Keçid linkləri

-

DÜNYA BİRLİYİ NƏSƏ EDƏ BİLƏRDİMİ?

Əslində sual bəlkə də ritorikdir. Ona görə ki, hər şey göz önündədir - siyasi atmosfer o qədər ağırdır ki, adama elə gəlir hakimiyyət tamamilə uzurpasiya edilib, qeyri-müəyyən müddətə siyasi hüquq və azadlıqlar yasaq edilib, yaxud da ki, kəskin şəkildə məhdudlaşdırılıb...

Diqqətin qeyri-hökumət təşkilatlarına, hüquq-müdafiə fəallarına yönəldiyi dönəm bəlkə də qəribə görünür. Amma bəri başdan deyək ki, məqam uğurlu seçilib - indi dünyanın başı Ukraynada, Yaxın Şərqdə baş verən proseslərə qarışıb.

Elə bölgənin özündə də gərgin vəziyyət hökm sürür. 20 illik atəşkəs rejimindən sonra tərəflər Azərbaycan və Ermənistan ya döyüş bölgələrində arabir, seyrək pozulan sükutdan bezdiklərindən, ya da hansısa daxili və xarici problemi yoluna qoymaq istədiklərindən atəşkəs rejiminin imkan verdiyi gərginlik çərçivələrindən ciddi şəkildə kənara çıxıblar, hətta bir-birini və dünyanı müharibəni yenidən alovlandırmaqla hədələyirlər....

Təbii ki, bəzi sovet şairləri kimi «Ağcaqum çölündə qatar düz gedir, Piter fəhləsindən xəbərsiz gedir!» deyəcək səviyyədə də sadəlövh deyilik. Demirik ki, əgər sadalanan proseslər olmasaydı dünya birliyi bir dirijor çubuğunun hərəkəti ilə son günlərdə Azərbaycanda baş verən prosesləri, ictimaiyyət fəallarına qarşı təzyiqləri dayandırardı.

İndi bütün QHT liderləri sanki «iynə üstündə» oturublar, çünki onların hamısına qarşı bir iş düzüb-qoşmaq mümkündür...

Yox, bu qədər də sadəlövh deyilik, amma adi vaxtlarda baş verən hadisələrə reaksiya özünü çox da gözlətmirdi...

21 İLİN ACI TƏCRÜBƏSİ...

21 il az dövr deyil. Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu bu müddət ərzində onun siyasi taktikası, siyasi davranış qaydaları haqqında bir qənaət əldə etməmək mümkün deyil, adam özü öyrənməsə də illər ona nəyisə öyrədir.

Əvvəllər də siyasi partiyalara, mətbuata, qeyri-hökumət təşkilatlarına qarşı basqılar olub. Əslində nəyin dünən yox, məhz bu gün baş verməsi də təsadüfi deyil. Əvvəllər qeyri-siyasi təzyiq qrupları, hətta silahlı dəstələr vardı. Hakimiyyət üçün onların zərərsizləşdirilməsi daha önəmli idi. Daha sonra siyasi partiyaların növbəsi gəldi. O vaxt mətbuat düşündü ki, onun hakimiyyət iddiası yoxdur, hakimiyyətin problemi isə yalnız siyasi partiyalarladır.

Bundan sonra mətbuatın növbəsi yetişdi - çox populyar qəzetlərin bağlandığı, jurnalistlərin sorğu-suala tutulmaq üçün müvafiq strukturlara aparılıb-gətirilməsi dövrü başlandı.

O vaxt QHT liderləri də düşündü ki, onların, ümumiyyətlə, hakimiyyət iddiası yoxdur və daha çox maarifçilik işləri ilə məşğul olduqlarından hakimiyyət onlara heç vaxt toxunmayacaq...

Amma budur, onların da növbəsi çatdı – indi bütün QHT liderləri sanki «iynə üstündə» oturublar, çünki onların hamısına qarşı bir iş düzüb-qoşmaq mümkündür...

QEYRİ-MƏHDUD HAKİMİYYƏTƏ DOĞRU...

Bəs bütün bunlar niyə görə edilir? Niyə görə siyasi sistem gündən-günə sərtləşir? Əslində bütün bu sualların bir cavabı var: bu təqiblər qeyri-məhdud hakimiyyətə yiyələnmək, ona nail olmaq üçün edilir...

Qonşu Türkiyədə meydana çıxan «nurçu» məsələsi isə hakimiyyətdə onsuz da zəif təmsil olunan gəncliyin üzərinə bir az da şübhə kölgəsi sərdi. İndi bir adamdan söhbət gedəndə dərhal qayıdırlar ki, «O, nurçu deyil ki?...»

Əvvəllər müxalifət düşərgəsində yaranmış bölgünü hakimiyyət düşərgəsinə şamil edən bəzi optimist təhlilçilər hakimiyyətdə də «mühafizəkar» və «islahatçı» axtarırdılar. Bu 21 ildə hakimiyyətdə kifayət qədər mühafizəkar tapdıq, amma islahatçı tapa bilmədik. İslahatçılar ya ümumiyyətlə yox idilər, ya da o qədər az və zəif idilər ki, onları hakimiyyətin yüksək eşelonunda görmək mümkün olmadı.

Buna rəğmən isə, bu son illərdə mühafizəkarlar öz mövqelərini kifayət qədər möhkəmləndirdilər. Son vaxtlarda bir neçə təyinat isə bunun nümayişkaranə təqdimatı oldu - peşəsi yalnız müxalifətə qarşı danışmaq olan bir neçə partiya funksionerləri yüksək vəzifələrə təyinat aldılar...

Qonşu Türkiyədə meydana çıxan «nurçu» məsələsi isə hakimiyyətdə onsuz da zəif təmsil olunan gəncliyin üzərinə bir az da şübhə kölgəsi sərdi. İndi bir adamdan söhbət gedəndə dərhal qayıdırlar ki, «O, nurçu deyil ki?...».

Elə indi baş verən proseslərdə də mühafizəkar detalları sezməmək - qeyri-mümkündür, Qərbin başının Ukrayna və Yaxın Şərq məsələlərinə qarışdığı və Azərbaycanla Ermənistana «Siz Allah, heç olmasa, sakit durun, görək, neyləyirik?!» deyilən vaxtda Rusiyadan mənəvi dəstək alan mühafizəkarlar bir qədər də «vintləri» bərkitmək fikrinə düşüblər...

Bərkidəcəklərmi? Təbii. Amma qısa bir müddətə. Bu müddət beş il də çəkə bilər, hətta on il də olar, amma əbədi ola bilməz. Ona görə ki, zamanın səmt küləyi də şıltaqdır, o, Xəzri deyil, yalnız bir istiqamətdə əsmir...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG