Keçid linkləri

-

RUSİYA LAP FİQARO KİMİ...

Azərbaycanla Ermənistan arasında bir neçə gündür davam edən hərbi insident əslində çox şeylərin sınağıdır. Hər şeydən əvvəl deyirlər ki, bu iki keçmiş sovet ölkəsi arasındakı hərbi qovğa Rusiya-Qərb qarşıdurmasının təzahürüdür.

Belə ki, Ukraynanın şərqində baş verən proseslərdə daha fəal iştirak edə bilməyən Rusiya Qafqazda bunun əvəzini çıxmağa çalışır. Nə demək olar? Rusiyanın problemə hədsiz dərəcədə sakit, bir az da etinasız yanaşması sözsüz ki, müəyyən şübhələr yaradır. Təsadüfi deyil ki, ən rusiyapərəst təhlilçilər belə son proseslərdə məhz bu ölkənin izini görürlər.

Məsələyə bir az da dərindən varsaq, yaxın vaxtlarda Fransa prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan prezidentləri görüşməli idi. Amma bu günlərdə bəlli oldu ki, prezidentlər ehtimal ki, avqustun 8-9-da, özü də Soçidə görüşəcəklər.

Təhlilçilər bunu Rusiyanın təşəbbüsü əlinə almaq cəhdi kimi yozdular. Prinsipcə, bu yanaşma ilə razılaşmaq olar. Rusiya çox mühüm mərhələdə, Avrasiya İttifaqının formalaşması mərhələsində Qarabağ probleminin cilovlarını əlinə yığmağa çalışır...

Amma Azərbaycan rəsmiləri görüşlə bağlı bir o qədər də nikbin deyildir. Onlar yenə də belə bir fikri vurğulayırlar ki, Azərbaycan nəticəsiz görüşlərə bir o qədər də maraq göstərmir.

​Amma İlham Əliyev avqustun 6-da döyüş bölgələrinə etdiyi səfər zamanı bir sıra siyasi mesajlar verdi. O, beynəlxalq birliyin məsələyə hələ də passiv münasibət göstərməsini, onun «nə hərb, nə də sülh» vəziyyətini saxlamaq istəməsini kəskin tənqid etdi

O, bildirdi ki, bəziləri problemə dondurulmuş münaqişə kimi baxmaq istəyir, amma Azərbaycan bu münaqişəni dondurulmuş hesab etmir və öz torpaqlarını geri istəyir.

İlham Əliyev bildirdi ki, Azərbaycan öz torpaqlarını hərb yolu ilə qaytarmaq iqtidarındadır, amma hələ də danışıqlar prosesinə ümidlə yanaşır. O bildirdi ki, belə danışıqlardan biri də elə bu yaxınlarda olacaq.

Güman etmək olar ki, prezident bununla məhz Soçi görüşünü nəzərdə tuturdu. Amma Soçi görüşünə cəmi bir-iki gün qalsa da İlham Əliyev bilavasitə onun adını çəkmədi. Bu isə onu deməyə əsas verir ki, görüşlə bağlı rəsmi Bakının hələ müəyyən tərəddüdləri var.

Təbii ki, Rusiyada və Ermənistanda belə düşünmürlər, onlar Azərbaycan prezidentini Ermənistan prezidentilə bir masa arxasına gətirməyə çalışırlar. Bu, artıq qeyd etdiyimiz kimi, Rusiya üçün xüsusi önəm kəsb edir – bu ölkə indi keçmiş SSRİ ərazisindəki etnik münaqişələrin arxitektoru, Ukraynanın şərqindəki proseslərin əsas iştirakçılardan biri kimi qınanır və ona qarşı sanksiyalar tətbiq olunur...

Bu, faktiki olaraq diplomatik izolyasiya deməkdir. Rusiyada bunu görür və bərk təlaş keçirirlər. Amma onlar Azərbaycan və Ermənistan prezidentlərini bir araya gətirə biləcəklərmi?

Bax, bunu demək çətindir. Hər halda, təklif edilmiş tarixə çox qalmayıb, sabah görüş olmalıdır. İstisna deyil ki, o başqa bir tarixə də keçirilə bilər. Amma onun, ümumiyyətlə, baş tutub-tutmaması daha önəmli məsələdir - ilk baxışda vaxt məsələsi bir o qədər də mühüm deyil...

PREZİDENTLƏRİN GÖRÜŞÜ NƏ VERƏ BİLƏRDİ?

Amma döyüş bölgələrindəki vəziyyət başqa bir qənaəti diktə edir - belə hərbi qarşıdurma davam edəcəyi təqdirdə itkilər daha da arta bilər...

Bu görüş nə verə bilərdi? Düşünürük ki, münaqişə qismən də olsa səngiyərdi. Kəmiyyətindən asılı olmayaraq hər iki tərəf üçün insan tələfatı bir o qədər də az narahatlıq doğurmur - heç bir hakimiyyət istəməz ki, onun vaxtında evlərə tabutlar gətirilsin...

Həm də əvvəldə dedik ki, bu hadisələr çox şey üçün sınaqdır. Azərbaycanda deyirlər ki, hərbi büdcə az qala Ermənistanın tam büdcəsinə çatıb, Azərbaycan öz hərbi potensialına görə Qafqazda birinci ölkədir.

Ermənistana gəldikdə isə, bu ölkənin dərin sosial-iqtisadi böhran keçirdiyi, onu bir ildə tərk edənlərin sayının yüz minlərlə nəfərə çatdığı bildirilir...

Azərbaycanda hamı buna inanmaq istərdi. Amma Ermənistan ordusu bütün deyilənlərə rəğmən o qədər də zəif görünmür və təbii ki, sual yaranır: hanı o böyük büdcəli ordu?

Əslində hərbi teatrda kəskin fərqlər hiss edilməli idi. Amma onlar yoxdur.

Bir neçə dəfə yazılıb, deyilib ki, Ermənistan özünün hərbi büdcəsinin azlığını həmişə Rusiyanın hesabına kompensasiya edir - Azərbaycanın böyük xərclərin hesabına əldə etdiyi müasir silahları Ermənistan Rusiyadan pulsuz-parasız alır...

AZƏRBAYCANIN DİPLOMATİK RESURSLARI...

Ona görə də düşünmürük ki, indiki vəziyyətdə müharibə ən düzgün çıxış yolu hesab edilə bilər. Təbii ki, güclü müdafiə təmin edilməlidir. Amma Azərbaycanın diplomatik kanalları da var. Bu ölkə hələ BMT TŞ-nın qeyri-daimi üzvüdür, ATƏT-ə sədrlik edir.

Deyirlər ki, beynəlxalq ictimaiyyət məsələyə reaksiya vermir. Amma kim bu reaksiyanı təmin etməlidir? Gileylənməkdənsə, ölkələri toplayıb onların bəyanatlarını səsləndirmək lazımdır...

Ona görə də belə nəticəyə gəlmək olar ki, diplomatik resurslar hələ tükənməyib. Azərbaycan özünün maddi üstünlüklərini bu istiqamətdə də sınaya bilərdi. Azərbaycanın Ermənistandan varlı olması ona imkan verir ki, daha çox ölkədə səfirliklər açsın, xarici siyasətə daha çox vəsait xərcləsin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir

Şərhləri göstər

XS
SM
MD
LG