Keçid linkləri

-

GÖYDƏN ÜÇ ALMA DÜŞDÜ...

Cari siyasi həftənin öz yekununa yaxınlaşması bizi onun indi əsas hadisələrindən birinə-bir daha Türkiyədəki prezident seçkilərinə diqqət ayırmağa vadar etdi. Bəlli olduğu kimi avqustun 10-da müsəlman dünyasının lideri olan Türkiyə öz tarixində ilk dəfə olaraq ümumxalq prezident seçkisi keçirəcək.

Kimi bu seçkinin nəticələrinin artıq bəlli olduğunu deyir, kimi də seçkidə siyasi sürprizlər yaşana bilməsini iddia edir-bir sözlə, bu seçkiyə maraq var və o, həftəsonu üçün əsas siyasi hadisələrdən biri kimi diqqətdə olmağa layiqdir.

Ölkə üç namizəddən birini prezident seçməlidir. Onları bir daha təqdim etməyə bəlkə də ehtiyac yoxdur, namizədlər bir müddətdir ki, siyasi kampaniya aparır və Türkiyə televiziyaları da bu prosesi bəzi ölkələrdən, elə o cümlədən də Azərbaycanda olduğundan fərqli olaraq ətraflı şəkildə işıqlandırır.

Bəlkə də bu ölkədə keçirilən seçkinin də önəmi bundadır. Burada seçkilər digər müsəlman ölkələrində, məsələn, İranda olduğu kimi irəlicədən hansısa siyasi arqumentlərlə məhdudlaşdırılmır və yaxud da Pakistanda olduğu kimi radikal siyasi müdaxilələrlə müşayiət olunmur. Seçki Avropa ölkələrində necə keçirsə, Türkiyədə də elə cərəyan edir. Bu, bəlkə də Türkiyəni əsl Avropa ölkəsi hesab etmək üçün əsas və yeganə meyardır...

Təbii ki, siyasi təhlilçilərin böyük hissəsi əsas namizədlərdən birinin - Recep Tayyip Erdoğan-ın şanslarını yüksək qiymətləndirir. Amma bu şanslar bəzi MDB ölkələrində, eləcə də Azərbaycanda tez-tez baş verdiyi kimi sırf inzibati resurslar hesabına formalaşmır-baş nazir digər namizədlərlə bərabər mübarizə aparır, üstəlik, ölkədə seçki prosesi o qədər şəffaf həyata keçirilir ki, ona hansısa məmur müdaxiləsindən danışmaq tamamilə yersizdir...

Bu seçkinin önəmi təkcə onun ilk dəfə olaraq ümumi və bərabər əsaslarla keçməsində deyil. Seçkinin nəticəsindən asılı olaraq ölkədə siyasi islahatlar bu və ya başqa istiqamətdə davam edə bilər.

Ekmeleddin İhsanoğlu

Ekmeleddin İhsanoğlu

Hətta istisna deyil ki, indiki baş nazirin prezident seçiləcəyi təqdirdə ölkə tamamilə prezident üsul-idarəsinə doğru addımlasın. Digər əsas namizədə və onun bu xüsusdakı siyasi platformasına gəldikdə isə Ekmeleddin İhsanoğlu bu xəttin əleyhinə olduğunu və ölkə üçün ən optimal siyasi idarə üsulunun parlament respublikası olduğunu bildirib.

YAXŞI ALİMDİR, AMMA...

Burada çox maraqlı bir detalı qeyd etmək yerinə düşər. Ekmeleddin İhsanoğlu mühafizəkar yönümlü siyasi lider kimi təqdim edilsə də və elə müxalifət onun namizədliyini məhz buna görə irəli sürsə də, onun platforması ilə yaxından tanışlıq bu adamın çox mütərəqqi siyasi lider olduğunu deməyə əsas verir.

O, ölkədə siyasi-ideoloji qarşıdurmanın kəskinləşməsindən narazılığını bildirir, indiki baş nazirin dövründə cəmiyyətdə mühafizəkarlığın artmasından gileylənir.

Təbii ki, Ekmeleddin İhsanoğlu-nun digər namizədlərlə müqayisədə üstün cəhətləri olduğu kimi zəif tərəfləri də var. O, digər namizədlərlə - Recep Tayyip Erdoğan və Selahettin Demirtaş-la müqayisədə uğurlu elmi karyera sahibi olsa da, ölkədə bir o qədər də yaxşı tanınmır. Üstəlik, onun liderlik keyfiyyətləri də müəyyən qədər şübhə yaradır. Bu adamın seçki kampaniyasını da o qədər də uğurlu hesab etmək olmaz.

Kürdəsilli elektorata söykənən Selahettin Demirtaş kimi onun da dindar elektorat arasında ciddi dəstək tapacağı güman olunurdu. Amma ilk siyasi və ictimai təmaslar bunu şübhə altına aldı. Hətta məlum oldu ki, türkiyəli şiələr-ələvilər Ekmeleddin İhsanoğlu-na səs vermək niyyətində deyillər...

Türkiyədə seçkilər - 2010

Türkiyədə seçkilər - 2010

AFİNADA SİYASƏTÇİLƏRİ NİYƏ SÜRGÜN EDİRDİLƏR?

Təbii ki, bütün qiymətləndirmələr Recep Tayyip Erdoğan-ın şanslarının çox yüksək olduğunu deməyə əsas verir. Elə ölkədə aparılan ictimai və sosioloji rəy sorğuları da bunu təsdiqləyir. Hətta bəzi qiymətləndirmələrə görə, indiki baş nazir səslərin 57 faizinə sahib olacaq...

Amma Recep Tayyip Erdoğan çox iddialı siyasətçidir. Onun siyasi nüfuzunun çox olması bəzən mənfi qərarlara da yol aça bilir. Yəqin ki, sosial şəbəkələrlə bağlı proses oxucuların və dinləyicilərin yadındadır. O vaxt Türkiyə məhkəməsi bu ölkənin demokratik bir ölkə olduğunu sübut etdi. Amma Recep Tayyip Erdoğan-a qalsaydı bəlkə də Türkiyə ictimaiyyəti sosial şəbəkələrə çıxışdan məhrum olacaqdı...

Bəzən siyasətdə izafi nüfuz və xarizma avtoritarizmə yol açır. Bunu insanlar hələ Afina demokratiyası zamanı hiss etmişdilər - həddən çox ictimai nüfuza və xarizmaya malik şəxsləri bir müddətə Afinadan sürgün edirdilər...

Təbii ki, indi Afina dövrü deyil. Amma avtoritarizm təhlükəsi həmişə realdır, yetər ki, cəmiyyət siyasi sayıqlığını itirsin...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG