Keçid linkləri

-

BU, ƏSL SEÇKİ İDİ...

Bədbin proqnozlar özünü doğrultmadı. Seçkinin elə birinci turunda növbəti beş il üçün kimin Türkiyəyə prezidentlik edəcəyi məlum oldu. İndi artıq seçki və onun gedişi ilə bağlı bütün təfərrüatlar hamıya bəllidir.

Bundan sonra tamam başqa suallar maraq kəsb edir. Ölkə bu beş ildə hansı istiqamətdə inkişaf edəcək? Onu hansı siyasi islahatlar gözləyir? Böyük siyasətdə tandem məsələsi bitdi, yoxsa onun elə Rusiyada olduğu kimi növbəti mərhələsi olacaq?

İndi sakitcə bu suallara cavab verməyə çalışmaq lazımdır. Amma bəzi məqamların üzərində ötəri də olsa dayanmağa dəyər. Seçkidə baş nazir Recep Tayyip Erdoğan-ın qalib gəlməsi gözlənilməz olmadı, seçki ərəfəsi hər şey bunun belə olacağını deməyə əsas verirdi.

Müxalifət liderləri seçkinin yekununda tənqidi ruhda çıxışlar etsə də seçkinin gedişinə kölgə salmaq iqtidarında olan bircə ciddi arqument səslənmədi, hər şey qaydasında olmuşdu.

Əslində Ekmeleddin İhsanoğlu-nun namizədliyini irəli sürməklə əsas müxalifət partiyalarının liderləri özlərinin Erdoğan qarşısında aciz olduqlarını etiraf etmişdilər.

Ekmeleddin Ihsanoğlu

Ekmeleddin Ihsanoğlu

Amma Ekmeleddin İhsanoğlu ən yüksək təriflərə layiqdir. Ona görə ki, əvvəl siyasətdə təmsil olunmamasına rəğmən, o, cəmi bircə ay ərzində təxminən 40 faizlik nəticə ilə seçkini başa vurdu.

Erdoğan-ın qələbəsi təəccüblü deyil. O, on ildən artıqdır ki, seçkilərlə məşğuldur, böyük seçkilərdən birini – bələdiyyə seçkisini lap bu yaxınlarda başa vurmuşdu. Amma bu miqyasda seçkidə iştirak etmək İhsanoğlu üçün yenilik idi. Daha çox ölkə xaricində çalışmış və siyasətçidən daha çox diplomat olan bu adam cəmi bircə ay ərzində bu uğura - təxminən 40 faizlik nəticəyə imza ata bildisə, bunu yalnız alqışlamaq və təqdir etmək olar.

On aydan sonra Türkiyədə parlament seçkiləri olacaq. Qətiyyətlə demək olar ki, bu seçkidə İhsanoğlu-nun mandatı artıq hazırdır. Güman ki, namizədliyini irəli sürəcəyi təqdirdə o, ən uğurla çıxış etmiş parlamentarilərdən biri olacaq...

ON AYDAN SONRA ÇOX ŞEY BİLİNƏCƏK...

Bu seçkinin önəmi bütövlükdə Türkiyənin siyasi həyatı, o cümlədən elə Recep Tayyip Erdoğan-ın özü üçün də az deyil. Bir çox sualların cavabı məhz on aydan sonra keçiriləcək parlament seçkilərində veriləcək.

Erdoğan nominal prezident statusu ilə razılaşacaq, yoxsa prezidentin səlahiyyətlərini genişləndirməyə çalışacaq? Hökumətə kim başçılıq edəcək və biz Türkiyə siyasətində tandemin daha bir gedişinin şahidi olacağıqmı? Ölkə özü hansı səmtdə inkişaf edəcək? Parlament üsul-idarəsi qalacaq, yoxsa o prezident üsul-idarəsi ilə əvəz olunacaq?

Suallar, suallar... İndi onlara verilən hər bir cavab uzağı ölkənin on aylıq siyasi həyatını əhatə edə bilər. Təbii ki, bu on ayda Recep Tayyip Erdoğan prezidentin məhdud səlahiyyətlərilə hesablaşmalıdır. Bu on ayda kimsə hökumətə başçılıq etməlidir. Bu on ayda ölkə özünün siyasi həyatının bəlkə də ən önəmli mərhələlərindən birinə - 2015-ci ildə keçiriləcək parlament seçkisinə hazırlaşmalıdır...

İNDİ İSƏ SADƏCƏ KEÇİD DÖVRÜDÜR...

Tərəfdarları Recep Tayyip Erdogan-ın qələbəsini qeyd edir

Tərəfdarları Recep Tayyip Erdogan-ın qələbəsini qeyd edir

Bu on aylıq dövrü isə şərti olaraq keçid dövrü adlandırmaq olar. Ola bilsin, hələ bir çox məsələlər ciddi şəkildə götür-qoy edilməlidir. Nə qədər böyük nüfuz sahibi olsa da, ölkədə heç də hər şey Erdoğan-ın iradəsi ilə həll olmur.

Amma parlament seçkisində qələbə ona su və hava kimi lazımdır. Məhz bu seçkinin nəticələri onun gələcək planlarını müəyyən edəcək...

İndi isə hələlik o, təbrikləri qəbul etməklə məşğuldur. Türkiyədə elektorat bəlkə də düşünür ki, onun timsalında proqnozlaşdırıla bilinən siyasətçini tapıb. Təbii ki, Erdoğan-ın baş nazir postunda olduğu müddət müəyyən qədər bu fikri təsdiq edir.

Amma bir müşahidəçi kimi öz tərəfimizdən qeyd edək ki, Erdoğan avtoritarizmə meylli siyasətçidir. Bir neçə seçkidə bir-birinin ardınca qələbə çalmaq onda bu hissi daha da gücləndirə bilər.

Amma Türkiyə demokratik ölkədir. Burada müxalifət var, mətbuat, televiziya var. Seçkidən sonrakı bəzi təhlilləri dinlədik. Nə demək olar? İnsanlar düşündüklərini deyə bilirlər. Bunun özü ölkənin gələcəyinə ümidlə baxmağa sövq edir - güman ki, hər şey qaydasında olacaq...

Demokratiya da təkmilləşməlidir. Amma parlament üsul-idarəsi heç də ən pis üsul-idarə deyil, bəlkə də əksinə, ən yaxşısıdır. Fəqət, nə etmək olar? Ölkənin taleyini onun vətəndaşları həll edir. Türkiyə vətəndaşlarının isə bu şansı var...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG