odur ki, bu danışıqlar Azərbaycanı perspektivsiz diplomatik labirintdə saxlayır.

22 ildir ki, Minsk Qrupu təsis edilib və 22 ildir ki, danışıqlar davam edir. Amma ortalıqda heç bir nəticə yoxdur. Səbəbi də aydındır. «İkili standartlar» ifadəsini sevməsək də, bəzi ərazi münaqişələrinə tətbiqən onların reallığını inkar etmək olmur.

Özünüz fikir verin. Son günlərdə atəşkəs əsasən Dağlıq Qarabağdan uzaqda, Ermənistanla həmsərhəd olan digər bölgələrdə pozulurdu. Bəs buna dünya ölkələrinin reaksiyası necə oldu? Onlar ümumi ifadələrlə kifayətləndilər və hər iki ölkəni atəşi dayandırmağa çağırdılar...

Bakı ümid edir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı və Ermənistanın geriləməsi sonuncunu vadar edəcək ki, işğalçılıq siyasətindən konstruktiv bir siyasətə keçsin. Amma bu olacaqmı?

Bütün bu proseslərə baxanda adamın ağlına bir fikri gəlir. Ümid yaxşıdır, gəl, ümid qədər də insanı dolaşdıran, onu fəaliyyətdən saxlayan ikinci bir şey yoxdur. Bəli, rəsmi Bakı hələ də ümid edir...

ÜMİD ETMƏK YAXŞIDIR, AMMA...

Bakı ümid edir ki, Rusiya nə vaxtsa üzünü Azərbaycana tərəf çevirəcək və Azərbaycan ərazilərinin işğalının arxasından çəkiləcək. Amma olacaqmı bu? Güman etmirik. Müxtəlif dönəmlərdə Rusiya Azərbaycandan torpaqlar qoparıb və onları qaytarmayıb, əksinə Ermənistanın tərkibinə qatıb...

Bakı ümid edir ki, Azərbaycanın sosial-iqtisadi inkişafı və Ermənistanın geriləməsi sonuncunu vadar edəcək ki, işğalçılıq siyasətindən konstruktiv bir siyasətə keçsin. Amma bu olacaqmı? Düşünmürük. Ona görə ki, çox kasıb, amma militarist ölkələr var bu dünyada. Şimali Koreyada az qala acından ölürlər, amma öz siyasətlərindən əl çəkmirlər...

Bəs nə etməli? Belə bir halda hansı siyasəti aparmalı? Güclənməyin və güclü dövlətə çevrilməyin alternativini fikirləşmək çətindir. Bəzən belə fikrilər səslənir ki, Azərbaycanın silahlanmasına ehtiyac yoxdur, o, nə qədər silahlansa da, Rusiyaya çata bilməz, Azərbaycan ərazilərinin işğalının arxasında isə məhz Rusiya dayanır. Bu fikirdə həqiqət olsa da, ümumilikdə götürəndə o, çox xoşagəlməz bir tendensiyaya çevrilə bilər. Rusiya bir neçə dəfə azərbaycanlıları yaxşı silahlanmış və mütəşəkkil erməni dəstələri ilə üzbəüz qoyub...

Elə bu son günlərdə də belə oldu.

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG