Keçid linkləri

-

ÜMİDLİ İDİLƏR, AMMA...

Bəlkə də Ukrayna-Rusiya münasibətlərinin ən gərgin çağında prezidentlər görüşməsəydi indi üç qonşu ölkənin - Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə nazirlərinin Naxçıvandakı görüşü bu qədər maraq kəsb etməzdi.

...nazirlərin görüşünün prezidentlərin görüşünün davamı olduğu zənn edilirdi

Amma indi maraq vardı. Ona görə ki, birincisi, nazirlərin görüşünün prezidentlərin görüşünün davamı olduğu zənn edilirdi.

İkincisi, görüş ciddi bir vaxta - Azərbaycanla Ermənistanın münasibətlərinin gərgin çağına təsadüf etmişdi.

İki ölkənin narahatlığını, bir ölkənin isə nisbi soyuqqanlılığını başa düşmək mümkündür. İki ölkə deyəndə Azərbaycanla Gürcüstanı, bir ölkə deyəndə isə Türkiyəni nəzərdə tuturuq.

Bakı ilə Tbilisi etibarlı təhlükəsizlik çətiri axtarır. Elə nazirlərin görüşünə diqqət kəsilənlər də onu başa düşmək istəyirdilər ki, görəsən, hansısa gələcək hərbi-siyasi ittifaqın konturları görünmür ki?

...bəzən elə olur ki, hətta bir görüş də qarşı tərəfə «soyuq duş» kimi təsir edə bilir

Əvvəldən bu məsələdə bir o qədər də optimist olmadığımızdan nazirlərin görüşünə daha çox hərbi diplomatiyanın bir jesti kimi baxırdıq - bəzən elə olur ki, hətta bir görüş də qarşı tərəfə «soyuq duş» kimi təsir edə bilir.

Prezidentlərin görüşü lap məqamında olmuşdu. Bu, Rusiyaya bir işarə idi ki, Qafqazda ciddi bir narahatlıq var. Amma həmin görüşdə daha sıx əməkdaşlığa işarə olsa da, hər hansı bir qurumun yaradılacağı, hansısa müqavilənin imzalanacağı haqda söhbət olmamışdı. Ona görə də nazirlərin görüşünə cari məsləhətləşmə kimi baxırdıq. Məsləhət üçün isə kifayət qədər predmet var.

HAKİMİYYƏT DƏ YADDAN ÇIXMIR...

Demirik ki, Azərbaycanda və hətta Gürcüstanda indi elə böyük bir narahatlıq var ki, o, hərbi-siyasi məsləhətləşmələri həddən ziyadə zəruri edir.

Yox, Azərbaycanda da, Gürcüstanda da cari siyasət öz axarındadır.

Qonşu Gürcüstanda az qala hər gün eks-prezident Mikheil Saakashvili-yə və onun silahdaşlarına cinayət işi açılır, Azərbaycanda isə onsuz da bərkimiş siyasət «vint»lərini bir az da bərkitməklə, ölkədə son demokratiya nişanələrini də qapatmaqla məşğuldurlar.

Amma kim bilir? Bəlkə elə bunlar da Rusiyaya yönəlik siyasətin bir elementidir? Düzdür, Avropa Birliyilə Assosiasiya Sazişini payızda imzalamağı planlaşdıran Gürcüstan Rusiyanın təzyiqlərindən ehtiyat edərək bu prosesi bir qədər irəli çəkdi. Elə indi də Gürcüstanın siyasətində elə bir çalar yoxdur ki, bunu birmənalı şəkildə Rusiyaya doğru istiqamətlənmə kimi yozaq...

Amma nə etməli? Axı, Rusiya Rusiyalığında qalır və region əlavə təhlükəsizlik təminatı ala bilmir

Amma Gürcüstanın böyük narahatlığı var. Sentyabr ayına, NATO-nun Uelss sammitinə çox qalmayıb. Artıq Tbilisidə başa düşürlər ki, bu sammitdən ciddi bir şey gözləməyə dəyməz. Amma nə etməli? Axı, Rusiya Rusiyalığında qalır və region əlavə təhlükəsizlik təminatı ala bilmir.

Türkiyə bu iki dövlətin-Azərbaycanın və Gürcüstanın hər birindən qat-qat güclü və stabil ölkədir. Amma Türkiyə geosiyasət sahəsində arxitektor deyil. O olsa-olsa, hansısa bir geosiyasi arxitekturanın mühüm elementi ola bilər.

Amma tək özü hələ təşəbbüskar rolunda çıxış etməyə hazır deyil...
Azərbaycanda bunun fərqindədirlər, onlar Türkiyədən yalnız diplomatik impuls almağa ümidlidirlər.

Bəs Bakıda nəyə emid edirlər? Nə qədər qəribə olsa da, Bakı özünün ehtiyatlı siyasətinə arxayındır - burada nə Avropa Birliyi, nə də NATO haqqında düşünmürlər. Onları daha çox öz problemləri qayğılandırır. Bilirlər ki, Qərbdə İlham Əliyevin manevrləri heç də həmişə birmənalı qarşılanmır.

Amma onu da bilirlər ki, Qərb hələ də İlham Əliyevə və onun komandasına dözümlü münasibət göstərməyə məcburdur, əks təqdirdə Azərbaycan da Avrasiya İttifaqında və Gömrük Birliyində yer alar.

Qərb hələ də İlham Əliyevə və onun komandasına dözümlü münasibət göstərməyə məcburdur, əks təqdirdə Azərbaycan da Avrasiya İttifaqında və Gömrük Birliyində yer alar

Bakıda eyni zamanda onun da fərqindədirlər ki, indi siyasətdə «stavka»lar o qədər yüksəkdir ki, daxildə müəyyən «profilaktika» işləri aparmaq, hakimiyyətlərini bir az da zərərsiləşdirə bilərlər...

TÜRKİYƏDƏ İSTƏYİRLƏR, AMMA...

O ki qaldı Türkiyəyə, bir daha deyək ki, təbii, Türkiyədə çox istəyirlər ki, Azərbaycan da, Gürcüstan da öz müstəqilliyini bir az da möhkəmləndirsin. Amma yenə də qeyd edirik ki, Türkiyənin ən böyük dəstəyi diplomatiyadır.

Sözsüz ki, bu, da kiçik dəstək deyil. Vaxt olub ki, bu iki dövlətin hər iksi - Azərbaycan da, Gürcüstan da bir cümləlik bəyanata möhtac olub. Düzdür, indi o vaxtlar deyil, amma dünya da çox dəyişməyib – əsl böyük dəyişikliklər üçün böyük də vaxt lazımdır...

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir.

Şərhləri göstər

XS
SM
MD
LG